Ədalətin Zəfəri və Zəfərin Ədaləti

      Ədalətin Zəfəri və Zəfərin Ədaləti
  26 Sentyabr 2022    Oxunub:1914
Bir xalqı, onun milli ideologiyasını, təfəkkürünü, kimliyini və milli xarakterini əsrlər boyu davam edən mürəkkəb tarixi proseslər formalaşdırır. Milli özünüdərk məfkurəsi xalqın tədricən inkişaf edən milli mədəni-siyasi ruhu ilə nə qədər bağlı olsa da, hər bir xalqın tarixində onun formalaşma prosesinə yön verən, xarakterini müəyyənləşdirən mühüm tarixi hadisələr vardır. Bu hadisələr milli şüur və xarakterə yeni məzmun və ahəng verir.
Bu baxımdan, Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan, Azərbaycan xalqının milli-psixoloji təfəkkürünə və özünüdərk prosesinə mahiyyətcə yeni istiqamət verən bu tarixi hadisələrdən ən mühümü heç şübhəsiz ki, dövlətimizin Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qazanılmış tarixi Zəfəri və işğal atlındakı torpaqlarımızın azad edilməsidir.

Tarixə qısa nəzər saldıqda, Azərbaycanın yerləşdiyi coğrafi mövqenin mürəkkəbliyi tarixən xalqımızın formalaşması və onun keçdiyi özünüdərk prosesində silinməz iz qoyduğunun şahidi oluruq. 70 il SSRİ tərkibində olan Azərbaycan öz müstəqilliyinə qovuşaraq Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində azərbaycançılığı milli ideya səviyyəsindən milli ideologiyaya çevirmişdir. Bu, hər şeydən əvvəl bir vətəndaşlıq ideyası – vahid məqsədə, amala xidmət ideologiyası idi. Bu ideya Azərbaycanın bütövlüyü və bölünməzliyini, sərhədlərinin pozulmazlığını, suverenliyi xalqımızın milli kimlik fəlsəfəsinin özəyinə çevirmişdir.

F.Fukuyama deyir: “Əgər dövlət quruculuğu haqqında elmi yaratmaq mümkün olsaydı, ona nə qədər böyük tələbatın olacağını təsəvvür etmək olardı. Çünki bununla həm güclü dövlət qurmaq, həm də beynlxalq sistemin əsasları olan, öz-özünü təmin edən siyasi institutların fəaliyyətini təmin etmək mümkün olardı”.

Yeni Azərbaycan üçün dövlət quruculuğu haqqında bu cür elmi baza məhz Heydər Əliyevin dühasının məhsulu olmuş, onun tərəfindən həm bu elmin nəzəri əsasları müəyyən edilmiş, həm də praktiki tətbiqinin real nəticələrini bütün dünyaya nümayiş etdirilmişdir.

Azərbaycanın böyük Zəfərinə aparan təməllər, həm dövlət quruculuğu, həm də xalqın siyasi-psixoloji hazırlığı nöqteyi nəzərdən məhz Heydər Əliyevin rəhbərliyi altında qoyulmuşdur. Azərbaycan dövlətçiliyinin xilası və inkişafı olan bu strateji xətt Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilmiş, ardıcıl, sistemli və fasiləsiz fəaliyyət bu günün reallıqlarını formalaşdırmışdır.


Hələ 10 il öncə, 2012-ci ildə dövlət başçısı öz çıxışlarında keçmiş münaqişə ilə bağlı olaraq bildirirdi: “Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanır”. Tarixi ədalət isə ondan ibarətdir ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilər Azərbaycanın əzəli dədə-baba torpaqları olmuş, uzun əsrlər boyu Azərbaycan xalqı bu ərazilərdə yaşamışdır. Şübhəsiz ki, Azərbaycan xalqının və dövlətinin haqq işi, milli qürur savaşı olan Vətən müharibəsi həm də ədalət uğrunda yürüş idi.

Vətən müharibəsində qazanılmış şanlı Zəfər həm də Ədalətin Zəfəri, Ədalətin Təntənəsi idi. Şuşadakı tarixi çıxışlarından birində Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi “həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır”.

Bu ideya ətrafında birləşən Xalq – Prezident birliyi 44 günlük müharibədə misligörünməmiş bir Zəfərin əsas güc mənbəyi olmuşdur. Azərbaycanın hər bir vətəndaşı, “vətəninin daşı” olmağa hər an hazır olan övladları alov dilli ox olaraq düşmənin ac gözlərinə və mənfur ürəyinə sancılmışdır. Vətəndaşlıq mövqeyindən şəhidlik zirvəsinə ucalan, sağlamlığını, gələcək həyatını düşünmədən fəda edən oğullarımızın Ədalət uğrunda Zəfəri Azərbaycan yeni tarixinin qəhrəmanlıq salnaməsinə, milli təfəkkürün sütunlarından birinə çevrilmişdir.

Zəfərin Ədaləti

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz şərəf işini layiqincə yerinə yetirən dövlətimiz post-münaqişə dövründə də tarix yazmağa davam edir. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpasını, yenidən qurulmasını, bu torpaqlara həyatın qaytarılmasını başlıca vəzifə kimi müəyyən etmişdir. Bu ali missiyaya verilən önəmin ən bariz göstəricisi ölkə başçısının ərazilərə etdiyi səfərlərin intensivliyi, görülən işlərə ayrılan diqqətidir. Məhz bu səbəbdəndir ki, münaqişənin başa çatmasından 2 ildən də az müddətin keçməsinə baxmayaraq, ən müasir standartlara uyğun olaraq sıfırdan inşa edilmiş Ağalı kəndinə Zəngilan rayonunun sakinlərinin bir qisminin köçü artıq baş tutmuşdur. Füzuli rayonunda inşa edilmiş Beynəlxalq Hava Limanı isə tikinti sürətinə görə rekord göstəricilərə malikdir.

Post-münaqişə dövründə Azərbaycan dövlətinin müəyyən etdiyi strateji fəaliyyət istiqamətlərini daha aydın görmək üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə nəzər salmaq kifayətdir. Sənəddə öz əksini beş əsas Milli Prioritetdən biri məhz “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”dir. Bu məramın yerinə yetirilməsi də təbii ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış və ondan irəli gələn işlərlə bilavasitə bağlıdır.


İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinqteqrasiyası, köçürüləcək əhali üçün ən rahat, layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində sürətli işlər bütün istiqamətlərdə davam etdirilir. Qısa müddət ərzində ərazidə yüzlərlə kilometr avtomobil yolu artıq istifadəyə verilmiş, Horadizdən Ağbənd istiqamətində dəmir yolu xətti çəkilir, eyni zamanda dağıdılmış yaşayış məntəqələrinin bərpası və yenilərinin tikintisi istiqamətində misli görünməmiş işlər həyata keçirilir. Torpaqlarımız minalardan təmizlənir, yollar çəkilir, körpülər salınır, tunellər qurulur, elektrik, su, qaz təchizatı bərpa olunur, şəhər və kəndlərimizin baş planları, müasir layihələr hazırlanır.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın ərazisinin 20%-nə yaxın hissəsini əhatə edən bu miqyasda işlər müstəsna olaraq Azərbaycanın öz daxili imkanları – həm maliyyə, həm də inzibati resursları hesabına həyata keçirilir. Bu, müasir dünyada post-münaqişə dövründə istənilən güclü dövlət üçün ciddi çağırış hesab oluna bilər, lakin Azərbaycan dövləti öz başlıca məramını öz vətəndaşlarının ən qısa zamanda dədə-baba torpaqlara qayıdışı olaraq müəyyən etmiş və bu istiqamətdə fasiləsiz işlərin öhdəsindən inamla gəlməkdədir.

Təbii ki, geniş miqyaslı quruculuq və sosial siyasətin səmərəliliyi və əhatəliliyi üçün möhkəm iqtisadi təməl və hüquqi bazanın olması mühüm şərtdir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman Ümummilli Lider bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ-hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi. Heydər Əliyev dövlətin sosial sahədə vəzifəsini bunda görürdü: "Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik". Artıq bu gün ölkənin hər bir vətəndaşı Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu missiyanın tam və hərtərəfli yerinə yetirilməsi istiqamətində görülən real işlərin şahididir.

Bütün görülən işlər, Azərbaycan dövlətinin və xalqının öz torpaqlarına olan münasibəti mahiyyətcə ədalətin yeni carçısına, Azərbaycanın haqlı mövqeyinin formaca yeni təzahürünə çevrilmişdir. Ədalətin Zəfəri nə dərəcədə əhəmiyyətli idisə, Zəfərin gətirdiyi Ədalət də bir o qədər alidir.

Güc, əzm, cəsarət, mətanət və milli ruh hesabına tarixi ədaləti bərpa edən Azərbaycanın Böyük Zəfəri 30 il ərzində görülən fasiləsiz işlərin, əyilməz iradənin və haqq işinə olan sarsılmaz inamın məntiqi nəticəsidir. Bu tarixi Qələbə və ona aparan yol Azərbaycanın gələcək inkişafına silinməz hərflərlə yazılacaqdır.

Adil Ağalarov
AzVision.az



Teqlər: Zəfər  





Xəbər lenti