Azərbaycan - Lüksemburq oyunu qonaqların qələbəsi ilə başa çatdı - YENİLƏNİB
Bakı Olimpiya Stadionunda start götürən görüşün birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb. Fasilədən sonra daha üstün oyun göstərən qonaqlar matçın 67-ci dəqiqəsində hesabı açıb. Jerson Rodriqes fərqlənib. Oyunun 78-cı dəqiqəsində Lüksemburq millisi hesab arasındakı fərqi artırıb. Sebastyan Til adını tabloya yazdırıb. Qarşılaşmanın 83-cü dəqiqəsində millimiz qollardan birinin əvəzini çıxıb. Azər Salahlı fərqi azaldıb.
Oyunun 90+1-ci dəqiqəsində Lüksemburq yenidən fərqlənib. Jerson Rodriqes özünün ikinci komandasının üçüncü qoluna imza atıb.
Qalan dəqiqələrdə hər iki komandanın fərqlənmək şansı olsa da, hesab dəyişilməyib.
Bu nəticədən sonra xal ehtiyatını 9-a çatdıran Lüksemburq millisi turnir cədvəlində üçüncü yerə yüksəlib. Azərbaycan seçməsi isə bir xalla sonuncu - beşinci yerdə qərarlaşıb
***
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Lüksemburq qarşılaşmasının birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.
AzVision.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda start götürən görüşdə hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişməyib.
Matçın 21-ci dəqiqəsində millimizin müdafiəçisi Tellur Mütəllimov kobud oyununa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
***
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan yığması Lüksemburq komandası ilə qarşılaşır.
AzVision.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayan oyunu Avstriyadan olan hakimlər briqadası idarə edir.
Bir qədər əvvəl komandaların start heyətləri açıqlanıb.
Azərbaycan millisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Tellur Mütəllimov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıblar.
Lüksemburq komandasının start heyətinə isə Ralf Şon, Maksim Şano, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, İvandro Borges, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto və Loran Yans daxil edilib.
AzVision.az
Teqlər: Futbol