Onilliyin ən sevimli sualı
(Burada bir haşiyəyə çıxmasam, olmaz. “İnsan dövlət üçün” o demək deyil ki, insanlar dövlətə fəda olmalıdırlar. Əsla. Bu, çox dərin fəlsəfədir və onu belə dayazlaşdırmaq olmaz! Biz “dövlət insan üçün” prinsipinin reallaşdırılmasının formulunu ASAN xidmətin simasında tapmışıq. Amma “insan dövlət üçün” yanaşmasının optimal tətbiqinin düsturu məncə hələ, həllini gözləyir. )
“Totall recall” filmində (mən 1990-cı ildə Pol Verxuvenin çəkdiyi, baş rollarda Arnold Şvartsnegerlə Şeron Stoun oynayan klassik versiyanı nəzərdə tuturam) lap sonda belə bir səhnə var: Kueyd düyməni bASAN kimi Marsın terraformasiya prosesi başlayır və elə sürətlə gedir ki, bir neçə dəqiqədən sonra insanlar artıq planetin atmosferində nəfəs ala bilirlər. Reallıqda belə olmur, planetlərin terraformasiyası üçün minilliklər lazımdır. Di gəl ki, ASAN bizim ölkənin ictimai-siyasi landşaftını fantastik filmlərdəki sürətlə terraformasiya etdi. Dediyim kimi, bir səhər gözümüzü başqa ölkədə açdıq...
Rusların məşhur deyimi var: “к хорошему быстро привыкаешь”. İndi bizə elə gəlir ki, hər şey elə həmişə belə olub, ayrı cür ola da bilməzdi. Biz ASAN-da bir saat gözləməli olduğumuzu biləndə az qalırıq silahlı üsyan edək. Elə düşünürük ki, vaxtilə xarici pasport növbəsinə dura bilmək üçün səhər 6:00-da evdən çıxmaq nəsə əcaib bir qarabasma olub.
Dövlət xidmətlərini əldə etmədə hətta Avropa standartlarını da qabaqlayan ultramüasir rahatlıq yaxşıdır, amma mənə görə əsas olan bu deyil. Daha vacibi odur ki, ASAN ölkəmizin ictimai-siyasi landşaftını terraformasiya etdi. “Məmur” anlayışını dəyişdi, dövlət qulluqçularına tamam yeni obraz və sima qazandırdı. ASAN-a qədər “məmur” deyəndə hamının gözünün qabağına mütləq acıqlı, özünü sıravi vətəndaşdan üstün sayan, sanki təkəbbüründən piylənmiş kimi görünən xudpəsənd tiplər gəlirdilər. Biz onların qabağında boynumuzu büküb durur, onlar isə heç nəyi veclərinə almadan kreslolarında saymazyana qurdalanırdılar. Ardınca gəldiyimiz sənədi ala biləndə ilan ağzından qurtulmuş dovşan sevinci ilə həmin idarədən götürülürdük ki, bu məşum yerdən uzaq olaq. Vətəndaşın onlara nifrəti istər-istəməz bütövlükdə dövlətə olan münasibətinə də sirayət edirdi. Məmur olsa-olsa karikaturaların və lətifələrin (məəə... mırrrrr...) qəhrəmanına çevrilə bilərdi. Onlara lağ etməyi hər kəs özünün müqəddəs borcu sayırdı.
İndi dövlət başçımızın da dəfələrlə təkrarlaması nəticəsində hamı bilir ki, məmur – xalqın xidmətçisidir, amma bu konsepsiyanın Azərbaycan reallığında praktikada necə reallaşdırılmasını ilk dəfə ASAN xidmət göstərdi. Ondan sonra dövlət xidmətləri sferasında terraformasiya başladı, digər təşkilatlar da bu modelə can atmağa çalışdılar, çalışırlar... Bəzən uğurlu olur, bəzən uğursuz, amma bütün hallarda heç nə daha əvvəlki kimi olmur (və ən əsası da budur), çünki əvvəlki – ASANaqədərki dünya daha yoxdur.
Vətəndaş ilk dəfə məhz ASAN-ın binalarında dövlətin onu saydığını, fikrinə önəm verdiyini hiss etdi. “Xidmətimizdən razı qaldınızmı” sualı vətəndaşın fikrinə verilən önəmin simvoluna çevrildi. Bu, Azərbaycan insanı üçün son onilliyin ən sevimli sualıdır.
Mənə həmişə ən maraqlı gələn məqam ASAN-dan sonra Azərbaycanın inzibatı həyatında akronimlər mərhələsinin başlaması olub: DOST, TƏBİB, SƏLİS... Bəzi hallarda açığı, akronim yaratmağa heç ehtiyac da olmayıb, sadəcə, dəyərləri tətbiq etmək yetərdi. Çünki ASAN qəşəng akroniminə (qara qaşına) görə yox, inandığı, tətbiq etdiyi və sadiq qaldığı DƏYƏRLƏRİNƏ görə bu qədər uğurlu alındı, brendə çevrildi. On ildir həmin dəyərləri çiynində daşımaqla bütöv ölkəni, xalqı dəyişdi.
İndi geriyə baxanda məlum olur ki, ASAN – Azərbaycanın sabahını qurmaq layihəsi idi. Əla alındı, amma sabah həmişə var axı, eynilə “daha asan” anlayışı da həmişə var. ASAN bizi həm də pis öyrətdi: Şəxsən mən dəfələrlə hansısa başqa xidmətlərin (ən çox da banklar və internet) əməkdaşları ilə mübahisə edəndə özümü “ASAN xidmətdən öyrənin də!” deyərkən yaxalamışam. ASAN-ı görəndən sonra biz istəyirik ki, hər yer asan olsun hər şey asan olsun...
...Hərçənd, bir dəqiqə: Niyə də yox?!
Hə, az qala yadımdan çıxmışdı: Bəli, xidmətinizdən razı qaldıq!
Vüsal Məmmədov
AzVision.az
Teqlər: ASAN