Keçmiş məhkumun İranla narkobiznesi

Keçmiş məhkumun İranla narkobiznesi
  14 Fevral 2013    Oxunub:2270
Daxili İşlər Nazirliyi narkoəməliyyat həyata keçirib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda narkotik maddəni - 20 kiloqramdan çox tiryəki və həşişi qanunsuz dövriyyədən çıxarıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Cəlilabad rayon sakini, 52 yaşlı Mirməmməd Həsənov 5 kiloqram narkotik maddə olan tiryəki 12 min Amerika dollarına satarkən əməliyyatçılar tərəfindən yaxalanıb.

Saxlanılan şəxsin Göytəpə kənindəki yaşadığı evə baxış zamanı əlavə olaraq 15 kiloqramdan çox tiryək və həşiş aşkarlanaraq götürülüb. Mirməmməd Həsənov narkotik maddələri İran İslam Respublikasının Yusif adlı vətəndaşından aldığını bildirib. Bir neçə il əvvəl İranda Yusiflə tanış olan Mirməmməd narkotik maddə alveri etmək təklifini alıb.

Bir müddət əvvəl İran İslam Respublikasının vətəndaşı Yusif müxtəlif tərkibli narkotik maddələri qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirərək Mirməmməd Həsənova verib. Mirməmməd tiryəklə həşişi yaşadığı evin həyətində gizlədib və satmaq üçün Yusifdən xəbər gözləyib.

Nəhayət Yusif İrandan Mirməmmədə zəng vurub və malın 5 kiloqramını satmağı tapşırıb. Mirməmməd Həsənov alıcı ilə üz-üzə gəlməmək üçün idman çantasındakı tiryəki deyilən yerə qoyub bir qədər kənarda pulun verilməsini gözləyib. Bu zaman polis əməkdaşları onu yaxalayıb.

Saxlanılan şəxs narkotik maddənin böyük hissəsini yaşadığı evin həyətindəki tövlədə bel çantasında gizlətdiyini etiraf edib. Həyətdə axtarış aparılıb və narkotik maddələr maddi sübut kimi götürülüb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs əvvəllər də bir neçə dəfə İrandan göndərilən müxtəlif tərkibli külli miqdarda narkotik maddələri sataraq dövriyyə daxil edib. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.


Teqlər:





Xəbər lenti