Azərbaycanlı sevgiləri FOTOLAR, TARİXÇƏ

Azərbaycanlı sevgiləri – FOTOLAR, TARİXÇƏ
  14 Fevral 2013    Oxunub:18232
Səndən çörək iyi gəlir,
Duz dadı gəlir,
Su kimi dumdurusan...
Bir tikəsən,
Bir ovucsan,
Bir qurtumsan...
Gərəksən,
əzizsən,
vacibsən...
Ağzımın dadı,
Canıma yatansan.
Bir qurtum su at
Bir çimdik duz səp,
Bir tikə çörəyə döndər ömrümü...
Bir körpəyə bağışlayaq bu sevgini...


...Biz də bütün dünyada qeyd olunan Sevgililər günündə sizə Azərbaycanımızın bir körpəyə bağışlanan sevgilərindən danışacağıq. Elə şairə Sevinc Çılğının ağzının dadı, canına yatanı, “çörəyə döndər ömrümü” dediyi həyat yoldaşı şair Zahir Əzəmətdən başlayaq. Şeir qoxan, sevgi qoxan bu evdə yaşayan bu cütlük ədəbiyyat adamı olduqlarından elə ədəbi məclisdə tanış olublar. Zahir Əzəmət deyir ki, ilk baxışdan anladım ki, Sevinc məhz mənim axtardığım qadındır. Hiss etmişdi bunu. Deyir ki, kifayət qədər gəzib-dolaşan bir şəxs olaraq içində heç vaxt o sevgini duymayıb. Həm də yaradıcı, həssas insan kimi “düşünərək sevə bilməzdim” deyir, hiss etmək lazım idi: “Tərif etmək, izah etmək olmur bunu. Sadəcə bilirsən ki, içinə toxunur bu insan. Öz-özündə etiraf edirsən ki, bu, Odur...”

Ancaq uzun müddət ona qarşı müqavimət göstərib, razılaşmayıb Sevinc Çılğın. Hardasa, 7 il keçib...Yalnız bundan sonra dost münasibətindən sevgiyə dönüş olub: “Məndən başqa bütün nəsil Zahirə qarşı idi. Ona görə dedim ki, əgər evlənəcəyiksə, tez evlənək, sonra mən səndən qaça bilməyim”.

Sevinc xanım deyir ki, Zahir nə qədər bizi evli olaraq təsəvvür edə bilirdisə, mən əksinə, edə bilmirdim: “Deyirdim necə ola bilər ki, sən mənim həyat yoldaşım olasan, sən işdən gələsən, mən sənə xörək verim...Bu, mümkün deyil deyirdim. Sonra bir gün dedim ki, gəl sən məndən uzaq dur, hisslərinlə oynamayım, çıxım gedim həyatından. Lap “salam-sağ ol”u da kəsək ki, nə sən inci, nə də mən səni incitdiyim üçün əzab çəkim...”

...Və düz 40 gün keçir. Bir gün iş vaxtı Sevinc xanımın ürəyi çox narahat olur. Çıxır bayıra, mahnı dinləyə-dinləyə “üzü küləyə” gedir. Mahnı isə “Səni gözləyirəm...” deyirmiş. Bir ünvana doğru gedib çatır, ağlaya-ağlaya qapını açır. Bu Zahir Əzəmətin çalışdığı redaksiyanın qapısı idi: “Qəribədir ki, Zahir də onda ağlamışdı...Və başa düşdüm ki, mən onsuz qala bilmirəm”.

Zahir Əzəmət: “İndi də ordan keçəndə yenə o hissləri keçirirəm. Ədəbi mühitlərdə qarşılaşırdıq, bir-birimizdən qaçmaq mümkün deyildi”.

Sevinc Çılğın: “Bir gün forumda gördüm ki, Zahir mənə həsr etdiyi şeri qoyub ora. Baxdım ki, bir qız da orda Zahirə müraciətlə şeirdən bir hissə yazıb, “gəl gözəl günlər görək” filan. Başa düşdüm ki, Zahiri itirmək təhlükəsi var. Və bir şeir yazdım ora...” Şeirdə deyilirdi ki, Günəşi öldürəcək gücümüz var...

...Və budur, evlidirlər. 2 övladları var- qızı Yavru və oğlu Sezay. Sezay bu doğma ailəni öz adında birləşdirir: Sevinc, Zahir, Yavru...Sevinc xanım deyir ki, evlilik dəyişməyib bu sevgini, ancaq və ancaq artırıb: “Günü-gündən hiss edirəm ki, mən artıq istəmirəm, sevirəm. Uşaqlara ayırdığım vaxt ayrıdı, sırf ona ayırdığım vaxt ayrı...”

Sevinc Çılğın üçün Zahir Əzəmət onun üzünü güldürən adamdır. “Zahirə qədər kədərli bir qız idim” deyir: “Pessimist, melanxolik biri idim. İndi isə çox şənəm, çox dəyişib o məni. Həm də onun yanında çox arxayınam, rahatam. O uşaqlar deyir ki, mənim atam hamını döyər. Bax elə deyirəm mən də, Zahir hamını döyər...”

Zahir Əzəmət üçün isə Sevinc Çılğın onu tamamlayan insandır. Özü praqmatik insandır və içində olan, amma görünməyən tərəfini Sevinc tamamlayıb: “Bu mənada onunla bütövəm, o mənim yarımdır, onunla tamam...”


“Biz odla suyuq” deyirlər. “Sevinc çılğındır, mənsə sakit, təmkinli...insan biri-birinin eynisi yox, tamamı olmalıdır. Onunla güzgüyə baxmış kimi olmamalısan. Bax, bu mənada biz bir-birimizi tamamlayırıq”,- deyir Zahir bəy.

Onlar hamınının birgə qeyd etdiyi “Sevgililər günü”nü qeyd etmirlər. Onların sevgilərinin öz günü var: “Bu, toy günümüz, digər günlər olur. Xüsusi olaraq cədvələ salmasaq da, müəyyən günlər olur ki, məclis düzəldib ikimiz otururuq. Bir də görürsən, uşaqları qoyuruq anamızın yanına, oluruq sevgili... Biz bu günü yox, öz günlərimizi törənə çeviririk”.

Sevinc xanım üçün həyat yoldaşının ən dəyərli hədiyyəsi ud alətidir: “Sevgili vaxtı demişdim ki, çox xoşlayıram udu. O da mənə hədiyyə etmişdi. Mən maraqlandım ki, insanlar bir-birini sevəndə ud hədiyyə edirlərmiş. Mən də gizlicə udda çalmağı öyrənib, toyumuzda sürpriz olaraq onun üçün udda mahnı ifa etmişdim”. Zahir bəy üçün isə ən qiymətli hədiyyə həyat yoldaşının illəröncə aldığı xəncər olub. Sevinc xanıma deyirmiş ki, əgər sən mənimlə evlənməsən, elə bu xəncərlə özümü öldürəcəyəm...Ancaq gördüyünüz kimi nə ölüm oldu, nə başqa bir şey. İndi var olan xoşbəxt, sevgi dolu bir ailədi.

İndi isə körpə qoxulu, süd qoxulu isti bir evə yollanırıq. Şairə Nərmin Dadaşova ilə Şəhriyar Dadaşovun evinə...Bu ev də gülürdü sevgidən, elə bu sevginin də tarixçəsini dinlədik: “Şəhriyarla ortaq dostlarımız var idi. Birgə görüşəndə tanış olmuşduq. Sonra ayrılıqda da görüşməyə başladıq. Ancaq münasibətimizin irəliləməsində “facebook”un çox böyük rolu olub. Əvvəl o mənə yazırdı, mən fikir vermirdim. Amma sonra gördüm ki, yox, bu, O adamdır, cavab vermək lazımdır”.

