Dərin dövlətin məzəsi - Murad Köhnəqalanın yazısı

   Dərin dövlətin məzəsi -    Murad Köhnəqalanın yazısı
  25 Noyabr 2021    Oxunub:4366
Son dövrlər Amerikada seçilən prezidentlər oradakı dərin dövlətin eksperimenti təsiri bağışlayır. Orada prezidenti bir dəfə demokratlardan təyin edəndə, növbəti dəfə də respublikaçılardan düzəldirlər. Çox uzaq tarixlə işim yoxdur, məsələn, ata-bala Buşlar növbə ilə prezident kürsüsünə qalxanda, adama elə gəlir, dərin dövlətdəkilər bu cür qərara gəliblər: “Gəlin, bu formanı da sınaqdan keçirək, görək, ata-bala olanda nətəər olur”.
Barak Obamanı isə gətirəndə belə deyiblər: “Gəlin, indi də qaralardan birini oturdaq prezident kürsüsünə, qoy, dünya desin ki, Amerika doğrudan da demokratiyanın beşiyidi”. Beləcə, Obamanı da bir xeyli fırlatdılar. Sonra dedilər, bu dəfə bir maraqlısını tapaq ee, tupoy da olsa olar, onsuz da dövləti özümüz idarə eləyirik, ancaq bir şərtlə: pullu olsun! Kim var orada, kimi seçək, kimi-kimi? Tarrap! Trampın üstündə dayandılar.
Dərin dövlətin adamlarından biri soruşub ki, ayə, Tramp hansıdı, o başında alabaxta yuvası gəzdirənimi deyirsiniz? Xeyli gülüşdükdən sonra, deyiblər, həə, ee, həə! Özü də oturuşunu-duruşunu bilmir, durduğu yerdə oynaqlayır, puluna güvənib ona-buna barmaq eləyir, canımçün. O birisi də deyib, əla tapıntıdı, mən onu çox görmüşəm, saçı lap məzəlidi, onu hakimiyətə gətirsək, bütün dünya bizə balet eləyəcək.

Deyilənə görə, zəng eləyib bu xəbəri Trampa çatdıranda yazıq kişi özünü itirib və ağzını trubkaya dirərəyək: “Ala, məiynən məzələnirsən? Sənöl, uşaqlara deyərəm səni tapıb, beş dəyqiyə məhv eliyəllər!”- qışqırıb.

Nə isə, Trampı prezident eləyib bir xeyli də onuynan məzələndilər. Bütün prezidentliyi boyu yazığı inandıra bilmirdilər ki, sən Amerikanın prezidentisən. Yazıq kişi həmişə deyirmiş, özümü çimdikləməkdən bədənim gömgöy olmuşdu, hər dəfə tədbirə gedəndə elə bilirdim yuxu görürəm.
Nə isə, Trampla da xeyli məzələnəndən sonra deyiblər, bunu ikinci dönəm seçməyək, çünki növbədə çoxlu məzəli kadrlarımız var.

...Deyilən görə Co Baydenin seçildiyi günün səhərisi dərin dövlətdəkilərdən biri səhər-səhər işə gələndə qapının ağzında dayanaraq, məzəli səsiylə qışqırıb: “Bəh-bəh-bəh! Ayağa qalxın, aəə, Bayden gəlir!” O birisi də məzə ilə əlavə eləyib: “Ayə, elə qışqırma, kişi trapdan yıxılar!” Digəri də qalın linzalı eynəyini svarşiklər kimi alnına qaldıraraq belə deyib: “Ona Tramp qarğış eləyib, görərsiniz, kişi əvəl-axır trapdan yıxılacaq!” Bir başqası da qayıdıb ki, aəə, canımçün, bizim bu Co sklerozdu, batmışıq ee! Di gəl, hər gün onun yadına sal ki, sən prezidentsən. O birisi də qayıdıb ki, sən narahat olma, artıq Bayden yoldaşa Xatırlatma Müşaviri təyin olunub, yəni adam daim prezidentin böyründə olacaq və beş dəyqədən bir belə deyəcək: “Sən prezidentsən-sən prezidentsən, a gülüm, sən-sən-sən! Ha-ha-ha-ha-ha! Öldüm gülməkdən!” Bax, beləcə, dərin dövlətin məzhəkəsi davam eləyir.

Zarafat-zarafat, xəbərlərdə deyilir ki, ABŞ prezidenti Co Bayden kolonoskopiyadan (yoğun bağırsağın müayinəsi) keçdikdən sonra yenidən vəzifəsinə qayıdıb. Narkozaltı müayinə zamanı öz səlahiyyətlərini, cibindəki pullarını və metro kartını vitse-prezidenti Kamala Harrisə veribmiş.
Tibbi müayinə Vaşinqton yaxınlığındakı Uolter Rid hərbi xəstəxanasında keçirilib. ABŞ prezidentinin həkimi Kevin O'Konnorun dediyi kimi, kolonoskopiya zamanı Baydendən bağırsaqdakı polip çıxarılıb. Yəni, artıq şeyləri kişidən kəsib götürüblər. Histoloji müayinə isə gələn həftə tamamlanacaq. O, polipin çətinlik çəkmədən çıxarıldığını vurğulayıb. Həkim Baydenin heç vaxt bağırsaq xərçəngi olmadığını da qeyd edib. Yəni, kişi saz vəziyyətdədi, istifadəyə yararlıdı.

