ABŞ-ın Ukraynaya verdiyi “ScanEagle” PUA-sı nələri bacarır

   ABŞ-ın Ukraynaya verdiyi    “ScanEagle” PUA-sı    nələri bacarır
  04 Dekabr 2022    Oxunub:6083
ABŞ-ın Ukraynaya növbəti yardım paketinə “Puma” , “Scan Eagle” və gəmilərdən buraxıla bilən “Vampire” PUA-ları da daxil edilib. Bu silahların Ukraynaya əks-hücum əməliyyatlarını dəstəkləmək məqsədilə çatdırıldığı ehtimal olunur.
“ScanEagle” PUA-sı ABŞ-ın “Boeing” və “Insitu” şirkətlərinin “SeaScan” pilotsuz vasitəsinin dizaynı əsasında hazırlanıb. 1998-ci ildə “Insitu” Vaşinqton Universiteti ilə birlikdə pilotsuz uçuş aparatı ilə dünyada ilk transatlantik uçuşu (Nyufaundlenddən Şotlandiyaya) uğurla həyata keçirərək bu cür cihazların real potensialını nümayiş etdirmışdi.

PUA kəşfiyyat, döyüş sahəsini müşahidə etmək və hədəf təyin etmək üçün nəzərdə tutulur. Onun yerləşdirilməsi üçün aerodroma ehtiyac duyulmur. “ScanEagle” pnevmatik katapultdan buraxılır. Eniş üçün kabellə dirəyə bağlanan qarmaqdan istifadə olunur.


“ScanEagle” kompleksinə həm ərazidə, həm də müxtəlif tipli gəmilərin göyərtələrində quraşdırıla bilən kiçik ölçülü “Sky Wedge” mancanağı, “Sky Hook” enmə qurğusu və idarəetmə məntəqəsi daxildir.

“ScanEagle” ilk uçuşunu 2002-ci ilin aprelində uğurla başa çatdırıb. Sınaqlar Oreqon tədqiqat müəssisəsində baş tutub. 1,5 saat davam edən uçuş sınaqları çərçivəsində “ScanEagle” müxtəlif hündürlüklərdə və müxtəlif məsafələrdə təlim hədəflərinin - nəqliyyat vasitələrinin, binaların və künc reflektorlarının radar kəşfiyyatını həyata keçirib.

“ScanEagle” 2004-cü ildən ABŞ Ordusu, 2005-ci ildən isə Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur. O, ekstremal şəraitdə, gecə-gündüz düşməni izləmək üçün nəzərdə tutulub. Dronun çəkiliş, atəşi yönləndirmə və rabitənin ötürülməsi məqsədilə istifadə olunan avadanlıqları digər faydalı yüklərlə əvəz edilə bilər.


“ScanEagle”ın uzunluğu bir metrdən, qanadları 3 metrdən, maksimal sürəti isə 120 km/saatdan çoxdur. 6000 metrə qədər hündürlükdə uça bilir. PUA-nın ön hissəsinə sabit və fırlanan, infraqırmızı və ya elektro-optik kameralar quraşdırılıb.

2008-ci ilin yazında “Boeing” uçuş kütləsi 20 kq-dan az olan “ScanEagle” PUA-sının faydalı yük kimi ultrayüngül “NanoSAR” yan görünüşlü sintetik diafraqma radarı ilə təchiz olunduğunu elan etdi. “NanoSAR” dünyanın ən kiçik yandan skan edən sintetik diafraqma radarıdır. Çəkisi 1 kq-dan az, təxminən ayaqqabı qutusu boydadır. Yan görünüşlü radarlardan taktiki kəşfiyyat vasitəsi kimi istifadə istənilən hava şəraitində ərazinin monitorinqi, strukturlara nəzarət və s. imkanı yaradır.

“A-20” nanoradarı bir sıra texnoloji xüsusiyyətlərə malikdir ki, bu da onun pilotsuz sistemlər ilə inteqrasiyasını xeyli sadələşdirir və “Plug-and-Play” rejimində işləyən RS232 və ya RS485 interfeysi ilə tətbiqinin çevikliyini təmin edir. Radar bortda təsvirin emalı ilə zolaq rejimində işləyir, nəticədə istifadəçi real vaxt rejimində NTSC formatında videotəsvir əldə edir. Radarın fəaliyyət məsafəsi 3300 m, məkan ayırdetmə qabiliyyəti təqribən 35 sm, enerji sərfiyyatı isə 10-25 vatt arasındadır.


Hərəkətli hədəflərin funksionallığı və/yaxud göstərilməsi rejimləri (Ground Motion Target Indicators, GMTI), hərəkət kompensasiyası, geolokasiya, real vaxt rejimində Pan və Zoom rejimləri, Wi-Fi 802.11g simsiz protokolu vasitəsilə əlaqə və ya bortdakı fleş yaddaşda məlumatların saxlanması “şüalanma” əməliyyatı olmadan gizli uçuş rejimlərindən istifadə edərkən də həyata keçirilir.

“Scan Eagle” PUA-sının “Northrop Grumman Stealthy Affordable Capsule System” proqramı çərçivəsində hazırlanmış “Scan Eagle Compressed Carriage” (SECC) adlı qanadları qatlana bilən və sualtı qayıqdan buraxılan versiyası da var.

