Sorosla azərbaycanlı nazir Bakıda “qızılgül inqilabı” hazırlayırdı...

Sorosla azərbaycanlı nazir Bakıda “qızılgül inqilabı” hazırlayırdı...
  14 May 2014    Oxunub:1820
Amerikalı milyarder və birja fırıldaqçısı Corc Soros Azərbaycanı qarışdırmaq və inqilab yolu ilə hakimiyyəti dəyişdirmək planlarında ittiham olunur.

Virtualaz.org saytı xəbər verir ki, lakin bu dəfə Sorosa qarşı belə ittihamla çıxış edənlər Azərbaycan rəsmiləri deyil.

Soros Fondunun və Amerika hökumətinə, xüsusi xidmət orqanlarına bağlı olan müxtəlif fondların demokratiya və vətəndaş cəmiyyətinin inkişafına dəstək adı altında Azərbaycan kimi ölkələrdə siyasi xaos, qarşıdurma və inqilabi proseslər başlatmaq səyləri haqda neçə illərdir Bakının dediklərini indi Vaşinqtonda da təsdiq edirlər.

Xəbərə görə, Sorosun Azərbaycanla bağlı bu dağıdıcı fəaliyyəti ABŞ Dövlət Departamentinin Avropada Təhlükəsizlik və Müdafiə Araşdırmaları Mərkəzi - Corc Marşall Fondu ilə birgə təşkil etdiyi forumla bağlı gündəmə gəlib. Forum bu gün keçiriləcək.

“Washington Free Beacon” nəşri yazır ki, foruma məruzəçi kimi Corc Soros da dəvət olunub. Onu publikaya dövlət katibi Con Kerri şəxsən təqdim edəcək. Soros “Vətəndaş cəmiyyətinin möhkəmlənməsi, demokratiya və dünya iqtisadiyyatı” mövzusunda məruzə edəcək.

Nəşr yazır ki, Corc Soros “Soros Fund Management” adlı investisiya fondu vasitəsilə böyük sərvət toplayan məşhur birja fırıldaqçısıdır və o, Açıq Cəmiyyət İnstitutu şəbəkəsi vasitəsilə 30 ilə yaxındır xarici ölkələrdə ABŞ-a bağlı qruplar formalaşdırır. Eyni zamanda Soros ABŞ Demokratlar Partiyasının ən iri sponsorlarından biridir. O, 2004-cü il seçkilərində indiki dövlət katibi Con Kerrinin seçki kampaniyasına 24 milyon dollar vermişdi və ən iri donorlardan biri olmuşdu.

Məqalədə bildirilir ki, Soros siyasi əlaqələrindən istifadə edərək öz investisiyalarından daha çox gəlir əldə edir.

Vaşinqtondakı aparıcı beyin mərkəzlərindən olan Amerika Sahibkarlıq İnstitutunun (American Enterprise İnstitute -AEİ) elmi əməkdaşı, Corc Buş administrasiyasında Pentaqonun müşaviri işləmiş Yaxın Şərq üzrə ekspert Maykl Rubin dövlət katibi Con Kerrinin Corc Sorosu bu foruma çağırmasını və onu publikaya şəxsən təqdim etməsini kəskin tənqid edib.

“Mən hesab edirəm ki, Kerri bu tədbirdən sonra özünü təmizə çıxarmaq üçün çoxlu duş qəbul etməli olacaq. Çünki Sorosa xidmət emək fahişəliyin diplomatik ekvivalentidir” - deyə Maykl Rubin bildirib.

M.Rubin dövlət katibinin bu cür adamla yanaşı dayanmasını “dəhşətli hal” adlandırıb. O, Sorosun demokratlar administrasiyası ilə çoxdankı əlaqələrini, maliyyəçinin siyasi təbliğatla biznesin ər-arvad olduğu barədə son açıqlamasını xatırladıb.

“Əgər Kerri Dövlət Departamentində qonaqlar üçün forumun açılışını edirsə, bu forumda niyə pakistanlı məktəbli qız, taliblərin öldürmək istədiyi Malala Yusufzay kimi adam yoxdur?” - deyə Maykl Rubin sual edib.

“Washington Free Beacon” daha sonra yazır ki, Sorosun xarici ölkələrdəki fəaliyyəti ABŞ-ın ənənəvi xarici siyasət mövqelərinə ziddir və onun Dövlət Departamentinin keçirdiyi foruma qatılmasına dair çoxlu suallar meydana çıxarır. Məsələn, ötən ilin mayında “Monitor NGO” tərəfindən açıqlanmış hesabata görə, Açıq Cəmiyyət İnstitutu İsrailə qarşı kampaniya aparan, onu “aparteid dövləti” adlandıran qrupları maliyyələşdirib.

“Həmçinin Soros Dağlıq Qarabağa görə on illərdir sərt qarşıdurma içində olan Azərbaycan və Ermənistan kimi ölkələrdə müxalifət qruplarını və KİV-lərini maliyyələşdirib. Sorosun bu ölkələrdəki fəaliyyəti yerli liderlərin narahatlığına səbəb olub. Belə ki, Soros bu ölkələrdə müxalif qrupları maliyyələşdirməklə Gürcüstanda olduğu kimi “qızılgül inqilabı” törətməyə çalışıb. Hansı ki, bu fəaliyyət gərginliyi artıra və Qarabağda müharibənin yenidən başlamasına səbəb ola bilərdi” - deyə nəşr yazır.

“Washington Free Beacon” məqalənin bu yerində Sorosun fəaliyyəti ilə bağlı vaxtilə “Forbes” jurnalının şərhçisi Riçard Miniterin məqaləsinə keçid verir.

Riçard Miniterin 2011-ci ildə “Forbes”də dərc edilmiş məqaləsində göstərilir ki, Soros növbəti “qızılgül inqilabı”nı həyata keçirmək üçün hökumətin iqtisadi blokunda yer alan nazirlərdən birinə gizli dəstək verir. Riçard Miniter yazır ki, Sorosun həmin nazirlə gizli əlaqələri Azərbaycan rəhbərliyini narahat edibmiş. Azərbaycan rəhbərliyi Amerika rəsmiləri ilə görüşlərdə sual edib ki, Sorosun həmin naziri gizli dəstəkləməsi özfəaliyyətdir, yoxsa Dövlət Departamentinin təlimatıdır.

Əslində isə Azərbaycan rəhbərliyi bu sualın cavabını bilirdi və nəzakət xatirinə məsələni belə qoyurdu. Çünki Sorosun Obama üçün alver etdiyini Bakıda yaxşı bilirdilər.


Teqlər:  





Xəbər lenti