"Yeni sosial paket elm və təhsilin inkişafına töhfə verəcək"- Deputat

"Yeni sosial paket elm və təhsilin inkişafına töhfə verəcək"-   Deputat
  22 Dekabr 2021    Oxunub:1087
Azərbaycan yeni sosial islahatlar mərhələsinə qədəm qoyur. Bu yeni dövr dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır.
Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə olaraq 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar isə 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Məsələni AzVision.az -a şərh edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov islahatlara daxil olan minimum aylıq əmək haqqının artırılması ilə yanaşı, təhsil işçilərinin əməkhaqlarının çoxaldılmasını da mühüm amil kimi qiymətləndirib:
- Minimum əmək haqqının qaldırılması mühüm iqtisadi hadisə idi. Prezidentin dekabrın 17-də imzaladığı iki yeni Sərəncam isə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğının növbəti təzahürü oldu. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları isə orta hesabla 40 faiz artırılır. Doktorantlar, magistrantların əhalinin digər həsas qrupu olan əlillərin və digər ayrı-ayrı sahələrdə çalışan vətəndaşların maaşlarında da artım olacaq.

Deputat gələn il işğaldan azad edilən ərazilərdə böyük quruculuq, abadlıq işlərinin aparılmasının planlaşdırıldığını xatırladaraq deyib ki, belə bir dövrdə sosial islahatlara da geniş yer verilməsi təqdir olunası haldır: "Ümumilikdə Azərbaycanda bu cür iqtisadi proseslərin uğurla aparılması üçün böyük vəsait tələb olunur. Ancaq əhalinin hazırkı durumu, sosial vəziyyəti həssas təbəqəyə diqqət və qayğının təzahürü olaraq cənab Prezident bu mühüm sərəncamları imzaladı. Ümumiyyətlə bu gün dünyanın əksər ölkələrində ciddi problemləri müşahidə edirik. Amma Azərbaycanda bunun tam əksini görürük. İqtisadiyyatın inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Bu, cənab Prezidentin vətəndaşların həssas qrupuna, elm sahəsinə, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinə diqqətinin növbəti təzahürü və göstəricisi idi. Bu gün cənab Prezident işlərinin çoxluğuna, gərgin qrafikə baxmayaraq, insanlarımızın rifah halını diqqətdən kənarda saxlamır. Onların sosial durumlarının yaxşılaşdırılması üçün zəruri tədbirlər görərək mühüm addımlar atır. Bu, insanlarımızın rifah halının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, elm-təhsilin inkişafına öz ciddi töhfəsini verəcək.

Tural Tağıyev
AzVision.az


Teqlər: Deputat   Sərəncam   Maaş  





Xəbər lenti