Şəhriyarın qulaqlarını qapayaraq sakitcə deyir ki, onun bu yaşa qədər verdiyi ən doğru qərar “Şəhriyar” dır: “Sonra sevgili olduq, bir müddət sonra evlənməyə qərar verdik. Evlənmək bizim üçün xüsusi olaraq heç nə ifadə etmirdi, sadəcə birgə yaşayacaqdıq...”
Milli adət-ənənələr onlar üçün yad imiş evlilikdə, sadəcə böyüklərinin könlü xoş olsun deyə bu prosesi keçiblər: “Bizim üçün sadəcə əyləncə idi. Amma yaşamalıyıq belə şeyləri...Toyumuz isə tipik olmadı, fərqli idi”.

Evlilik isə onları daha çox bağlayıb, daha çox sevirlər, bağlanıblar indi. Şəhriyar deyir ki, burda hər şey daha çox kişidən asılıdır: “Gərək yenə eyni şeyləri həmin enerji ilə yaşada biləsən”. Onun üçün ən yaxşı məkan evidir, heç kəsin qarışmadığı sakit, gözəl bir dünyadır evi.

Nərmin isə deyir ki, qadın üçün evlilik azadlıqdır: “Ancaq gərək doğru insanla evlənəsən. Subay vaxtı da mühafizəkar ailədə olmamışam, qadağalar olmayıb. Amma Şəhriyarla 5 qat, 10 qat çox azadam. Bir çox qadın elə bilir ki, azadlıq küçələrdə gəzməkdi, amma elə deyil. Mən mitinqlərə də getmişəm, qəzetdə də işləmişəm, amam bu deyil azadlıq. Azadlıq mənim evimdir, onun yanıdır. Gərək qadının arxasında güclü bir kişi olsun...”

Şəhriyar: “Azadlıq rahatlıqdan irəli gəlir, məncə. Rahat olmayan insan azad ola bilməz”.

“Nərmin mənim üçün Azərbaycandır” deyir: “ Ümumilikdə götürəndə mənim üçün İsa Qəmbər də odur, Əkrəm Əylisli də odur, hamı odur. Birdən hamıdan qaçırsan, ən yaxın dostlarla belə görüşmək istəmirsən. Ancaq onun yanında, evində olmaq istəyirsən yenə də. Ürəklə hər sözünü deyə bilirsən. Sevdiyin insanla bərabər olmağın nəyi pisdir ki...Nəyisə eləməyə ailə mane olmur, əksinə arxayınlıqdır. Deyib-güldüyümüz günlər boş şeydir, əsas o gərgin, mübahisə etdiyin vaxtlarda bir-birinə güzəştə gedə bilirsənsə, bax əsas budur”. Heç vaxt fikirləşməyiblər ki, biz evlənməsək, nə olar. Bir də görüblər ki, artıq evlənirlər: “Biz anladıq ki, birgə yaşamalıyıq. Mahiyyətcə eyni adamlarıq. Bizimki sevgi deyil, sevgidən o tərəfə olan bir şeydir. Bir şey ki bitir, onunla ailə qurmaq olmaz”.

Sevgililər günü onlar üçün də heç nə ifadə etmir. Qızları Dənizin doğulduğu gün onlar üçün ən gözəl gündür. Bir də sevgiləri, ailələri üçün sınaq hesab etdikləri günlərin xüsusi mənası, əhəmiyyəti var: “Mən əslində əhəmiyyət verən idim xüsusi günlərə, amma Şəhriyar bunu elə əsaslandırır ki, mənim üçün də elə bir mənası qalmır. Başqa günlər yaşadır deyə o günü, belə daha gözəl olur. Həm də hamı üçün olan gün bizim üçün də olanda o qədər gözəl deyil. Məsələn, bayramlarda olan təbrik o qədər də səmimi deyil, amma doğum günü məhz sənə adi olduğundan daha səmimi olur”.