İstifadə edən ölkələr

• Əfqanıstan:
2016-cı ilin yazında ABŞ-dan hərbi yardım proqramı çərçivəsində ilk PUA-lar Əfqanıstan ordusuna verildi (19 aprel 2016-cı ildə onlardan birincisi Helmand əyalətində ilk uçuşunu etdi);

• Birləşmiş Krallıq: 2013-cü ilin iyun ayında Kral Donanması üçün PUA-lar sifariş edildi;


• İraq: 2013-cü ilin dekabrında ABŞ İraqa “Scan Eagle” pilotsuz uçuş aparatlarını təhvil verdi;

• Polşa: 2009-cu ilin noyabrında Polşa silahlı qüvvələri üçün PUA-ların alınması ilə bağlı danışıqlar başladı, 2010-cu ilin fevralında onlar FMF hərbi yardım proqramı çərçivəsində ABŞ-dan alındı və Polşanın ISAF kontingenti tərəfindən Əfqanıstanda istifadə edildi;

• ABŞ:
2004-cü ilin yayında ilk prototip “ScanEagle” döyüş bölgəsində sınaqdan keçirilmək üçün İraqdakı ABŞ Dəniz Piyadaları Korpusuna təhvil verildi, 2005-ci ildə PUA Hərbi Dəniz Qüvvələri tərəfindən silahlanmaya qəbul edildi;

• Ukrayna: 2022-ci ilin avqustunda ABŞ-dan hərbi yardım proqramı çərçivəsində 15 ədəd “ScanEagle” PUA-sından ibarət partiya silahlanmaya qəbul edildi;

• Çexiya: 2015-ci ildə ABŞ-dan hərbi yardım proqramı çərçivəsində bir partiya “ScanEagle” əldə olundu.

İtkiləri

4 dekabr 2012-ci ildə İranın bildirdiyinə görə, hava məkanına müdaxilə edən bir ədəd “ScanEagle” ölkənin aerokosmik qüvvələri tərəfindən Fars körfəzi üzərində ələ keçirilib. ABŞ Müdafiə Departamentinin rəsmiləri PUA-nın itirilməsini təkzib ediblər.


2013-cü il fevralın ortalarında İran “Scan Eagle” nüsxələrinin seriyalı istehsalına başladığını elan etdi. 21 oktyabr 2013-cü ildə İran istehsalı olan “Scan Eagle” PUA-sının plagiat modeli Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı, general-leytenant Viktor Bondarevə təqdim edilib.

Taktiki-texniki xüsusiyyətləri

Fəaliyyət diapazonu: 100 km
Faydalı yükün kütləsi: 6 kq
Qanad genişliyi: 3.11m
Uzunluğu: 1.37 m
Kütləsi: 13.1 kq (faydalı yüksüz)
Maksimum uçuş kütləsi: 20 kq
Mühərrik növü: 1 PD 3W
Gücü: 1 x 1.90 a.g
Maksimum sürəti: 148 km/saat
Kreyser sürəti: 90 km/saat
Uçuş müddəti: 24 saatdan çox
Praktik yüksəklik: 5944 m

Nəticə

Uzaqmənzilli avtonom “ScanEagle” PUA-ları bərk yanacaq və ya benzinlə işləyən mühərriklə təchiz oluna bilər. Müşahidə üçün PUA kamera və zoom teleskopundan, həmçinin orta infraqırmızı kameradan ibarət EO950 elektro-optik modulundan istifadə edir. O, videonu analoq daşıyıcıya yaza və ya təhlükəsiz rəqəmsal kanal vasitəsilə ötürə bilər.

Ukraynanın Pentaqondan bu pilotsuz uçan aparatlardan 15 ədədini aldığı ehtimal olunur. Təxminən bir ədədi 3 milyon dollara başa gələn bu vasitələr Ukrayna Ordusunun davam edən əks-hücumları zamanı əməliyyat şəraiti haqqında kəşfiyyat məlumatlarının əldə edilməsində mühüm əhəmiyyət daşıyır.

Hazırda Ukrayna cəbhəsində Rusiya ordusu üçün kifayət qədər gərgin əməliyyat şəraiti davam edir. Ümumilikdə Rusiya ordusu təşəbbüsü əldən verib və geri çəkilməkdədir. Taktiki və mənəvi-psixoloji üstünlük birmənalı olaraq Ukrayna qoşunlarına keçib. Rusiya hazırda resurslarını və ehtiyatlarını qorumaq üçün bir çox yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalıb.

Ukrayna Ordusunun əks-hücum templərini qoruyacağı təqdirdə Qərbdən gələn silah yardımının daha da artacağı şübhə doğurmur. Bu isə Ukrayna Ordusunun işğalçı qüvvələrə müqavimət potensialının yaxşılaşmasını, rusların şəxsi heyət və texnika itkilərinin artacağını, ukraynalıların geniş miqyasda əks-hücumlar həyata keçirə bilyəcəyini ehtimal etməyə əsas verir.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün



Teqlər: Hərbi-texnika   PUA  





Xəbər lenti