“Araz Vadisi İqtisadi Zonası” ölkə iqtisadiyyatına nə verəcək?
İqtisadçı qeyd edib ki, dünya təcrübəsində yeni iqtisadi artım mənbələrinin yaradılmasında və daha intensiv şəkildə investisiyaların cəlb olunmasında azad iqtisadi zonaların xüsusi yeri vardır: “Hazırda dünya iqtisadiyyatının önündə gedən ABŞ və Çində bu tip iqtisadi zonalardan uzun illərdir ki, məhsuldar olaraq istifadə olunur. Maraqlıdır ki, ABŞ iqtisadiyyatı ən yüksək səviyyədə liberallaşsa da, azad iqtisadi zonalardan bu gün də imtina edilmir. Prezident İlham Əliyev azad iqtisadi zonaların Azərbaycanın iqtisadi sisteminə daxil edilməsi və inkişafının intensivləşdirilməsi üçün davamlı səylər göstərir. 2021-ci il iyul ayının 1-də dövlət başçısının iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasiminin keçirilməsi ölkəmizdə azad iqtisadi zonalar insitutunun inkişafının sürətləndirilməsinə güclü təkan verməkdədir. Nəticədə Ələt Azad İqtisadi Zonası bu proseslərdə bir pioner rolunu oynayacaq və ölkəmizin digər ərazilərində, ilk növbədə işğaldan azad olunmuş torpaqlarda iqtisadi zonalarından səmərəli istifadə edilməsinə ciddi əsaslar yaradacaqdır”.
Ekspert xatırladıb ki, işğaldan azad olunmuş ərazilərin innovativ inkişafına əhəmiyyətli töhfələr vermək potensialına malik olan yeni azad iqtisadi zona Cəbrayıl rayonunda yaradılmaqdadır. 2021-ci ildə oktyabr ayının 5-də dövlət başçısının iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda təməli qoyulan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı regionun innovativ inkişafında müstəsna rola malik olacaq. Yüksək texnologiyaların və rəqəmsal mexanizmlərin, 4.0 sənaye inqilabı meyarlarının əsasında inkişaf etdiriləcək bu sənaye parkının mühüm fəaliyyət istiqamətləri kənd təsərrüfatı məhsullarının emal olunması və rəqabətqabiliyyətli sənaye məhsulların istehsalı ilə bağlı olacaq, eyni zamanda çoxfunksiyalı logistika-ticarət mərkəzi yaradılacaq. “Əminliklə demək olar ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyətə başlaması nəticəsində yaxın perspektivdə işğaldan azad olunmuş ərazilərin innovativ inkişafına ciddi töhfələr veriləcək”,- o vurğulayıb.
Teqlər: İqtisadi-zona