Hakerlər Avropanın bank sistemini iflic etdilər

   Hakerlər Avropanın bank sistemini    iflic etdilər
  20 İyun 2023    Oxunub:2104
Rusiyanın məşhur "Killnet" haker qrupu və onların "Anonymous Sudan" adlı qrupdan olan həmkarları Avropa İnvestisiya Bankına (AİB) hücumlar ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb. Qeyd edilir ki, bu, Avropanın bank sisteminə genişmiqyaslı kiberhücumun birinci mərhələsi adlandırılıb.

Hakerlər Apple, Huawei və Microsoft müştərilərinin parollarını oğurladı
“Zərərli proqramların ötürülməsi nəticəsində Avropa İnvestisiya Bankının şəbəkə infrastrukturu iflic edilib. Bizdə olan məlumata görə, bütün bank və onun funksionallığı ən azı on gün işlək vəziyyətdə olmayacaq”, - Hücumla bağlı açıqlama yayan "Killnet" nümayəndələri deyiblər.

Eyni zamanda hakerlər qeyd ediblər ki, bu hücum "Killnet" və onun müttəfiqlərinin keçmişdə tez-tez tətbiq etdiyi metodlarla - "DDoS"la reallaşdırılmayıb. Qrup üzvlərindən birinin sözlərinə görə, onların son fəaliyyətləri nəticəsində nəinki bu nəhəng maliyyə qurumunun saytı, hətta işçilər üçün nəzərdə tutulmuş daxili portal da fəaliyyətini dayandırıb.

"Killnet"in məlumatında o da vurğulanır ki, hər gün yeni mühüm obyektlərə hücumlar olacaq. Getdikcə bu əməliyyatların sayı artacaq: "Sabah bir neçə maliyyə qurumuna qrup şəklində hücumlar həyata keçiriləcək". Hakerlər Avropa bankından əl çəkməyəcəklərini də bəyan ediblər.

Qeyd edək ki, AİB Avropanın geridə qalmış hesab edilən regionlarına investisiya və uzunmüddətli kreditlər verir. Qurum əsasən enerji, nəqliyyat və telekommunikasiya kimi sahələrdə ixtisaslaşıb. AİB Avropa İttifaqının orqanı sayılır, bankın idarəedicilər şurasına Avropa dövlətlərinin maliyyə nazirləri daxildir.

Xatırladaq ki, bir müddət öncə Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası-red.) saytı da xaker hücumuna məruz qalmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bank   Haker  





Xəbər lenti