"Hacıbala Abutalıbov bizi harda görürdü üzünü çevirirdi" - Tahir İmanov

   "Hacıbala Abutalıbov bizi harda görürdü üzünü çevirirdi" -    Tahir İmanov
  05 Fevral 2023    Oxunub:2619
"Ümummilli lider Heydər Əliyev konsertlərimizə gələndə çox az adam bizə irad bildirərdi. Çox az məmur qrim otağına qalxıb, bizə nəsə deyərdi".
AzVision.az xəbər verir ki, bunu musavat.com-a müsahibəsində "Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib.

Tahir İmanov "Parni iz Baku” dövründə məmurlarla bağlı baş verən əhvalatlardan danışıb: "Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov Heydər Əliyev Sarayının 5-ci mərtəbəsində yerləşən qrim otağına qalxıb, öz iradını bildirmişdi. Nə qədər ki, Heydər Əliyev bizim konsertləri izləyirdi, nə qədər ki, bu həyatda var idi, Hacıbala Abutalıbov bizi dəstəkləyirdi. 2000-ci ildə bizim 5 konsertimiz var idi. Hacıbala Abutalıbovu ilk dəfə parodiya edəndə səhər tezdən mənə zəng gəldi. Özünü təqdim etdi, dedi ki, vaxtınız varsa, bu gün görüşək. Dedim ki, konsertə hazırlaşıram, dedi, 5 dəqiqə vaxtınızı alacam. Görüşdük, parodiyaya görə mənə təşəkkür etdi. Soruşdum ki, parodiyadan necə xəbər tutmusunuz? Dedi ki, cənab prezident mənə bu haqda deyib. Bildirdi ki, imkan varsa, qısa zamanda o çıxışa baxmaq istəyirəm. Dedim ki, qısa zamana söz vermirəm, amma kaset hazır olan kimi göndərəcəm. Ondan sonra bizə salam da vermədi. Bizi harda görürdü üzünü çevirirdi. Parodiyaya məruz qalmış məmurların 90 faizinin bizdən zəhləsi gedir desəm, yanılmaram. Heydər Əliyev faktoru var idi, ondan çəkinirdilər".

Əməkdar artist ölüm təhdidi aldığnı bildirib: "Məni ölümlə təhdid edən bir nəfər olub. Başına oyun açaram, səni yer üzündən silərəm demişdi. Allah ona can sağlığı versin. Onun adını çəksəm, bizim böyük müğənninin stereotipi dağılacaq bir anın içərisində. O, müxtəlif illərdə Azərbaycanı dünya arenasında təmsil edib, Azərbaycanın fəxridir. O illərdə müxtəlif təzyiqlər var idi, məmurlar öz narazılıqlarını bildirirdilər. Biz də hər dəfə konsertdən sonra Heydər Əliyevlə görüşəndə bu barədə bildirirdik".

"O dövrdə bizi dəstəkləyən dövlət məmurları da olub. Onlara da öz təşəkkürümü bildirirəm. Onların bəzilərini işdən çıxarıblar, şəxsi nömrələrini də bilmirəm. Mənim Elmar Məmmədyarovla, Əbülfəs Qarayevlə çox yaxşı münasibətim olub. Əbülfəs Qarayevlə indi də yaxşı münasibətim var. Elə məmurlar da var, deyir ki, sizə dəstək göstərsəm də, adımın çəkilməsini istəmirəm. Bu dəstəyi Azərbaycan naminə etmişəm. Qadağalara görə mən min dəfə Allaha şükür etdim. Sənət adamlarını tanıdım. Həmin müğənnilər qadağada olanda mən həftədə 1 dəfə, vaxtım olanda zəng vurub hal-əhval tuturdum. Amma 1 nəfər zəng edib soruşmadı ki, KVN necə dolanır", deyə Tahir İmanov qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti