İki gizli alıcı: İsrail "Merkava" tanklarını kimə satacaq?

İki gizli alıcı:   İsrail "Merkava" tanklarını kimə satacaq?
  19 İyun 2023    Oxunub:1602
Polşa və Ukrayna İsrail Müdafiə Qüvvələrinin istifadəsindən çıxarılmış "Merkava" tanklarının böyük partiyasını ala bilər. Bu barədə İsrailin “Walla” xəbər portalı polşalı hərbi ekspertlərə istinadən məlumat yayıb.
İki gün əvvəl "Yedioth Ahronoth" qəzeti bildirmişdi ki, İsrail hazırda iki ölkə ilə 1980-ci və 1990-cı illərdə istehsal edilmiş və artıq istifadədən çıxarılmış 200-ə yaxın ikinci və üçüncü nəsil "Merkava" tankı ilə bağlı danışıqlar aparır.

Davam edən danışıqlar barədə məlumatı daha sonra İsrail Müdafiə Nazirliyinin müdafiə ixracı şöbəsinin rəhbəri, ehtiyatda olan briqada generalı Yair Kulas təsdiqləyib. Eyni zamanda, o, hansı ölkələrlə danışıqların aparıldığını dəqiqləşdirməkdən imtina edib, lakin onlardan birinin “kontinental Avropada” yerləşdiyini qeyd edib. "Walla" portalının mənbələrinə görə, söhbət iki Şərqi Avropa ölkəsindən gedir.

Eyni zamanda adı açıqlanmayan polşalı hərbi ekspert portala müsahibəsində İsrail tanklarının Polşa və Ukrayna üçün nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, tanklar İsraildə Polşa müdafiə şirkətləri ilə əməkdaşlıq əsasında modernləşdirilə bilər.

"Ukraynanın tankları və piyada döyüş maşınları var, lakin o, davam edən müharibəyə hazırlaşır və artıq 2024-cü ilin sonuna qüvvə toplamağa çalışır", -Ekspert hesab edir.

"Walla" portalının məlumatına görə, ABŞ-ın Ukraynaya yardım göstərilməsi ilə bağlı davamlı təzyiqi altında İsrail "Merkava" tanklarının Avropaya verilməsi ilə bağlı danışıqlara başlaya bilər.

İndiyədək İsrail humanitar yardımla məhdudlaşaraq Kiyevə silah verməkdən qəti şəkildə imtina edib.

Portalın İsrail hərbi dairələrindəki mənbələrinin məlumatına əsasən, tankların təhvil verilməsi ilə bağlı iki ölkə ilə danışıqlar getsə də, saziş bağlanması üçün hələ tezdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İsrail   Ukrayna   Polşa   silah  





Xəbər lenti