Ukraynada son durum: Krımdan Donetskə hücum, ölənlər var - VIDEO

Ukraynada son durum: Krımdan Donetskə hücum, ölənlər var - VIDEO
  03 May 2014    Oxunub:2456
Ukraynada vəziyyət gərgin olaraq qalır, ölkənin cənub-şərq vilayətlərində separatçılara qarşı əməliyyatlar davam etdirilir.
Rusiyameyilli separatçıların əsas qərargahı olan Donetsk vilayətinin Slavyansk şəhərində döyüşlər davam etdirilir. Separatçılar mülki vətəndaşlardan sipər kimi istifadə edirlər. Şəhərə daxil olan hökumət qüvvələri ilə Rusiya kəşfiyyatına bağlı olduğu deyilən təxribatçı qruplar arasında lokal toqquşmaların arası kəsilməyib.

Ukrayna Müdafiə Nazirliyinin Slavyanskda aparılan əməliyyatlarla bağlı verdiyi açıqlamada isə bildirilib ki, artıq separatçılar danışıqlara hazır olduqlarını deyiblər. Şəhərdə silahlı diversiya qrupları isə geri çəkilirlər.

Ukrayna daxili işlər naziri Arsen Avakov bu gün səhər saatlarında ölkənin şərqindəki vəziyyətlə bağlı özünün “Facebook” səhifəsində açıqlama verib. A. Avakov bildirib ki, anti-terror əməliyyatı bu gün sübh saatlarında Donetsk vilayətinin separatçıların nəzarətində olan Kramatorsk şəhərində davam etdirilib: “Gecə saatlarında separatçıların şəhər telestudiyasını ələ keçirmək cəhdi dəf edilib. Əməliyyat fəal şəkildə davam etdiriləcək”.

Qeyd edək ki, Ukrayna əsgərləri Kramatorska mayın 3-ü gecə hücum ediblər. Əməliyyatlar zamanı onlarla silahsız dinc sakin ölüb.

Hazırda Ukrayna milli qvardiyasının əsgərləri növbəti hücuma hazırlaşırlar. Onlar Xarkov-Rastov yolu üzərində yenidən qruplaşma aparırlar.

Bu arada Ukrayna mediasında sosial şəbəkələrə istinadən Krımdakı silahlı rus millətçilərinin video-görüntüsü yayılıb. Videoda Ukrayna cənub-şərqindəki rusiyameyilli hərəkata dəstək fikirləri səsləndirilib və qeyd olunub ki, Krımda formalaşdırılan 2 tabor adıçəkilən bölgədəki həmfikirlərinə köməyə gəlir.




Səbinə


Teqlər:  





Xəbər lenti