Vardanyan niyə qovuldu?! - Erməni ekspertlərin şərhləri

  Vardanyan niyə qovuldu?!  - Erməni ekspertlərin  şərhləri
  24 Fevral 2023    Oxunub:1763
Qarabağa Moskvadan təxribatçı məqsədlərlə göndərilmiş Ruben Vardanyanın vəzifəsindən qovulması erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Siyasətçilər, politoloq, ziyalılar bu qalmaqallı prosesin Azərbaycanın təzyiqi ilə baş tutduğunu deyir, Xankəndidə vəziyyətin daha da gərginləşdiyini söyləyirlər.
Ermənilərin yaxın dostu olan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin də Rubenin qovulmasından kədərləndiyini gizlətməyib. O, Vardanyanın vəzifəsindən uzaqlaşdırılmasını Azərbaycanın təzyiqilə əlaqələndirib.

Rusiyalı deputat “Danışır Moskva”ya müsahibəsində deyib: “Bu faciəli son idi. Çox təəssüf edirəm. Çünki Vardanyanın meydana çıxması vacib idi. O, "Dağlıq Qarabağ"ın əziyyət çəkən əhalisinə (etnik erməniləri nəzərdə tutur - red.) öz evlərini tərk etməyəcəklərinə ümid verirdi. Çox güman ki, Vardanyan ona qarşı olan təzyiqin dərəcəsini lazımi səviyyədə qiymətləndirməyib”.


Araikin məlum qərarından sonra Ruben təxribatçı əməllərinə haqq qazandıran açıqlama yaydı. Maraqlıdır ki, o, ermənilərə müraciətində "Soros" məsələsinə də üstüörtülü şəkildə toxunub. Vardanyan damarlarında axan faşist qanı və genini də unutmayıb. Njdeyə sevgisini önə çəkən təxribatçı deyib: "Mənim üçün keçmiş "sorosçu" yoxdur. İndiki hərbi vəziyyətdə real işlərlə məşğul olmağa və bizimlə çiyin-çiyinə irəli getməyə hazır olan insanlar vardı. Biz geriyə baxmırıq. Buna hazır olmayanlar ya cəzalandırılmalı, ya da bölgədən getməlidirlər. Çünki belələri bizim işimizə mane olmamalıdır. Bəlkə də yanaşmam çox radikal idi, amma peşman deyiləm. Bu yaxınlarda Njdenin bir kitabını oxudum. Onun 100 il əvvəl eyni şey haqqında yazdığını görmək maraqlı idi. Njdenin xatirələrindən bir neçəsini demək istəyirəm: “Ermənistanın liderləri daxili çəkişmələrə girmək əvəzinə öz çatışmazlıqlarına qarşı müharibə elan etsəydilər, ölkənin taleyi başqa cür olardı”. Mən özüm də bilirəm ki, ideal lider deyildim, səhvlər etmişəm. Amma səmimi, başqalarından daha çox özümə qarşı tələbkar olmuşam".


Qondarma rejimin "parlamentinin" keçmiş sədri Aşot Qulyan isə Njde sevdalısının vəzifədən getməsi haqqında diqqət çəkən açıqlamalar verib. O deyib ki, Moskvanın ötən il Xankəndiyə "yerləşdirdiyi" təxribatçının guya hazırda heç kimin himayəsinə ehtiyacı yoxdur. Qulyan Arayikin "dövlət naziri"ni təyin etmək və ya vəzifədən azad etmək səlahiyyətləri mövzusunda mübahisə aparmaq fikrində olmadığını vurğulasa da, qərarın sanki məcburi olduğuna işarə edib. Yəni işdən qovma tədbirinin 1-2 gün təxirə salınmaması suallar doğurur. "Beynəlxalq Ədalət Məhkəməsinin qərarından sonra qarışıq bir vəziyyətdə Rubenlə bağlı addım vacib idimi?", - Qulyan deyib.
Separatçı "elita" Arayikə qarşı: "Nəinki "dövlət", heç kələm tapmırıq"

Hüquq müdafiəçisi Avetik İşxanyan da Rubenin gedişinə biganə qalmayıb. O qeyd edib ki, Ermənistanda xeyli insan yenicə "dövlət naziri" seçilmiş birinin dünən vəzifədən uzaqlaşdırılmasından qəzəblənib. Azərbaycan isə Vardanyan məsələsi ilə kifayətlənməyəcək. Dəhlizin əvvəlki qaydada işləməsi üçün ciddi tələblər var. Hətta yol əvvəlk tək avtomobillərə açıq olsa belə, Bakı zaman-zaman dəhlizi bağlamaqla ermənilərə qulaqburması verəcək.


Qondarma rejimin deputatı Metxe Akopyan "24TV"-yə müsahibəsində mediamızı yada salıb. O, Azərbaycan mətbuatının Vardanyanın vəzifəsindən azad edilməsi xəbərini sevinclə təqdim etməsinə görə pis olduğunu deyib: “İki aydan çoxdur ki, yol bağlanıb və Arayik Arutyunyan Azərbaycanın tələbini yerinə yetirdi. "Prezidentin" bu davranışı Bakının Xankəndinin Azərbaycana inteqrasiyası ilə bağlı tələblərini qəbul etməsindən xəbər verir. Qarabağ ermənilərinin birliyini dağıtmağın ən yaxşı yolu Ruben Vardanyandan qurtulmaq idi. Çünki insanlar Vardanyanın təslim olmamaq çağırışları ətrafında toplaşmışdılar", - separatçı deputat gileylənib.


Politoloq Hayk Martirosyan da Vardanyanın "kürsü"dən atılmasını Bakının istəyinə çatması kimi qiymətləndirib: “Qeyri-adi heç nə baş verməyib. Rusiya növbəti dəfə ən yaxşı müttəfiqi Azərbaycanın tələbinə boyun əydi və ən vacib agentini öz maraqlarına qurban verdi. Moskva göndərdi, Moskva da meydandan sildi. Azərbaycan və Kremlin oyuncağına çevrilən Arayik Arutyunyan isə sadəcə sənədə imza atıb. Əslində Bakı Moskvaya mesaj vermişdi ki, Xankəndidə öz oyununu oynamasın. Və Moskva təslim oldu.

Ruben Vardanyan bu oyunda dəyişikliklər etmişdi. Bir sözlə, Azərbaycan rəhbəri cəmi bir neçə gün əvvəl Münhendə Vardanyan haqqında təhqiramiz danışaraq onun uzaqlaşdırılmasını tələb etdi. Arayik də bu tələbi yerinə yetirdi. İndi sabiqlər ("Qarabağ klanı"nı nəzərdə tutur - red.) ona qəhrəman deyəcək, satqın Arayikin qurbanına çevrildiyini iddia edəcəklər. Onlar Rubeni İrəvanda "qəhrəman" kimi tanıtmağa başlayacaqlar".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Rusiya   Xankəndi  





Xəbər lenti