Nağıllarımıza jurnalistlər ad qoysaydılar... - 10 NÜMUNƏ

   Nağıllarımıza jurnalistlər ad qoysaydılar...   - 10 NÜMUNƏ
  12 Aprel 2023    Oxunub:33624
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Yazının başlığı haradasa mini yubka kimi bir şey olmalıdır: Materialın bir hissəsini cazibəli şəkildə göstərməli, qalanını isə elə gizlətməlidir ki, görünməyən hissənin necə olduğunu öyrənmək arzusu yaratsın. Amma bu “geyimin” estetik, zövqlü olması vacib şərtdir. Azərbaycan mediasında yazılara gey(in)dirilən başlıqlardan fərqli olaraq…
Bizim başlıqları cazibəli göstərmək istəyənlər onlara mini yubka yox, bikini, yaxud strinq geyindirirlər. Bəziləri hətta adam içinə birbaşa tumançaq çıxır. Məqsədim başlıq nudizmini tənqid etmək deyil, bunu sosial şəbəkədə edirəm. İndi mənə ayrı şey maraqlıdır.

“Cırtdan” nağılını eşitməyən tapılmaz. Amma onu yaradanlar seksi başlıq haqqında düşünməyiblər axı. Sadəcə, maraqlı, ibrətamiz əhvalat danışıblar. “Başlığını necə qoyum ki, bunu hamı oxusun” kimi dərdləri, düşüncələri olmayıb. Bəs olsaydı, başlığı necə seçərdilər?

Mən müasir Azərbaycan mediasındakı başlıqqoyma məntiqini “Cırtdan” nağılına tətbiq etməyə çalışdım. Sonra isə qərara gəldim ki, təkcə “Cırtdan”la kifayətlənmək lazım deyil. Əlimizi bulayırıqsa, qolları çırmalayaq. Beləliklə, əgər klassik Azərbaycan nağıllarına müasir Azərbaycan jurnalistləri ad qoysaydılar, nə alınardı?!

1. “Cırtdan”

Uşaqları soyundurub çarpayıya uzatdı, sonra isə gecə gəlib… - MEŞƏDƏ ŞOK HADİSƏ!

2. “Göyçək Fatma”

Gəlinin əl-ayağını bağlayıb, təndirə saldılar, əgər xoruz banlamasaydı… - MÜDHİŞ PLAN

3. “Məlikməmməd”

Almaya görə qətl törətdi, ipini kəsdilər, axırda quşu mindi – QANDONDURAN HADİSƏ

4. “Ovçu Pirim”

Namus üstündə ilan öldürən brakonyer meşədə kef edir – ÖZBAŞINALIQ

5.
“Pəri xanımın nağılı”

Almadan hamilə qalan qadının doğduğu uşağın başına nələr gəldi – ŞOK DETALLAR

6.
“Təpəgöz”

Gözünü çıxarıb, quyuya saldı, yalvarışlarına məhəl qoymadı… - OXUYANDA ÇƏNƏNİZ SALLANACAQ

7.
“Tənbəl Əhməd”

Yüksək vəzifə sahibinin qızı ilə evlənmiş şəxs necə varlandı – Hakimiyyətə gəlmək üzrədir

8.
“Şəngülüm, Şüngülüm, Məngülüm”

Çəpiş oğrusundan dəhşətli intiqam: Qarnını yardılar

9.
“Cik-Cik xanım”

Ayağına tikan batan müğənninin bzines qurmaq cəhdi niyə uğursuz oldu?!

10.
“Sehrli üzük”

Qanunsuz lotereya təşkil edən antikvar alverçisi qaçırdığı qızın xoşuna gəlmək üçün başına tük əkdirdi

Gələn dəfə Azərbaycan dastanlarını müasir jurnalistikanın ixtiyarına verəcəyik. Görək, nə alınır.




Teqlər: MediaMız  





Xəbər lenti