Çastyakovun müəmmalı ölümü - Zalujnı 1 ayda 3 yaxınını itirdi

 Çastyakovun müəmmalı ölümü -    Zalujnı 1 ayda 3 yaxınını itirdi
  07 Noyabr 2023    Oxunub:4026
Xəbər verdiyimiz kimi Ukrayna Silahlı Qüvvələrinin (VSU) Ali Baş Komandanının köməkçisi mayor Gennadi Çastyakov evində qumbara partlaması nəticəsində faciəvi şəkildə həlak olub.
Rəsmi Kiyev bu müəmmalı ölümün təfərrüatları ilə bağlı artıq ilk versiyanı bəyan edib.

Daxili işlər naziri İqor Klimenko deyib ki, Çastyakovun ölümünə səbəb olan qumbara ona həmkarı tərəfindən verilibmiş.

Zalujnının köməkçisi partlayışda ölüb
Onun sözlərinə görə, 39 yaşlı mayor həmkarlarından doğum günü şərəfinə aldığı hədiyyələrlə evə qayıdıb. Hədiyyələrin arasında bir qutu Qərb ölkələrində istehsal olunmuş qumbara olub. Hərbçi onları 13 yaşlı oğluna göstərmək qərarına gəlib.

Yeniyetmə isə pay verilmiş sursatları əlinə alaraq onunla oynamağa başlayıb. Sonra Çastyakov qumbaranı oğlundan alıb və yəqin ki, bu zaman onun halqası çəkilib. Bundan sonra evdə güclü partlayış baş verib. Nəticədə Çastyakov faciəvi şəkildə ölüb. Onun oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hadisə yerində daha beş oxşar partlamamış qumbara aşkarlayıb. Onlar ekspertizaya göndəriləcək.

Yüksək rütbəli zabitə ad günündə niyə döyüş qumbaraları "hədiyyə" edilib?

Polis Çastyakova döyüş sursatı bağışlayan şəxsin kimliyini artıq müəyyən edib. Məlum olub ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı müavininin böyük köməkçisi Timçenko olub. Axtarış zamanı onun üzərindən də iki oxşar döyüş qumbarası tapılıb.

O, polisə verdiyi ifadəsi zamanı etiraf edib ki, taxta qutuya bir şüşə viski və altı qumbara qoymaq ideyası ona məxsus olub. Hədiyyələrin təqdimatı zamanı o, həmkarına belə bir qeyri-adi hədiyyə seçdiyini söyləyib. Çünki Çastyakovu təəccübləndirmək çox çətin imiş. Onun Çastyakova qutuda hərbi sursat hədiyyə etdiyini deməsini üç şahid də təsdiqləyib. Çünki polkovnik məhz həmin şahidlərin qarşısında hədiyyəni təqdim edibmiş.

Ehtimal edilir ki, Çastyakov əvvəlcə qutuda viski şüşəsinin ətrafında görünən görünən qumbaraların real, döyüş sursatları olmasına inanmayıb. O, elə düşünüb ki, bunlar qumbara formasında olan içki qədəhləridir. Yəni, mərhum həmkarına inanmayaraq hədiyyəni qəbul edib. Nəticədə, onun məlum "qədəhlərdən" biri ilə ehtiyatsız davranması nəticəsində qumbaralardan biri partlayıb.

Zalujnı 1 ayda 3 mühüm kadrını itirib

Qeyd edək ki, Ukrayna ordusunun fəxri sayılan Zalujnı bununla son bir ayda tabeliyində olan üçüncü mühüm əməkdaşını, yüksək rütbəli zabiti itirib.
Yerli media Çastyakovun müəmmalı və faciəli ölümünü Ukrayna Silahlı Qüvvələrinin baş komandanı üçün ağır zərbə sayır. Ölkədə gündəmə çevrilmiş bu qalmaqallı hadisəni şərh edən Zalujnı Çastyakovun onun yaxın dostu və etibarlı dayağı olduğunu bildirib.



Bəzi Ukrayna saytları və ekspertləri isə bu mühüm kadrın təsadüf nəticəsində ölməsini şübhəli hal hesab edirlər. Belə ki, Çastyakovun terror hücumunun qurbanı olması barədə fikirlər var. Belə bir iddia da səsləndirilir ki, bu sadəcə Zalujnı ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında yaranmış narazılıqlar nəticəsində mühüm "piyadalardan" birinin aradan götürülməsidir.

Xatırladaq ki, noyabrın 3-də Xüsusi Əməliyyat Qüvvələrinin komandanı general-mayor Viktor Xorenko vəzifədən uzaqlaşdırılıb. Maraqlıdır ki, o, istefası barədə mətbuatdan xəbər tutub. "Mən Zalujnı ilə danışdım, o da bunu mənə izah edə bilmədi",- General gileylənib.

Oktyabrın 9-da isə Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı İqor Tantçyuranı işdən çıxarıb. General 2022-ci ilin mayından Ərazi Müdafiə Qüvvələrinə komandanlıq edirdi.

Hər iki hərbi rəhbər dəfələrlə cəbhə bölgəsindəki qaynar nöqtələrdə olublar. Onlar cəbhədəki vəziyyətin Ukrayna Silahlı Qüvvələri üçün ağır olduğunu iddia edirdilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qumbara   Partlayış   Sursat  





Xəbər lenti