Oqtay Əsədov Moskvada Qarabağ problemini qaldırdı

Oqtay Əsədov Moskvada Qarabağ problemini qaldırdı
  05 İyun 2014    Oxunub:1203
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 4-də Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin və parlamentlərarası əməkdaşlığın dinamik inkişafı qeyd edilib.

Valentina Matviyenko bildirib ki, Rusiya üçün Azərbaycan ilə bütün sahələrdə münasibətlər strateji xarakter daşıyır. Rusiya ölkələrimiz, o cümlədən parlamentlərimiz arasında yüksək səviyyədə dialoqun dəstəklənməsinə daim böyük əhəmiyyət verir. Rusiya həm də beynəlxalq məkanda əməkdaşlığın dərinləşməsində maraqlıdır.

“Biz regionlar palatası olmaqla regionlararası əməkdaşlığa xüsusi diqqət yetiririk. Şadıq ki, Azərbaycanın regionları ilə Rusiya Federasiyasının 70-dən çox regionu arasında sazişlər bağlanmışdır. Azərbaycan Prezidenti Administrasiyasının himayəsi altında keçirilən regionlararası forumları da yaxşı format hesab edirik. Volqoqradda bu cür forum uğurlu oldu. İndi 5-ci regionlararası foruma hazırlıq işləri görülür. Bu forum Qəbələdə keçiriləcəkdir”, - deyən V.Matviyenko Rusiya ilə Azərbaycan arasında humanitar sahədə münasibətlərin də səmərəli olduğunu vurğulayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Beynəlxalq Humanitar Forum keçirilməsini yüksək qiymətləndirərək qeyd edib ki, bu Forum aktual məsələlərin müzakirəsi üçün ciddi bir məkana çevrilib.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu vurğulamışdır. O, əminliklə bildirmişdir ki, qarşılıqlı səfərlər və bu cür görüşlər ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu gün Azərbaycan ilə Rusiyanın strateji tərəfdaşlar olduğunu söyləyən O.Əsədov əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolunu qeyd edib.

Bildirilib ki, siyasi, mədəni və humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dollarına çatmışdır. Azərbaycanda tədrisin rus dilində olduğu 300-ə yaxın ümumtəhsil məktəbi, Moskva Dövlət Universitetinin Bakı filialı və Slavyan Universiteti fəaliyyət göstərir. O.Əsədov demişdir: “Ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlər böyük rol oynayır. Biz həm ikitərəfli formatda, həm də MDB Parlamentlərarası Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik”.

Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunaraq deyib ki, bu problem ölkəmizin inkişafı və regionda sülhün bərpa edilməsi yolunda ciddi maneədir. O.Əsədov Azərbaycanın bu problemin həllində ikili standartlarla üzləşdiyini təəssüflə qeyd etmiş və eyni zamanda, əmin olduğunu bildirmişdir ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini artıracaqlar.

Nümayəndə heyətlərinin üzvləri ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazası barədə də fikir mübadiləsi aparıblar. Görüşdə miqrasiya qanunvericiliyi sahəsində mövcud problemlərə də toxunulmuşdur. Tərəflər əmin olduqlarını bildirmişlər ki, bu problemlər yaxın vaxtda nizamlanacaqdır, çünki bu məsələlər texniki xarakter daşıyır.(AzərTAc)


Teqlər:  





Xəbər lenti