"Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan ediləcək" - Nazir

   "Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan ediləcək" -    Nazir
  13 Noyabr 2021    Oxunub:1928
“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2023-cü ildə doğma Şuşamızda keçiriləcək. Şuşa, eyni zamanda türk dünyasının 2023-cü il mədəniyyət paytaxtı elan ediləcək. Bununla bağlı qarşıda gələn il qərar qəbul ediləcək. Lakin biz bunu gözləmədən artıq 2023-cü ildə “Korkut Ata” film festivalına ev sahibliyi etməyimizə dair təklifimizi verdik və bu təsdiq olundu".
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov İstanbulda media nümayəndələrinə açıqlamasında deyib. O bildirib ki, 2023-cü ildə türkdilli dövlətlərin nümayəndələrini Şuşada qarşılayacağıq:

“Türkiyə Respublikasının təşəbbüsü ilə türk dünyasının “Korkut Ata” film festivalı keçirilir. Burada bütün türkdilli dövlətlərin nümayəndələri, nazirlər, eyni zamanda kino sahəsində çalışan insanlar da iştirak edirlər. Burada bütün türkdilli dövlətlərin nazirləri olaraq çox vacib birgə bir bəyannamə imzaladıq. Bəyannamədə bu festivalın davamlı, mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, 2022-ci ildə festival Türkiyənin Bursa şəhərində keçiriləcək. Çünki Bursa türk dünyasının mədəniyyət paytaxtı seçilib”.

Nazir eyni zamanda Türkdilli dövlətlərin mədəniyyət nazirləri tərəfindən imzalanan birgə bəyannamə haqqında məlumat verib. O qeyd edib ki, sənəddə çox önəmli türk filmləri üzrə birgə fondun yaradılması məsələsi nəzərdə tutulur:

"Birgə kino çəkilişləri məsələsi var və təlim-tədris, bu sahədə çalışan insanların birgə təcrübə mübadiləsi aparılması və öyrənilməsi məsələləri də bəyannamədə əks olunub. Ümumiyyətlə qeyd etmək istərdim ki, bu təşəbbüs çox önəmlidir. Çünki bizim ortaq tariximiz, mədəniyyətimiz, dəyərlərimiz var. Biz bu dəyərləri nəinki türk dünyasında, eyni zamanda beynəlxalq səviyyədə tanıtmalıyıq. Bunun da ən effektiv və gözəl vasitəsi kino, seriallardır. Bu səbəbdən hesab edirik ki, bu festival və imzalanan bəyannamə bu sahə üzrə türk respublikalarının əməkdaşlıqlarına gözəl bir təkan verəcək. Bu bir başlanğıcdır və davam etdiriləcəyinə əminəm”.

AzVision.az


Teqlər: Şuşa   Festival   Film  





Xəbər lenti