Tramp məhkəmədə yekun sözlə çıxış edib

 Tramp məhkəmədə yekun sözlə çıxış edib
  12 Yanvar 2024    Oxunub:1449
ABŞ-nin sabiq prezidenti Donald Tramp aktivləri ilə bağlı fırıldaqçılıq məhkəməsində yekun arqumentlərini səsləndirib.
AzVision.az CNN telekanalına istinadən xəbər verir ki, ittihamları rədd edən Donald Tramp bu işi “cadugər ovu” adlandırıb.

“Faktlar belədir: maliyyə hesabatları qüsursuzdur və əleyhimizə heç bir şahid yoxdur. Bankların bütün pulları onlara ödənilib. Məni isə prezidentliyə namizəd olan şəxs təqib edir. Onlar bir daha qalib gələ bilməyəcəyimə əmin olmaq istəyirlər, bu isə qismən seçkiyə müdaxilədir”, - Tramp deyib.

Bundan başqa, ABŞ-nin sabiq prezidenti hakim Artur Engoronun öz gündəmi olduğunu və bunu başa düşdüyünü bildirib. Hakim Enqoron bunun qarşılığında siyasətçinin vəkilindən “müvəkkilini nəzarətdə saxlamağı” xahiş edib.

Maraqlıdır ki, hakim Artur Enqoron daha əvvəl Trampın fırıldaqçılıq işini qiymətləndirmək, məhkəmə və prokurorların fəaliyyətini şübhə altına almaq planlarına görə siyasətçinin çıxışını qadağan etmişdi. Bundan əlavə, o, eks-prezidentin məhkəmədə təşviqat nitqinə başlayacağından ehtiyatlanırdı. Lakin sonradan qərar dəyişdirilərək, Trampa bir neçə dəqiqə çıxış etməsinə vaxt verildi.

Qeyd edək ki, sözügedən iş “Trump Organization” şirkətinin kreditlər və sığorta üzrə daha əlverişli şərtlər qazanmaq üçün aktivlərin dəyərini təhrif etməsi barədə Nyu-York əyalət prokurorlarının 2022-ci ilin sentyabrında verdiyi iddia ilə bağlıdır.

2023-cü il sentyabrın sonlarında Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidentini bu iş üzrə dələduzluqda təqsirli bilib. Trampın daşınmaz əmlak şirkəti və onun iki yetkin oğlu da iddiada cavabdehdir. Onlar 2011-2021-ci illər arasında banklar və sığortaçılarla əməkdaşlıq çərçivəsində daha sərfəli şərtlər əldə etmək üçün eks-prezidentin ən böyük aktivlərinin dəyərini süni şəkildə artırmaqda günahlandırılıblar.

Bundan əlavə, ötən il dekabrın 20-də Kolorado ştatının ali məhkəməsi Trampın prezident vəzifəsini yerinə yetirmək hüququna malik olmadığına, ona görə də onun yerli praymerizlərdə iştirak edə bilməyəcəyi barədə qərar çıxarıb. Bu isə Trampın adının prezident seçkilərində Kolorado ştatının bülletenlərində yer almayacağı anlamına gəlir.

Bu ştatın dövlət katibi Men Şenna Bellouz da Trampın 2021-ci ildə Kapitoliyə hücumla əlaqəli olması ehtimalına görə, onun ştatda respublikaçılar partiyasının ilkin seçkilərində iştirak etməsinə qadağa qoyub.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   məhkəmə  





Xəbər lenti