"Ermənistan Zəngəzur dəhlizinin reallaşmasını müxtəlif bəhanələrlə uzadır"

 "Ermənistan Zəngəzur dəhlizinin reallaşmasını müxtəlif bəhanələrlə uzadır"
  07 İyun 2022    Oxunub:1720
"Bölgədə kommunikasiya əlaqəsi baxımından ən məhdud ölkə Ermənistandır. Buna görə də Zəngəzur dəhlizinin reallaşması digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir".
AzVision.az xəbər verir ki, bunu “Anadolu”ya müsahibəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov söyləyib. Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur deyən nazir bildirib ki, Ermənistan müxtəlif bəhanələrlə məsələni uzatmağa davam edir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistanın işğalına son qoyduğunu xatırladan nazir bundan qısa müddət sonra ölkəmizin keçmişdə baş verən hadisələri bir kənara qoyaraq Ermənistanı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin əldə olunması üçün lazımi addımlar atmağa çağırdığını deyib.

Təxminən bir ilə yaxındır ki, Ermənistandan bu çağırışa cavab gəlmədiyini bildirən Ceyhun Bayramov qeyd edib ki, buna baxmayaraq, Azərbaycan bu ilin əvvəlində iki ölkə arasında mümkün sülh sazişinin əsas prinsiplərini yazılı şəkildə İrəvan administrasiyasına çatdırıb.

Azərbaycanın bu addımının beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və təşəbbüslərin sürətləndiyini deyən nazir xatırladıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında son iki ayda iki dəfə görüş baş tutub.

Bildirilib ki, Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişində yer alacaq məsələlər müzakirə olunub. Bundan əlavə, iki ölkə arasında nəqliyyatın açılması, sərhədlərin müəyyənləşdirilməsi komissiyalarının fəaliyyətə başlanması kimi məsələlər ətrafında da fikir mübadilələri aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti