Avstraliya, Hindistan, ABŞ və Yaponiya BMT TŞ-nın genişləndirilməsinə çağırıb

   Avstraliya, Hindistan, ABŞ və Yaponiya BMT TŞ-nın genişləndirilməsinə çağırıb
  03 Mart 2023    Oxunub:879
Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının genişləndirilməsinin lehinə çıxış ediblər.
Bu barədə dörd ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir. Bəyanata görə, iştirakçılar BMT Təhlükəsizlik Şurasında islahatların aparılması üçün danışıqlar prosesində “aktiv və konstruktiv” iştirak etməyi öhdələrinə götürüblər.

Qeyd edək ki, martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib ki, dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır:

"BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır.



Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik".

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Təhlükəsizlik Şurasının üzvlüyünün genişləndirilməsi imkanları ciddi şəkildə nəzərdən keçirilir və “masa üzərindədir”. Onun sözlərinə görə, o, ABŞ və Rusiyadan bu cür təşəbbüslərə müsbət münasibət barədə siqnallar eşidib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: BMT   Azərbaycan  





Xəbər lenti