Müayinədən sonra Bayden jurnalistlərə açıqlama verərkən prosedur zamanı hər şeyin gözəl olduğunu deyib. Amerika lideri həmçinin qeyd edib ki, o, "əla formadadır" və özünü "əla" hiss edir.

Onu da deyək ki, Amerika tarixində anesteziya altında aparılan tibbi prosedurlarla əlaqədar səlahiyyətlərin müvəqqəti ötürülməsi proseduru keçmişdə də tətbiq edilmişdi. Belə ki, ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan və 43-cü prezidenti Corc Buş narkozaltı müayinəyə gedərkən hər iki halda onların vəzifəsini vitse-prezident Dik Çeyni icra etmişdi. Yəni, Baydenə deyiblər ki, sən narahat olma, bizdə əvvəllər də belə şeylər olub. Ona görə təsdiq edilmiş prosedura uyğun olaraq, qoca Bayden səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezidentə verməyə razılaşıb. CNN-in qeyd etdiyi kimi, Harris 85 dəqiqə dövlət başçısı vəzifəsində çalışıb. Beləliklə, o, həm ABŞ-ın vitse-prezidenti vəzifəsini tutan, həm də ölkə tarixində prezident vəzifələrini icra edən ilk qadın oldu.

Mən qorxuram, bu Kamala Harris də 85 dəqiqəlik prezidentlik müddəti haqda yaxşı bir roman yaza və verə amerikalıların əlinə. Bestseller olar ee, həqiqətən!

Gəlin, burda biraz ciddi olaq! Çünki, prezidentin növbəti müayinə və müalicələrindən danışan həkim Kevin O'Konnorun sözlərindən belə çıxır ki, Co Baydenin indiki sağlamlıq durumundan çox da arxayınlaşmaq olmaz. O deyib ki, Bayden "tez-tez güclü boğaz ağrısı hiss edir və öskürür". Bu barədə “The New York Times” yazıb. Həkim Amerika liderinin yerişinin daha da gərginləşdiyini də qeyd edib. Həkimin dediyinə görə, bu problemlər onurğanın degenerativ artriti və spondilozla bağlı ola bilər. Prezident atrial fibrilasiya, hiperlipidemiya (qanda yüksək yağ), qastroezofagial reflü, mövsümi allergiya və ayaqların kiçik sensor neyropatiyasından müalicə alır.
Adamda elə gəlir, kişi ölkəni idarə eləməyə yox, özünü müalicə elətdirməyə gəlib. Nə isə, özləri bilər.

Bütün bunlara baxmayaraq, dövlət başçısının şəxsi həkimi Baydenin vəziyyətinin ona prezidentlik vəzifələrini yerinə yetirməyə imkan verdiyini vurğulayıb. Eyni zamanda, “Politico” qəzeti və “Morning Consult” şirkətinin araşdırmasının nəticələri göstərir ki, amerikalıların 40 faizi Baydenin yaxşı fiziki sağlamlığına şübhə etmir, sorğuda iştirak edənlərin 48 faizi isə Baydenin psixi sağlamlıq problemlərinin olduğuna inanır.

Bu qocanın psixi durumunun xarab olmasına sübut kimi bir fakt deyim. Deməli, ABŞ Prezidenti Baydenin dekabrın 9-10-a planlaşdırdığı virtual Demokratiya Sammitinə bir-iki həftə qalıb. İşə bax ki, Cənubi Qafqaz ölkələrindən Ermənistan və Gürcüstan həmin sammitə dəvətli olsalar da, Azərbaycan dəvət olunmayıb. Baydenin bizə və Türkiyəyə qarşı qərəzinə sübut üçün iki məsələni xatırladacam.
Bir: Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanın ərazilərini zəbt edib, minlərlə yerli sakini qətlə yetirib, əhalini öz yurdundan qovub, rayonlarımızı xaraba qoyub. Erməni hara, demokratiya hara?
İki: ABŞ-ın öz proyekti, demokratiya carçısı adlandırdığı Saakaşvili bu gün də siyasi dustaq kimi Tiflis türməsində saxlanılır. Bu halda hazırkı Gürcüstan rəhbərliyi hara, demokratiya hara?

Nə deyəsən?

Açığı, qoca Baydenin psixi durumundan halı olduqdan sonra düşündüm ki, ondan inciməyə dəyməz. Ruslar onun haqda belə deyirlər: “Bayden sərxoş Yeltsinə bənzəyir, sadəcə, içmir”.

Murad Köhnəqala
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Felyeton   Bayden  





Xəbər lenti