"Ayrılıq" oxudu, Bakını təriflədi - Çelikdən möhtəşəm konsert - ŞƏKİL + VİDEO

  "Ayrılıq" oxudu, Bakını təriflədi  - Çelikdən möhtəşəm konsert -  ŞƏKİL + VİDEO
  12 İyun 2023    Oxunub:2538
Türkiyənin sevilən müğənnisi Çelik Erişçi Heydər Əliyev Sarayında möhtəşəm konsertlə çıxış edib.
AzVision.az xəbər verir ki, iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən sənətçi repertuarındakı məşhur mahnılarla pərəstişkarlarına musiqi keyfi yaşadıb.

Məşhur türkiyəli müğənni Bakıda möhtəşəm konsert verdi
O, konsertin ilk dəqiqələrindəcə ölkəmiz haqqında xoş təəssüratlarını bölüşdü: "Bu axşam ən yaxşı mahnılarımı sizin üçün oxuyacam. Çünki sizlər məni çox həyəcanlandırırsınız. 1994 və 1996-cı illərdə Bakıya ilk dəfə gələndə çox təəccüblənmişdim. Konsertə gələnlərin gur alqışları, geyimləri, xoş münasibəti və insanların çiçəklərlə təşrif buyumalarına çox təəccüblənmişdim. Hər zaman Türkiyədə deyirdim ki, Azərbaycanda çox gözəl musiqi duyumu var. Bilet alıb və konsertə gəldiyiniz üçün təşəkkür edirəm. Amma vaxt ayırıb bura gəlməyinizə dəyəcək. Sabah bütün Azərbaycan bu konsertdən danışacaq. Sizi peşman etməyəcəm və mahnılarımı dinlədiyiniz zaman “yaxşı ki, gəldim” deyəcəksiniz. Xoş gəlmisiniz bir daha".

Çelik ilk olaraq peşəkar musiqi orkestrinin müşayiəti ilə “Bu kalp seni unuturmu?” adlı mahnını ifa etdi. Daha sonra o ən məşhur mahnılarını - “Cici kız”, “Hercai”, “Meyhaneci”, “Nazına ölüyorum” və s. səsləndirib. Çelik həmçinin Azərbaycan mahnısını da ifa etdi. Belə ki, o, Rəşid Behbudovun "Ayrılıq" mahnısını səsləndirdi. Müğənninin milli musiqimizə yer ayrıması maraqla qarşılandı.

Türkiyəli sənətçi konsert boyu pərəstişkarlarından hədiyyələr aldı. Çelik konsertə gələnlərdən birini səhnəyə dəvət edib dedi ki, həmin şəxs uzun illərdir onu izləyir. Xəstə olarkən, hər hansı bir uğur əldə edərkən sənətçiyə yazaraq öz dəstəyini göstərirmiş. Çelik bu sadiq pərəstişkarına səhnədəcə təşəkkürünü bildirdi, o isə öz növbəsində müğənniyə hədiyyə təqdim etdi.

Bir sözlə, konsertin ideal şəkildə təşkilatçılığından tutmuş, türkiyəli müğənninin möhtəşəm perfomansına qədər hər şey göz oxşadı, Bakı sakinlərinə əsl musiqi bayramı yaşatdı. Çelik bir daha Azərbaycanda onu sevənlərə nostalji dolu anlar yaşatmaqla nə qədər böyük sənətçi olduğunu göstərdi.

Qeyd edək ki, konsert "EMKİ Production"un təşkilatçılığı ilə baş tutub. "EMKİ Production" bir neçə gün öncə digər məşhur türk müğənnini Rafet El Romanın da paytaxtımızda möhtəşəm konsertini təşkil etmişdi.

Aygün Xankişiyeva
AzVision.az

Qalereya




Teqlər:   Konsert   Bakı   Çelik   Müğənni  





Xəbər lenti