Overçuk: “Rusiyadakı biznesmenlər Azərbaycanda işləməkdə maraqlıdırlar”
AzVision.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu ilin 10 ayı ərzində Rusiya Federasiyası Azərbaycandan 700 milyon dollar dəyərində məhsul idxal edib: “Bu, ciddi rəqəmdir. Bu il artıq Bakıda Rusiya şirkətlərinin bir sıra işgüzar görüşləri keçirilib. Azərbaycanda Rusiyanın “Kamaz” və “QAZ” kimi şirkətləri var. Dəmir yollarının modernləşdirilməsi, yüksək texnologiyalı müəssisələrin yaradılması, bərpa olunan enerji, logistika sahələrində əməkdaşlığın daha da inkişafı üçün yaxşı perspektivlər var”, - Overçuk əlavə edib.
Overçuk əlavə edib ki, son bir ildə Cənubi Qafqaz regionunda formalaşmış yeni vəziyyət şimalla cənubu, qərblə şərqi logistik cəhətdən əlaqələndirmək üçün tamamilə unikal imkanlar açır: “Bütün Avrasiya qitəsi bundan faydalana bilər. Biz bu gün bunun üzərində fəal işləyirik”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Rusiya Azərbaycan