“Tezliklə bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək”- Latviyalı hərbi ekspert

   “Tezliklə bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək”-    Latviyalı hərbi ekspert
  26 Dekabr 2022    Oxunub:3034
“Hazırda KTMT acizdir, bunu başa düşmək lazımdır. SSRİ dağılandan sonra Rusiyanın əsas vəzifəsi Varşava Müqaviləsi Təşkilatının xarabalıqları üzərində alternativ qurum yaratmaq idi. Moskvaya keçmiş SSRİ ərazilərini nəzarətdə saxlamaq iqtidarında olan hərbi-siyasi alət lazım idi. Ancaq bu gün Rusiya Ukraynadakı müharibədə batıb qaldığından vəziyyət kökündən dəyişib”.
Bunu AzVision.az -a hərbi ekspert, Latviya silahlı qüvvələrinin istefada olan baş zabiti Eynars Qraudins deyib. Onun sözlərinə görə, Kreml artıq müharibəni uduzmuş sayıla bilər: “Rusiya isteblişmentinin ən ciddi səhvi KTMT-nin bir üzvünün digər keçmiş üzvünə hücum etməsi oldu. Rusiyanın bu davranışını nəzərə alsaq, KTMT-nin bundan sonrakı mövcudluğundan söhbət gedə bilməz. Bu təşkilat artıq əsas funksiyasını yerinə yetirmir”.

Digər tərəfdən, Qraudins qeyd edib ki, KTMT Ermənistan-Azərbaycan münaqişəsində nəsə etmək iqtidarında deyil. Çünki orada Ermənistanın maraqları naminə Azərbaycanın əleyhinə getməyəcək türk dövlətləri faktoru var.

“Amma düşünürəm ki, yaxın gələcəkdə bütün Qarabağ bölgəsi de-fakto Azərbaycanın nəzarətinə keçəcək. Qarabağdakı qondarma dövlət qurumu ləğv olunacaq. Bu, zaman məsələsidir, bir neçə ilə, bəlkə də bir neçə aya həll olunacaq”,- ekspert vurğulayıb.

Eynars Qraudins deyir ki, Rusiyanın Ukraynadakı hərbi uğursuzluğu və böyük daxili siyasi problemlərinin olması ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasını sürətləndirəcək. Rusiya Ukrayna ilə müharibə səbəbindən Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi rolunu öz üzərinə götürə bilməz.

Belə vəziyyətdə Ukrayna hadisələri fonunda Qafqaz oyununa birdən-birə İran daxil olur. “O, Rusiyanın strateji tərəfdaşıdır, çünki Rusiyaya müdafiə üçün deyil, müharibə zonasında hücum əməliyyatları üçün silah verir. Söhbət pilotsuz uçuş aparatlarından gedir. Rusiya Federasiyası və İran müxtəlif səbəblərdən Qarabağda gərginlik yaradacaqlar. Bölgəyə sülh təminatını Türkiyə gətirə bilər. Türkiyə dünyanın ən güclü ordularından birinə, texnoloji təchizata və müasir silahlara malikdir. Ermənistandakı ağıllı adamlar başa düşməlidirlər ki, Qarabağda ayrıca psevdoformasiyanın vaxtı keçib. Sadəcə bunu ayıq başla dəyərləndirmək və qəbul etmək lazımdır”,- E. Qraudins bildirib.

Murad Nəcəfov
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti