Azərbaycan “yaşıl energetika”ya doğru böyük addım atdı – Şərh

   Azərbaycan “yaşıl energetika”ya doğru böyük addım atdı –    Şərh
  14 Yanvar 2022    Oxunub:981
Son illərdə qlobal iqlim çağırışları, dünyanın aparıcı ölkələrinin “yaşıl enerji” və “yaşıl iqtisadiyyat” sahəsində iddialı öhdəlikləri və strategiyaları enerji sektoruna mühüm təsir göstərib. Azərbaycanın “yaşıl enerji” siyasəti ilə bağlı aydın baxışı, məqsəd və vəzifələri var.
Ölkə “yaşıl” enerjiyə keçid istiqamətində nəhəng addım atdı: Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyuldu.

Elektrik stansiyasının tikintisi təxminən 18 ay çəkəcək. Stansiya Xızı və Abşeron rayonlarında yerləşəcək. İstismara verilməsindən sonra stansiyanın ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu o deməkdir ki, 300 minə yaxın ev elektrik enerjisi ilə təmin olunacaq. Layihəyə 300 milyon dollar xarici investisiya cəlb edəcək. Bu obyektin istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu, atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov “Trend”ə bildirib ki, bərpa olunan enerji istehsalının artması, şübhəsiz ki, qazın və ola bilsin, elektrik enerjisinin ixracını artıracaq, bu da ölkə büdcəsinə əlavə gəlir gətirəcək.
- Qaz və elektrik enerjisinin ixracından əldə edilən əlavə gəlirlər bərpa olunan elektrik enerjisinin daha da inkişafına xidmət edə və beləliklə, onun inkişafının davamlılığını təmin edə bilər,- o bildirib.

İ.Əhmədov qeyd edib ki, son illər Azərbaycanda qaz hasilatı və ixracı səviyyəsinin sürətli artımı fonunda ölkə daxilində qaz istehlakının səviyyəsi də stabil olaraq artır. "Təbii qaz dünyada, eləcə də ölkəmizdə elektrik enerjisinin ən mühüm mənbələrindən biridir. Bundan əlavə, biz təbii qazdan bilavasitə məişətdə və evlərin isidilməsində digər ölkələrə nisbətən daha çox istifadə edirik. Ölkədə təsərrüfatların 96 faizindən çoxunun qazlaşdırılması fonunda bu gün elektrik enerjisi istehsalında qazın mərhələli şəkildə daha dayanıqlı mənbələrlə əvəzlənməsi məqsədəuyğundur", - deyə İ.Əhmədov qeyd edib.

Azərbaycan “təmiz” enerjiyə keçidlə bağlı çağırışları və məqsədləri, “təmiz enerji” texnologiyalarını, hidrogen istehsalını və bərpa olunan enerjinin mövqeyini gücləndirmək səylərini dəstəkləyir. Bu sahələr Azərbaycanın sosial-iqtisadi inkişafının milli prioritetlərinin mühüm tərkib hissələridir.

Paris Sazişi və bu yaxınlarda başa çatmış COP26 konfransı çərçivəsində Azərbaycan bu məqsədlərə sadiqliyini bir daha bəyan etdi. Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq niyyətindədir. Şübhəsiz ki, "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisi də bu istiqamətdə atılan növbəti addımdır.



Teqlər: Yaşıl-energetika  





Xəbər lenti