Region ölkələri inflyasiyaya qarşı nə edə bilərlər – Stanislav Tkaçenkonun fikri

   Region ölkələri inflyasiyaya qarşı nə edə bilərlər –    Stanislav Tkaçenkonun fikri
  23 Oktyabr 2022    Oxunub:1371
“Qlobal ərzaq bazarı son bir neçə ayda istehsal və dövlətlərarası ticarətdə qeyri-sabit artım vəziyyətindədir. 2022-ci ilin yazında hakim olan həyəcanverici vəziyyət getdikcə daha çox proqnozlaşdırıla bilən və başadüşülən hala gəlir. Onun əsas xarakterik xüsusiyyəti planetdə istehsal olunan əsas ərzaqların - bitki yağı, qarğıdalı, süd məhsulları, ət, həmçinin düyünün qiymətlərinin düşməsidir”.
Bu sözləri AzVision.az -a müsahibəsində iqtisadiyyat elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko deyib. O bildirib ki, eyni zamanda, taxıl bazarında həyəcanlı vəziyyət qalmaqdadır: taxılın qiymətləri ən yoxsul ölkələrin çoxunun ala bilməyəcəyi səviyyədədir və qlobal istehsal azalmaqda davam edir. Rusiyada rekord miqdarda buğda və bir sıra digər taxıl məhsulları yığılmasına baxmayaraq, qlobal ərzaq təhlükəsizliyi üçün vacib olan bu əmtəənin ümumi istehsalı Çində və ABŞ-ın bir sıra regionlarında iqlim problemlərinə görə azalır.

- Məlum problemləri nəzərə alsaq, sabitliyi pozan başqa hansı amillərdir?
- ABŞ-ın pul siyasəti ərzaq bazarında da sabitliyi pozur. Vaşinqton və Federal Ehtiyatlar Sisteminin 2022-ci ilin yayının sonunda inflyasiyanın azaldılması və Amerikanın daxili bazarına xarici kapitalın cəlb edilməsi aləti kimi güclü dollara etdiyi “stavka”, demək olar ki, bütün milli valyutaların dəyərdən düşməsinə, eləcə də dollarla alınan xammalın qiymətlərinin armasına səbəb olur.
Şərqi Afrika fəlakət zonası olaraq qalır, burada illərlə davam edən quraqlıq və daxili siyasi təlatümlər nəticəsində milyonlarla insanın əziyyət çəkə biləcəyi aclıq təhlükəsi artmaqdadır.
Növbəti illərdə Rusiya və postsovet məkanının digər ölkələrinin öz milli iqtisadiyyatlarının kənd təsərrüfatı sektorunu inkişaf etdirmələri üçün yaxşı perspektivlər var. Güman etmək olar ki, logistika problemləri həll olunacaq, dövlətlər arasında ərzaq daşımaları lazımi miqyasda həyata keçiriləcək, ixracatın məhdudlaşdırılması tədbirlərindən getdikcə daha az istifadə olunacaq. Bu tendensiyaya həm də qlobal nəqliyyat və logistika sektorunda COVID-19 pandemiyasının dramatik fazasındakı kəskin bahalaşmadan sonra bir neçə aydır ucuzlaşan qiymətlər də müsbət təsir edir.
Qlobal tənəzzül, onun yaratdığı təhlükə, Aİ və ABŞ-da iqtisadiyyatın azalması, eləcə də bir çox ölkələrdə yüksək ikirəqəmli inflyasiyanın getdikcə artması bölgəmizdə ərzaq ticarətinin sabitliyi ilə bağlı çağırışlara səbəb ola bilər. Rusiyaya qarşı iqtisadi sanksiyalar qida emalı üçün müəyyən növ xammalın istehsalı, onun keçmiş SSRİ regionu daxilində, habelə onun hüdudlarından kənarda daşınması üçün zəruri olan nəqliyyat vasitələrinin sığortası və icarəsi ilə bağlı çətinliklər mənfi rol oynamaqda davam edir.

- Sizcə, hansı birgə layihələrin həyata keçirilməsi Rusiya, Azərbaycan və Mərkəzi Asiya ölkələrinə inflyasiyanın nəticələrini minimuma endirməyə imkan verərdi?
- Dövlətlərimizin iqtisadiyyatlarının inkişafı və transsərhəd ticarətin həcminin artırılması üçün inflyasiya təhlükəsinin azaldılması baxımından əsas vasitə hesablaşmalarda milli valyutalardan istifadəyə keçiddir. 2022-ci ilin fevral-mart aylarında baş verən ilk şok dalğalanmalardan sonra Rusiya rublu dünyanın ən sabit valyutalarından birinə çevrilib. Ona görə də, bu gün Moskva postsovet məkanındakı tərəfdaşlarla ticarətin dedollarizasiyasında maraqlıdır. Bölgəmizdəki digər dövlətlərin milli valyutalarından və ya Çin yuanından istifadə edilməsi də yaxşı seçim olardı.
Daha geniş kontekstdə Aİİ daxilində iqtisadi inteqrasiya və bu strukturun regionun ayrı-ayrı dövlətləri ilə tərəfdaşlığı həm də qlobal tənəzzül təhlükəsinin artdığı bir vaxtda iqtisadiyyatda qeyri-sabitliyin qarşısını alacaq zəruri maneələr yaradacaq.

- Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan interkonnektoru üzrə müqavilə qazı verildi. Bu hadisəni necə qiymətləndirirsiniz?
- Türkiyə, Azərbaycan və Balkan yarımadası dövlətləri arasında sıx əməkdaşlığın nəticəsi olan bu nailiyyəti ancaq alqışlamaq olar. Avropa təbii qaz əldə etmək üçün yeni etibarlı marşrut əldə edib. Azərbaycan qazı Avropa istehlakçılarına kifayət qədər yaxın məsafədə yerləşir, onun çatdırılması getdikcə inkişaf edən boru kəmərləri sistemilə təmin edilir.
Dünyada əsas tendensiyanın borulardan imtina edilməsi və mayeləşdirilmiş təbii qaz (LNG) üçün qlobal bazarın inkişafı olduğu bir şəraitdə kəmərinin tədarükü riskli görünür. Ancaq eyni zamanda unutmaq olmaz ki, bu, qazın nəqlinin ən qənaətcil və ekoloji cəhətdən təmiz yoludur, onu LNG daşıyıcıları üçün hələ mövcud olmayan həcmlərdə tədarük etmək imkanları var. Ona görə də, Cənub Qaz Dəhlizi imkanlarının gələcək inkişafı bizə müstəsna dərəcədə müsbət proses kimi görünür.

Murad Nəcəfov
AzVision.az



Teqlər: İnflyasiya  





Xəbər lenti