"Qarabağdakı quruculuq fonunda sosial islahatlar kölgədə qalmadı"- Ekspert
Azərbaycan yeni sosial islahatlar mərhələsinə qədəm qoyur. Bu yeni döcr-2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Məsələni AzVision.az –a şərh edən iqtisadçı Emil Qəribli deyib ki, dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında olan mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Nəinki minimum əməkhaqqı, təhsil işçilərinin əməkhaqqının artırılması da diqqət çəkən amildir. Məlum sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır.
Ekspert dünyada cərəyan edən ağır iqtisadi proseslər fonunda Azərbaycan liderinin sosial paketlərə önəm verməsini də diqqət çəkən amil kimi qiymətləndirib.
- Cənab Prezidentin son sərəncamlarına görə minimal əmək haqqı 300 manata çatdırıldı, təhsil işçilərinin maaşı isə ən azı 20 faizə qədər artdı. Bir çox qurumlarda çalışanların əmək haqlarında, müavinət və təqaüdlərdə də xeyli dəyişikliklər oldu. Əksər sosial ödənişlərdə dəyişikliklərə gedildi. Bu proqram təxminən 2 milyondan çox əhalini əhatə edəcək. Onu da qeyd edim ki, belə sosial islahatlar davamlı xarakter daşıyır. Dünya iqtisadiyyatını təhlil etsək görərik ki, son dövrlər pandemiya yaratdığı ciddi problemlər, müəyyən çağırışlar meydana çıxıb. Əsas problemlərdən biri də məhz qlobal inflyasiyanın formalaşması, inkişaf edərək artmasıdır. Bildiyiniz kimi son vaxtlar “loqdaun” adlanan sərt tədbirlər nəticəsində müəyyən fəaliyyətlərdə ciddi məhdudiyyətlər yarandı. Bu səbəbdən də dünya iqtisadiyyatında məcmu təklif azaldı. Digər tərəfdən bir çox ölkələr büdcələrindən maliyyə resursları ayıraraq əhaliyə kütləvi yardımlar göstərdi. Bu isə öz növbəsində pul kütləsinin artımına gətirib çıxardı. Belə şəraitdə məcmu tələb də artı.
Artıq müşahidə edirik ki, bu, dünya iqtisadiyyatında müəyyən fəsadlar yaradıb. Dünya iqtisadiyyatının xüsusiyyətlərinə, bugünkü çağırışlarına baxsaq görərik ki, hazırda rəqəmsallaşma prosesi gedir, beynəlxalq aləmdə rəqabət artıb. Bütün bunları ona görə xatırladıb yada saldım ki, belə bir qarışıq və çətin şəraitdə Azərbaycan Prezidentinin sosial islahatlarda məhz təhsil işçilərinə də xüsusi yer ayırması təsadüfi deyil. Bu gediş bizim hər mənada inkişafımıza xidmət edəcək.
Ekspert deyir ki, sosial islahatlar investorlaın da diqqətindən yayınmayacaq. Çünki invsetorlar üçün ideal ölkə məhz öz vətəndaşına dəyərə verən, tez-tez sosial paketləri reallaşdıranlar sayılır.
- İstər investorlar, istər reytinq şirkətləri bu gün prosesləri təhlil edərkən görəcəklər ki, Azərbaycan həm pandemiyanın ən sərt dönəmində, həm də son dövrlərdə ciddi iqtisadi irəliləyişlər əldə etdi. Əzəli və tarixi torpaqlarını azad edən Azərbaycan hökuməti hazırda həmin ərazilərdə geniş miqyasda quruculuq işləri aparır. Hətta bu dağıdılmış, viran edilmiş kənd və şəhərlərin, yolların digər infrastrukturun bərpası üçün müvafiq maliyyə resursları ayrılır. Yəni bütün bunlara rəğmən sosial paketlər heç də kölgədə qalmadı. Bir məqamı da qeyd edim ki, Qarabağın bərpası prosesləri iqtisadi inkişafa xidmət etdiyi kimi həm də sosial xarakter daşıyır. Məlum bərpa işlərində məşğulluq artır, digər iri şəhərlərdə yaranan sıxlıq da aradan qalxır.
Bütün bu həyata keçirilən genişmiqyaslı tədbirlər, iqtisadi konsepsiya bir tərəfdən həm sosial rifahı artırır, digər tərəfdən bu paketlər iqtisadi, innovasiyalı inkişafa xidmət edir. Bu mənada düşünürəm ki, elm və təhsil işçilərinin sosial durumun yaxşılaşdırılması sıradan bir hadisə sayılmamalıdır. Dəyişən dünyamızda elm-təhsil işçilərinə olan ödənişlərin artırılması innovasiyalı inkişafa xidmət edəcək. Biz təhsil sahəsinə göstərilən bu cür diqqət və qayğının töhvəsini yaxın gələcəkdə görəcəyik. Bir sözlə, dövlətin məlum sosial layihələrinin davamlı xarakter daşıması alqışlanmalıdır. Əgər investorlar bir ölkədə sosial layihələrə diqqətin ayrılmamasını görürlərsə, onlar da həmin bölgəyə yatırım etməkdə maraqlı olmurlar. Hər hansı bir investor gələcəkdə Azərbaycana investisiya yatırmaq istəsə, aşkar görəcək ki, hökumət mütəmadi olaraq və xarici amillərdən asılı olmadan düzgün iqtisadi siyasət qurur, lazımi resurslar tapıb onu iqtisadi inkişafa və sosial rifaha yönəldə bilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: İnvestor Sosial Təhsil İqtisadiyyat