Bəşəri böhran: İnsan haqlarında ikili standartlar

      Bəşəri böhran: İnsan haqlarında ikili standartlar
  12 Yanvar 2024    Oxunub:1346
"Human Rights Watch" insan hüquqları təşkilatının ötən il üzrə yeni hesabatı göstərir ki, dövlət rəhbərləri siyasi mənfəətlər naminə beynəlxalq hüquqa riayət etmək öhdəliklərindən israrla yayınırlar.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sözügedən hesabat ötən il bir çox ölkədəki insan hüquqları problemlərinin aydın təsvirini verərək, bütün dünyada müharibə vəhşiliklərinin artması, hökumətlərin insan haqları prinsiplərini pozması, habelə hüquq müdafiəçilərinə təzyiq göstərməsi fonunda bəşəri böhranın şiddətlənməsi barədə həyəcan təbili çalır.

Problemin ən dəhşətli nümunələri sırasında əsasən Şərq ölkələrində baş verən halları vurğulayan təşkilat Əfqanıstanda "Taliban"ın qadın haqlarını heçə saymasını, Sudan, Misir, Səudiyyə Ərəbistanı və Hindistanda insan haqlarının geniş miqyasda tapdalanmasını, Aİ-nin miqrantlara ayrı-seçkiliklə yanaşmasını, həmçinin Britaniya hökumətinin etiraz etmək və sığınacaq istəmək kimi əsas hüquqları pozmasını təəssüflə qeyd edir.

Hesabatda xüsusilə diqqətçəkən nöqtə isə bəşəri böhranda birbaşa dövlət rəhbərlərinin ittiham edilməsidir. Liderlərin insan haqlarına laqeyd münasibətini qınayan "Human Rights Watch" bildirir ki, dövlətlərin haqlar məsələsində ayrı-seçkilik siyasəti və ikili standartları beynəlxalq hüquqa əsaslanan sağlam insan cəmiyyətlərinin davamlılığını ciddi riskə atmaqdadır.

Təşkilatın icraçı direktoru Tirana Həsən də hesabatla bağlı çıxışında vəziyyətlə əlaqədar mühüm məqamları diqqətə çatdırıb.


("Human Rights Watch" insan hüquqları təşkilatının icraçı direktoru Tirana Həsən)

Hökumətlər qısamüddətli siyasi qazanc üçün insan haqları ilə bağlı qanuni öhdəliklərindən üz döndərib yalnız hakimiyyətlərini möhkəmləndirməyə çalışdıqca dünyada bəşəri dəyərlər bərpaolunmaz dərəcədə sarsılır . Bu çərçivədə ikili standartlar, aydın nümunə kimi, təkcə Qəzza zolağı ilə məhdudlaşmır. Məsələn, Çin hökumətinin bəşəri cinayətlərinin cəzasız qaldığını, həmçinin Ukraynada müharibə cinayətləri barədə hesabat və mühakimə tələbinin susdurulduğunu açıq-aşkar görməkdəyik. Bu qəbildən ABŞ-nin Əfqanıstanda törətdiyi sui-istifadə halları da sükutla qarşılanır. Şübhəsiz ki, insan haqlarında ayrı-seçkilik problemi və hüquq müdafiə qurumlarının asanlıqla gözardı edilməsi belə qlobal nümunələrdə özünü daha kəskin şəkildə büruzə verir. Vyetnamdan El Salvadora qədər repressiv hökumətlər cinsi azlıqların, qadınların, eləcə də qaçqınların haqları əleyhinə repressiya və təhlükəsizlik tədbirləri həyata keçirməyə davam edir. Ölkələrdə tərəfsiz məhkəmə hakimiyyətinə təzyiqlər isə avtoritarizmə doğru sürətlə enişdən xəbər verir", - xanım direktor deyib.

O, bütün dünyanı çənginə almış bəşəri böhrandan xilas yolunu, insan hüquqlarının bərpasını birmənalı olaraq dövlət rəhbərlərinin məsələ ilə bağlı öz məsuliyyətlərindən boyun qaçırmamasında gördüyünü bildirib.

"Nəzərə alsaq, bu il dünyanın bir çox ölkəsində seçkilər keçiriləcək, insan haqlarını müdafiə qurumları gücləndirilməli, dövlət rəhbərləri beynəlxalq insan haqları üzrə öhdəliklərini yerinə yetirməlidirlər" , - Tirana Həsən əlavə edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: insanhaqları  





Xəbər lenti