Şəhriyar: “Təsəvvür edin, Azərbaycanda nə qədər kişi var gedib kukla alır, nə qədər də qadın varsa, onu qəbul edir. Axı Sevgililər gününün mənim bədənimdə heç bir izi yoxdur. Hərənin öz Sevgi günü var”. Şəhriyar üçün Nərminin ən dəyərli hədiyyəsi “Bu 13 manatlıq üzük mənimçün hər şeydən üstündür” dediyi, barmağındakı üzüyü, Nərmin üçün isə, Dənizin doğulduğu gün Şəhriyarın hədiyyə etdiyi uşaq kitabıdır. Beləliklə, bu hekayəni də dinləyib Dənizin gülüşü ilə ayrılırıq evdən...


Növbəti qəhrəmanlarımız isə aktrisa Şəbnəm Hüseynova və aktyor Şövqi Hüseynovdur. Və onların kiçik dahiləri Ülvi. Elə Sevgililər günündə də iş başında idilər, birgə danışa bilmədik onlarla.

Teatrda tanış olub Hüseynovlar: “O vaxt Bakı Kamera teatrı var idi. Şövqi də Kamera teatrında çalışırdı. Mən tələbə idim. O teatrda işləməyə gəlmişdim. Əvvəlcə iş yoldaşı və dost olduq. Sonra münasibətlər daha da ciddiləşdi”.

Şövqi Hüseynov: “Elə məşqlərdə tanış olmuşuq. Düzdür, illər çox sürətlə uçub gedir, amma geriyə baxanda 14 illik bir bərabərlik, bir tarixçə gözümün önünə gəlir”.

Şövqi Şəbnəm üçün təkcə həyat yoldaşı deyil, həm həyat dost, həm sənət dostu, həm də çox sevdiyi aktyordur! Şəbnəm isə Şövqi üçün onu tamamlayan insandır: “Belə bir məşhur deyim var: sevgidə heç nə lazım deyil,sadəcə tamamlanmaq lazım”.

Onlar da deyir ki, əvvəllər Sevgililər gününə önəm versələr də, indi “bizim günümüz, öz günümüz” dedikləri günlər var onlar üçün: “Bizim üçün o günlər daha əlamətdardır. Öz günümüz deyəndə münasibətlərimizin başladığı günü nəzərdə tuturuq. Bu yola bərabər başladığımız gün, bir noyabr günü...Onu hər il qeyd edirik”. Ailə onların sa sevgisinə xələl gətirməyib: “ Sevgimiz daha da böyüyüb, daha da artıb. Əslində münasibətlər, hisslər hər mərhələdə başqa formada olur, inkişaf edir...İndi əsərin qəhrəmanı Ülvidir! Allah bütün ailələrə qismət eləsin övlad payını....”


İndi isə Ağaoğlular ailəsi ilə tanış olacağıq. Sevgidən doğulan mehriban bir ailə - Yazar Mirmehdi Ağaoğlu, filoloq Elnarə Ağaoğlu və övladları Mirkazım.

Elnarə xanım Mirmehdinin dayısı qızı ilə rəfiqə imiş: “Onun şəkillərinə baxanda görübmüş məni. Bir gün rəfiqəm zəng vurdu ki, çox pis bir iş görmüşəm sənin nömrəvi vermişəm bibim oğluna. 25 yaşı var, yazardı.Yazardı deyəndə bir az çəkdi məni, amma sonra heç yadıma da salmadım. Sonra bir gün mesaj gəldi: “Səni görmüşəm, köhnə kişilər demiş vurulmuşam”. Reaksiya vermədim, amma sonra danışdıq, görüşdük. Qarlı gündə görüşmüşdük ilk dəfə, oğlumuz da qarlı gündə doğulub. Bu il tanəşlığımızın 6 ilini qeyd etdik”.

