Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start veriləcək

Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start veriləcək
  23 Oktyabr 2021    Oxunub :299
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start veriləcək.
AzVision.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma gerçəkləşəcək.

Açılış matçında "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gələcəklər. Hazırda paytaxt klubu bir xalla sonuncu, "gənclik şəhəri" təmsilçisi isə 8 xalla 5-cidir. İki gün öncə Ramin Quliyevi istefaya göndərən meydan sahibləri bu görüşə baş məşqçisiz çıxacaqlar.

Komandalar indiyədək ölkə çempionatında 12 dəfə qarşılaşıblar. Bu oyunların 4-də "Sabah", 6-da "Sumqayıt" qələbə qazanıb. İki qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də qonaqların xeyrinədir - 17:12. İki kollektiv arasında son üç matçın hərəsində iki qol vurulub. “Sabah”ın bütün ev oyunlarında hər iki komanda fərqlənib və meydan sahibləri qalib gəlməyib.
Günün növbəti oyunu "Bakcell Arena"da gerçəkləşəcək. On dörd xalla 2-ci pillədə qərarlaşan "Neftçi" özündən iki xal az toplayan və 4-cü sırada yer alan "Zirə"ni qəbul edəcək. "Ağ-qaralar"ın heyətində Xorxe Korrea zədə səbəbindən meydana çıxa bilməyəcək. "Qartallar"da isə Filipe Paxtman və Georgi Stoilov analoji səbəbə görə oynamayacaq.

Bunadək Premyer Liqada 23 dəfə qarşılaşmış komandaların duelində "Zirə"nin aşkar üstünlüyü var. Qonaqlar 11, meydan sahibləri 6 dəfə qələbəni bayram ediblər. Altı görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti isə bərabərdir - 24:24. “Neftçi” son iki oyunda qalib gəlib. “Zirə” isə son üç səfər görüşündə qol vurmayıb.

AzVision.az

Teqlər: Futbol  







Xəbər lenti