İran ilə danışıqlar nəticəsiz qaldı

İran ilə danışıqlar nəticəsiz qaldı
  07 Aprel 2013    Oxunub:1153
Bu dəfəki görüşlərdə bəzi təfərrüatlarla bağlı dərin müzakirələr aparılıb
İranın nüvə proqramı ilə əlaqədər Qazaxıstanın Almatı şəhərində keçirilən danışıqların növbəti mərhələsi də uğursuz olub. Yeni formatlı görüşlərlə bağlı açıqlama verən Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton bildirib ki, görüşdə tərəflərin mövqeyi qətiyyən üst-üstə düşməyib. Onun sözlərinə görə, bu dəfəki görüşlərdə bəzi təfərrüatlarla bağlı dərin müzakirələr aparılsa da, məsələnin həlli yolunda ümumi razılıq əldə etmək mümkün olmayıb.

“"Altılıq" ölkələrinin yeni formatlı mövqeyi İranın mövqeyi ilə uyğun gəlmir. Son iki gündə rəsmilərlə intensiv dialoqlar apardıq. İndiyə qədər bu qədər təfərrüatlara varmamışdıq. Bu istiqamətdə səylərimiz davam edəcək. İrana qarşı istənilən sanksiya məsələnin həllində rəsmi Tehrana qarşı siyasi təzyiq məqsədi güdür. Tərəflər arasında məmnunedici qərarlar qəbul olunana qədər əlimizdən gələni etməyə davam edəcəyik”,- deyə Avropa Birliyinin ali komissarı Ketrin Eşton bildirib.

İranın nüvə danışıqları üzrə sözçüsü Səid Cəlili isə çıxışı zamanı görüşlərin uğurlu olması üçün tərəflər arasında qarşılıqlı razılığın şərt olduğunu qeyd edib: “İran İslam Respublikası dəfələrlə uranın zənginləşdirilməsi ilə bağlı görüşlərində İran xalqının belə bir hüquqa malik olması ilə bağlı öz mövqeyini açıq bəyan edib. Tərəflər arasında etibarlılıq qarşılıqlı şəkildə bərpa olunmalıdır. İran öz etibarlılığını sübut etmək üçün çox saylı addımlar atıb. İndi isə onlar İranın etibarını qazanmaq üçün addımlar atmalıdırlar”.

Qeyd edək ki, görüşlər zamanı "altılıq" ölkələri İranın qarşılıqlı güzəştlər və İrana qarşı tədbiq olunan sanksiyaların aradan qaldırılması təkliflərinə razılıq verməyiblər.


Teqlər:





Xəbər lenti