Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, hadisələrin bu istiqamətdə inkişafı ən çox İsraili narahat edir. İsrail illər boyu Qərb ölkələrini Tehrana inanmamağa çağırıb. İsrail İranın nüvə silahı əldə etməsinə seyrçi qalmayacağını bəyan edib.
![](https://azvision.az/photos/2023/03/hfghfghfg-1659608569-1678098156.jpg)
- Çünki Təl-Əviv bilir ki, İranın nüvə silahı onlara tuşlanacaq. İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə İranın nüvə silahı mövsuzu ətrafında fikir mübadiləsi aparıb. Blinken özü də bu mövzunu Münhen Təhlükəsizlik Konfransında avropalı tərəfdaşlarıyla müzakirə edib. Məsələ burasındadır ki, İrandakı dairələr uranın zənginləşdirilməsinin indiki rəqəmləri ilə də nüvə silahı əldə edə bilərlər. Misal üçün ABŞ-ın 1945-ci ildə Yaponiyanın şəhərlərinə atdığı atom bombaları uranın 80 faiz zənginləşdirilməsindən əldə edilmişdi, - ekspert qeyd edib.
![]() |
İran nüvə silahının bir addımlığında |
- Brüssel bir neçə gün əvvəl İranın 32 fiziki və 2 hüquqi şəxsini sanksiyalar siyahısına əlavə edib. Həmin şəxslər İranda insan hüquqlarının pozuntusunda ittiham edilirlər. Bu sanksiyaların İranın nüvə silahına yiyələnməsi çalışmaları ilə əlaqəsi olmasa da, Tehranla Qərb arasında artan gərginlikdən xəbər verir.
İranın uranı zənginləşdirmək çalışmalarını tərəfdaşları Rusiya və Çini narahat etmir. Adətən nüvə dövlətləri ətraflarında özləri kimi nüvə dövlətlərinin artmasını istəmirlər. Ancaq Moskva və Pekin Tehrana mane olmurlar. Əksinə, Tehran Rusiyaya silah və sursat göndərir, Çinlə isə iqtisadi əlaqələri genişləndirir. İran lideri İbrahim Rəisinin bir müddət əvvəl Çinə səfərini hər iki tərəf uğurlu adlandırıb. Çin İrana yüz milyardla dollar yatırım qoyacağını vəd edib. Moskva və Pekin İran məsələsində “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış edirlər,- politoloq vurğulayıb.
Tural Tağıyev
AzVision.az