İran-Kuba: anti-sanksiya tərəfdaşlığı
Havanada Kuba prezidenti Migel Diaz-Kanel ilə görüş zamanı İbrahim Rəsisi, jurnalistlərə İran və Kubada biotexnologiya, nanotexnologiya və mineral ehtiyatlar sahələrində qarşılıqlı imkanların olduğunu söyləyib.
“Bu imkanların mübadiləsi, eləcə də təcrübə mübadiləsi iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarından biridir. İki ölkə iqtisadi və kommersiya sahələrində də yaxşı imkanlara, həmçinin elektrik stansiyasının tikintisi üzrə əməkdaşlığa malikdir. İran və Kuba, xüsusilə müstəqillik uğrunda mübarizə və inqilabi mövqelərini qoruyub saxlamağa çalışmaq sahəsində, mühüm ortaq cəhətlərə malikdir və bu səbəbdən iki ölkə arasında əlaqələr gündən-günə güclənir. İran bütün ölkələrlə əməkdaşlığa hazırdır, lakin bir ölkə millətimizin mənafeyinə zidd hərəkət edərsə, biz buna qarşı çıxacağıq”, - Rəisi vurğulayıb.
Bu görüşdə ölkələrin ədliyyə nazirlikləri, telekommunikasiya və gömrük idarələri arasında əməkdaşlığın gücləndirilməsinə dair sazişlər imzalanıb.
Kuba prezidenti Diaz-Kanel İbrahim Rəisi ilə görüşdə Havananın, Tehranın və Karakasın hansı ölkəyə qarşı birgə mübarizə apardığını açıq şəkildə bildirib.
“Venesuela, Nikaraqua, Kuba və İran ABŞ imperializmi və müttəfiqlərinin sanksiyalarına, təhdidlərinə, blokadalarına və müdaxilələrinə qəhrəmancasına və inadla müqavimət göstərən ölkələr sırasındadır”, - Kubanın prezidenti deyib.
Ağ Evin Milli Təhlükəsizlik şurasının sözçüsü Con Kirbi bu həftənin əvvəlində İran prezidentinin Latın Amerikasına səfərinə toxunaraq, Vaşinqtonun buradakı ölkələrin dialoq seçiminə qarışmadığını bildirmişdi.
- Biz bu region ölkələrinin və digər ölkələrin kiminlə birləşmək, danışıqlar aparmaq və ya görüşmək barədə seçimlərinə qarışmırıq. Kiminlə danışmaq istədikləri onlardan asılıdır. Bizim diqqətimiz regionda öz milli təhlükəsizlik maraqlarımızadır”, - Kirbi demişdi.
AzVision.az