Azərbaycan XİN İranın Ermənistandakı səfirinə cavab verib |
Görünür İranın Ermənistandakı səfiri ya Tehranın yürütdüyü siyasətdən bixəbərdir, ya da Rəisinin Qarabağla bağlı mövqeyindən fərqli siyasət həyata keçirir.
Sübhaninin bu qeyri-etik və beynəlxalq hüquqa deyil, ermənipərəstliyə söykənən açıqlaması Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) kəskin etirazı ilə qarşılandı. XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin noyabrın 11-də sözügedən müsahibəni qətiyyətlə pisləməsi isə diqqət çəkən oldu. O qeyd edib ki, Azərbaycanla İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən açıqlamalar, eyni zamanda iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı Rəisi tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir.
XİN açıq şəkildə bəyan etdi ki, “İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfirin səsləndirdiyi fikirlərlə bağlı müvafiq addımlar atılacağını gözləyirik”.
Sual yaranır, İrəvanın xeyrinə danışan səfirin təxribat xarakterli müsahibəsi nəyə xidmət edir? Ümumiyyətlə Azərbaycana “tövsiyələr” verən Sübhani ölkəsində baş verənlərdən xəbərdardımı?
Sübhani “qanunbazlıq” edən yeganə diplomat deyil. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin sanki startda durmuşdu. O da Ermənistandakı səfirin müsahibəsindən dərhal sonra “öz müqəddəratını təyinetmə”dən, beynəlxalq hüquqdan bəhs edərək, suyu bulandırdı.
Amma İran hakimiyyətinin xarici siyasi kursunun icraçılarından olan Sübhaninin başlatdığı kampaniyaya qarşı çıxan iranlı diplomat da oldu. Daha doğrusu, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi həmkarının qərəzli fikirlərindən sonra gündəmə müsbət yöndə reaksiya verməyə çalışdı. Nəticədə bir ölkənin iki səfirinin eyni mövzuda səsləndirdiyi bəyanatlar tamamilə bir-birinə zidd oldu.
Səfirin "X" hesabında yazılıb: “İranın prinsipial mövqeyi həmişə belə olub- Qarabağ Azərbaycana məxsusdur. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinə yalnız Azərbaycanın suverenliyi və qanunları çərçivəsində baxılmalıdır”.
Bir sözlə, belə görüntü yarandı ki, Tehran yalnız İranın Bakıdakı səfiri ilə Sübhaninin təxribatını “düzəltməyə” çalışdı. Çünki İran XİN hələ də Ermənistandakı səfirin təxribatçı “tövsiyələri” haqda hər hansı açıqlama verməyib.
Turqut
AzVision.az