Avropadan yeni iddia: İsveçrə banklarındakı pullar Putinə məxsusdur?

   Avropadan yeni iddia:    İsveçrə banklarındakı pullar Putinə məxsusdur?
  09 Mart 2023    Oxunub:948
İsveçrə banklarındakı külli miqdarda pulun əsl sahibinin Rusiya prezidenti Vladimir Putin olduğu iddia edilib. İsveçrə prokurorları Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olan violonçel virtuozu Sergey Rolduqinin lazımi qaydada yoxlanılmadan İsveçrə bank hesablarına milyonlarla frank köçürdüyünü iddia edib.
Sergey Rolduginə kömək etməkdə günahlandırılan 4 bankirin mühakimə olunduğu işin açılışında çıxış edən prokurorlar İsveçrənin məşhur violonçel sənətçisinə qarşı sanksiya tətbiq etdiyini xatırladıblar. Onlar bildiriblər ki, bu şəxs 2014-2016-cı illər arasında İsveçrə banklarına milyonlarla frank yatırıb.

Sürix Rayon Məhkəməsində mühakimə olunan dörd bankir məsuliyyət daşıdıqları maliyyə əməliyyatları zamanı “lazımi diqqət göstərməməkdə”, banka yatırılan pulların mənbəyini yetərincə araşdırmamaqda ittiham olunurlar.

İsveçrə qanunlarına görə adları qadağan edilən Sürixdə çalışan üç rus və bir isveçrəli bankir onlara qarşı irəli sürülən ittihamları rədd edirlər. Eyni xəbərə görə, 2014-cü ildə Rolduginin adına İsveçrədə Qazprombankda iki hesaba Rusiyadan milyonlarla frank yatırılıb.

Məşhur sənətçinin “New York Times” qəzetinə verdiyi açıqlamada qətiliklə iş adamı olmadığını və milyonlarla frank qazanmadığını bildirməsi də ittiham aktında yer alıb. Roldugin Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra İsveçrə də daxil olmaqla Qərb tərəfindən sanksiyaya məruz qalan Putinin yaxın çevrəsinin bir çox üzvlərindən biridir.

"Euronews Turkish"dəki xəbərdə yer alan iddianamədə “Bu hadisə Roldugin kimi insanların pulun əsl sahiblərini gizlətmək üçün necə ört-basdır etdiklərini ortaya qoyur" deyə qeyd edilib: "Məlumdur ki, Rusiya prezidenti Putin rəsmi olaraq zəngin deyil. Lakin Putinin ona yaxın adamlar tərəfindən idarə olunan böyük sərvətləri var”.

Kreml Rolduginin maliyyəsinin Putinlə əlaqəli olduğunu təkzib edib və bunun Moskvaya qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğu bildirilib.

İsveçrədə banklar müştərinin həqiqi şəxsiyyətinə şübhələri varsa, kommersiya münasibətlərini dayandıra bilərlər. Rolduginin İsveçrədəki hesabları 2016-cı ildə bağlanıb.


Teqlər:





Xəbər lenti