Mirmehdi isə hər şeyin əslində çox adi başlayıb, qeyri-adi davam etdiyini deyir: “İlk dəfə gördüyüm şəklində gülümsəyirdi. Uzun müddət cavabsız qoydu mesajlarımı və bir gün yazdı ki, konturunu tükətmə. Elə bu cavabdan da sevdim onu. Qəribədi “tükətmə” sözü sevgimizi alovlandırdı. Sonra sevgililərin görüşü və evliliyə doğru aparan yol...”

Onlar heç bir şeyi təmtəraqlı şəkildə qeyd etməyi sevmirlər. Sadəcə “diqqət də yetər” deyirlər: Yanvar ayının sonlarında tanış olduqlarından Sevgililər günü onların ilk birgə qarşılaşdıqları bayram olub: “Mən Elnarəyə kitab hədiyyə elədim, o da Rolling Stounsun diskini hədiyyə etdi. O diskdə sevdiyim mahnı vardı: “Sweet Jane”. Hə, bir dəfə də bahalı mağazaların birindən ad günümə çox bahalı bir köynək almışdı. Mən o qiymətə adətən köynək də alırdım, şalvar da. Ümumiyyətlə, heç vaxt elə yerlərdən paltar almazdım. Mən onun bu bədxərcliyinə hirslənmişdim, o da küsmüşdü”.

Hədiyyənin, pul-paranın əsas olmadığını çox eşitmişik. Amma onların bu kiçik əhvalatı sevginin dəyərinin heç nə ilə ölçülmədiyini bir daha başa salır: “Evlənəndən sonra Elnarə ad günümə heç nə ala bilməmişdi. Pulumuz yox idi. Əvəzinə məni xeyli təəccübləndirmişdi. Bütün günü cibimdən, çantamdan, pul qabımdan, kitabın arasında n“Səni sevirəm” kimi “intibahnamələr” tapmışdım.

Elnarə: “Sonralar da elə bu cür kitab daha çox hədiyyə edərik bir-birimizə. Nərgiz güllərini də çox sevirəm, adi günlərdə də bir də görürsən alar. Hətta bir dəfə şeir də yazmışdı...”

Bir çoxları kimi, o da Beqbederin “Məhəbbət üç il yaşayır” kitabını oxuyub elə bu cür düşünürmüş. Amma həyat yoldaşının sevgisi ona başqa həqiqətlər öyrədib ona: “ Mən də lirik-sentimental yanaşıb deyirdim ki, elə hamıda bu cür olur. Amma elə deyilmiş...Məncə, ailənin özülünü daha da möhkəmləndirən uşaqdı. Sevgimizdə, ailəmizdə dəyişən odu ki, sadəcə əvvəl bir kişini sevirdim, indi iki olub. Oğlumu da eyni sevgi ilə sevirəm. Nəfəsimdi o da mənim”. Mirmehdi: “Adətən deyirlər evlənəndən sonra sevgi ölür, ya ideal sevgi ölməməlidir, nə bilim daha nə. Necə olur ki, 7 yaşında uşaqdan iməkləməyi tələb etmirik. Ya maşın alan adamdan “daha metro ilə işə getmirsən?” deyərək onu tənbeh etmək olarmı?”.

Deyir ki, sevgi də belədi. Evlənirsən... Artıq yeni şərtlər daxilində yaşayırsan. Buna görə də, heç bir dəyişiklikliyə təəccüblənmək lazım deyil: “Dəyişiklik labüddür. O ki qaldı sevgiyə. Ana sevgisindən fərqli olaraq, kişi və qadın sevgisi qarşılıqlıdı. Bunu Fromm deyir. Odur ki, romantik xəyallara dalmaq, utopik sevgi xülyalarında itib-batmaq lazım deyil. Sevgi də idarəolunandı”.

Sevgilər bitməz... “Sevgililər gününüz mübarək” yox, “Sevgiləriniz mübarək” deyib Nərminin misraları ilə azərbaycanlı sevgilərinin tarixçəsini burda bitiririk...


Kimsə möhkəmcə sayır
Burnunu dirəyib burnuma
1
2
3
4
5
........


Sevinc Fədai
Fotolar: Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti