Qədim yunan freskası sünü intellekt vasitəsilə bərpa olunub

Qədim yunan freskası sünü intellekt vasitəsilə bərpa olunub
  30 Mart 2025    Oxunub:920
Mütəxəssislər süni intellektin köməyi ilə qədim yunan freskasını bərpa ediblər. “The Jerusalem Post” yazır ki, “ReVis” layihəsi çərçivəsində yüksək dəqiqliyə malik fotoqrafiya, analizlər, spektroskopik üsullar və kimyəvi skaner daxil olmaqla qeyri-invaziv diaqnostika və təsvir üsullarından istifadə edilib.

Yunanıstan Mədəniyyət Nazirliyi Verginada II Filippin məqbərəsindəki ov freskasının rəqəmsal bərpasını başa çatdırıb. Klassik antik dövrün ən böyük və mühüm əsəri kimi tanınan freska rəqəmsal texnologiyanın inkişafı sayəsində yenidən işlənib.

“ReVis” adlı layihə Aiqaidəki freskaların ilk hərtərəfli və elmi sənədləşdirilmiş tədqiqidir. Tədqiqat çılpaq gözlə görünməyən dizayn detallarını açmaq üçün fotoqrafiya üsullarından istifadə edib. Komanda 2013-cü ildə on il əvvəl başlayan axtarışı davam etdirərək at belində yaşlı kişi və gənc adamı, ehtimal ki, II Filipp və Makedoniyalı İsgəndəri təsvir edən reliktə yeni həyat bəxş edib.

Freskanın rəqəmsal bərpası sənəti elmlə, o cümlədən vizual rəssam Kristos Simotos tərəfindən hazırlanmış süni intellekt alətləri və rəssam Emmanuil Bitsakisin təqdim etdiyi yaradıcı yanaşmalarla birləşdirir. Uzunluğu 5,5 metrdən çox olan və II Filippin məzarının frizində yerləşən freska ilk olaraq 1977-ci ildə tapılıb. O vaxtdan bəri atlılar və piyada ovçuların altı ov səhnəsini əks etdirən freska eramızdan əvvəl IV əsrdən monumental yunan rəssamlığının emblemi olub.

Aprel ayında tapıntılar “Fənlərarası tədqiqat və rəqəmsal yenidənqurma" adlı sammitdə təqdim olunacaq. Tədbir Afinadakı Amerika Klassik Araşdırmalar Məktəbində keçiriləcək.

Alimlər qrupu süni intellektin köməyi ilə digər qədim freskaların bərpası üzrə plan hazırlayır. Bu metoddan Ellin mədəniyyətinin izləri olan digər ölkələrdə də istifadə olunacağı bildirilir.
AzVision.az


Teqlər:





Xəbər lenti