Opera ulduzları "Aida" nın tamaşasında iştirak edəcəklər

Opera ulduzları "Aida" nın tamaşasında iştirak edəcəklər
  20 Oktyabr 2021    Oxunub:1571
Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcək. Uzun illərdən bəri Teatrın repertuarında olan bu tamaşa opera həvəskarları tərəfindən çox sevilir və onun hər bir nümayişi geniş tamaşaçı auditoriyası toplayır.
Bu dəfəki tamaşa Azərbaycan milli operası ulduzlarının iştirakı ilə baş tutacaq. Tamaşada əsas mərkəzi partiyanı - Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Radames rolunda Azərbaycanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, İtaliyanın La-Skala akademiyasının solisti Azər Rza-Zadə çıxış edəcək. Azərbaycanın Xalq artisti Fidan Hacıyeva tamaşada Amneris partiyasını ifa edəcək. Daha bir əsas partiyanı Amonasro partiyasını ifa etmək üçün Azərbaycanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Almaniyanın Manheym Milli Operasının solisti Əvəz Abdullayev dəvət olunub.

Adı çəkilən ulduzlardan başqa opera tamaşasında həm də Xalq artisti, Vokalçıların Bülbül adına I beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı Əli Əsgərov (Misir şahı), Əməkdar artist İnarə Babayeva (Kahin qadın) və vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Mariinski adına Opera və Balet Teatrının solisti Məhərrəm Hüseynov (Ramfis) də iştirak edəcək.

Tamaşanı respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti