Şeytanla Mollanın dostluğu - TƏHLİL

 Şeytanla Mollanın dostluğu -  TƏHLİL
  06 Oktyabr 2021    Oxunub:2935
Şərqdə məşhur bir deyim var: “Dostunu göstər, kim olduğunu deyim”. Bu, dövlətlər üçün də keçərlidir. Necə ki, İran bu gen dünyada özünə Ermənistanı dost seçməkdən başqa heç nə düşünüb-daşına bilməyib. Özü də bütün əməllərində bu dostluğun ilk növbədə müsəlman qonşusu Azərbaycana qarşı yönəldiyini açıq-aşkar sərgiləyir.
"İslam dünyasının lideri" roluna iddialı olan İran onunla ümumi dini, tarixi-mədəni köklərə malik Azərbaycanı deyil, müsəlmanlara qarşı soyqırım törədən Ermənistanı dost seçir. Bu seçim əsasında da din qardaşalrına divan tutan, İslam abidələrini təhqirə məruz qoyan Ermənistana hərtərəfli yardımlar göstərir.

1992-ci il mayın 9-da Azərbaycanın mədəni-mənəvi incisi olan Şuşanın ermənilər tərəfindən işğalını xatırlatmaq yetərlidir. Onda İran guya münaqişə bölgəsində atəşkəs rejiminin yaradılması və mübahisəli məsələlərin dinc yolla həlli yönündə danışıqlar aparılması üçün Azərbaycan və Ermənistan rəhbərlərinin Tehranda görüşünü təşkil etmişdi. İranın məkrli planını səmimi təşəbbüs kimi qəbul edən Azərbaycan rəhbərliyi Ermənistan prezidenti ilə Tehranda danışıqlar apardığı vaxtda erməni silahlı qüvvələri xarici havadarlarının fəal iştirakı ilə yenilməz qala Şuşa şəhərini və onun ətrafındakı onlarla kəndlərimizi işğal etdilər.

Əgər Tehranın bu təklifi həqiqətən də səmimi təşəbbüs idisə, onda İran rəhbərliyi Ermənistanın onun vasitəçilik missiyasını və siyasi nüfuzunu belə alçaltamasının cavabında Azərbaycana hərtərəfli iqtisadi-siyasi və hərbi dəstək göstərməli, hər vəchlə ən azı Şuşanın azad edilməsinə nail olmalı idi. Amma əvəzində biz İranın müstəsna bir canfəşanlıqla təcavüzkar Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə hərtərəfli dəstəyinin şahidi olduq.

Azərbaycan ərazilərinin işğalına cavab olaraq, təcavüzkar Ermənistanın blokadaya alınması barədə Bakı və Ankaranın verdiyi qərardan sonra isə Tehranın İrəvana dostluq və qardaşlıq sevgisi lap kəllə-çarxa çıxdı. Azərbaycanın işğal altındakı ərazilərindən keçməklə İrandan həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçı rejimə min tonlarla müxtəlif səpkili yardım daşıyan iri həcmli yük maşınlarının ardı-arası kəsilmədi.

Hələ ötən əsrin 90-cı illərində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan məhz İranın dəstəyi sayəsində həmin vaxt Ermənistanın iflasdan yaxa qurtardığını vurğulayaraq, rəsmi Tehrana öz minnətdarlığını bildirmişdi. Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da məhz İranın o vaxt da, elə indinin özündə də Ermənistan üçün xilaskar rolunu oynadığını diqqətə çatdıraraq, Tehrana növbəti dəfə təşəkkür ünvanlayıb ki, bu da teokratik rejimin ürəyinə yağ kimi yayılıb. Bəs necə, dostdurlar axı!


Azərbaycan əraziləri işğal altında qalan müddətdə İran yalnız Ermənistana hərtərəfli yardımlar göndərməklə, təcavüzkar ölkə ilə qarşılıqlı sıx iqtisadi əlaqələr və birgə layihələrlə kifayətlənməyib. Həmin ərazilərdəki evlərin daşlarının belə sökülüb aparılmasında iranlı işbazlar əvəzsiz rol oynayıblar. İranlı iş adamları isə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimlə ticarəti qazanc fürsəti kimi əldən vermiridilər.

Bununla kifayətlənəməyən İran İrəvanda və Şuşada bəzi məscidləri bərpa edir, Azərbaycan dini abidələrini özününküləşdirməyə və həm də Ermənistanın dini abidələrə qarşı etnosid siyasəti aparmadığını sübuta yetirməyə çalışırdı. Təsadüfi deyil ki, erməni tərəfi bu müstəvidə Azərbaycanın haqlı irdalarına cavab olaraq, İranın İrəvanda və Şuşada gördüyü “alicənab işlər”ini misal göstərib.

Bəli, bu həmin vaxtlar idi ki, Azərbaycanın ərazilərini işğal etdiyinə görə, P akistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etmişdilər. Əksər müsəlman ölkələri isə Azərbaycanı dəstəklədiyi halda islam dünyasında yalnız İran ifrat ermənipərəst siyasət yürütməklə bərabər, öz naqis hərəkətlərini nümayəşkəranə şəkildə sərgiləyirdi. Halbuki, sözdə rəsmi Tehran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edirdi.

İran sözü ilə əməlinin diametral şəkildə bir-birinə zidd olduğunu Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başlayandan sonra və postmünaqişə dövründə tam çılpaqlığı ilə ortaya qoydu. Müharibə ərzində İrandan Ermənistana hərbi yüklər, silah-sursat, yanacaq və digər təyinatlı mallar daşıyan iri həcmli yük maşınlarının görüntüləri mütəmadi şəkildə sosial şəbəkələrdə yerləşdirilirdi. Ermənistan işğalçıları ərazilərimizdən qovulnadan sonra İranı narahat edən yeganə məsələ təcavüzkar ölkə ilə qanunsuz nəqliyyat əlaqəsinin kəsilməsi idi. Hətta müharibədən sonra belə İrandan Qarabağa qaçaqmalçılıq yolu ilə yanacağın daşınması ilə bağlı Azərbaycanın haqlı iradlarına etinasız yanaşan Tehran işğalçı Ermənistanla münasibətləri hər şeydən üstün tuduğunu sərgilədi.

Bu kontekstdə İran tərəfinin təxribatçı hərəkətləri, İran rəsmilərinin erməni həmkarları ilə qarşılıqlı səfərləri, ikitərəfli əlaqələrin inikişafı istiqamətində atılan addımlar və nəzərdə tutulan layihələr, rəsmi şəxslərin bir-birinin ünvanına söylədikləri “bəh-bəhlər” şübhəyə heç bir yer qoymur. Təsadüfi deyil ki, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zöhuri bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə dost və qardaş Ermənistanla münasibətlərin inkişafı naminə Tehranın ən yüksək səviyyədə səylərini gücləndirəcəyini bildirib. Söhbət əsnasında iki ölkənin “Meğri” azad iqitisadi zona çərçivəsində və “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin yaradılmasında əməkdaşlığı davam etdirməyə hazır olduqları bildirilib.

Yeri gəlmişkən, beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu hissəsi ilə bağlı Tehranın destruktiv mövqe tutduğu sirr deyil. Dəhlizin kiçik bir hissəsi - “Qəzvin-Rəşt” dəmir yolu Tehranın siyasəti üzündən 10 ilə inşa edilib. “Rəşt-Astara” xəttinin tikintisinə gəldikdə isə, Tehran vəsaitin çatışmazlığından gileylənib. Amma Ermənistanla bağlı nəqliyyat və enerji layihələrinin reallaşmasına Tehran miyardlarla dollar xərcləməyə hazır olduğunu deyir. Bununla belə, mehriban qonşuluq siyasətinə sadiq qalan Azərbaycan “Rəşt-Astara” dəmir yolunun inşası üçün İrana 500 milyon həcmində kredit ayırsa da, qarşı tərəf işlərin yekunlaşdırmağa tələsmir. Halbuki, “Şimal-Cənub” dəhlizinin Xəzərin o tayında Türkmənistan və Qazaxıstandan keçən hissəsi bir ildən çoxdur ki, istismara verilib. Çünki oradakı işlərə Ermənistanla İranın dostluq və qardaşlıq sevgisi əngəl törətmir.


Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Tehrana səfəri çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündə qarşılıqlı sevginin indən sonra da inkişaf etdirilməsi müstəvisində səsləndirilən “əhd-peyman” İranın təcavüzkar ölkəyə qardaşlıq məhəbbətinin növbəti sübutudur. Təsadüfi deyil ki, tərəflər bölgəyə təhdid yaradan addımlara qarşı birgə mübarizə aparmaq əzmində olduqlarını açıqlayıblar. Amma sual olunur: təhdidin müəllifləri kimdir? Sağlam məntiq deyir ki, elə Ermənistanla İran. Neçə illər idi ki, bu təhdidi birbaşa həyata keçirmiş Ermənistan Azərbaycandan yediyi dəmir yumruq sayəsində bu məsələdə oyundan kənar vəziyyətə salınıb. Ən azı yaxın perspektivdə.

Yəqin belə reallıqdan məyus olan İran regionda təhdid yaratmaq missiyasını öz üzərinə götürmək qərarına gəlib. İranın Azərbaycan sərhədində keçirdiyi son hərbi təlimlərlə əzələ nümayiş etdirməsi belə düşünməyə əsas verir. Çünki daim müsəlman həmrəyliyindən spekulyativ məqsədlərlə istifadə edən İran son 30 ildə hərbi təlimlər keçirmədiyi halda, nədənsə Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra bu sevdaya düşüb. Halbuki, bizim ərazilərimizi uzun müddət işğal altında saxlayan Ermənistana Tehran bir dəfə də olsun gözün üstə qaşın var demədi. Əksinə, Azərbaycanın bu əraziləri azad etməsini hər vəchlə əngəlləməyə çalışdıı. Maraqlı deyilmi?

Amma “adamın öz əməli öz başında çatlayar” deyiblər. Belə ki, İranın “hərbi təlimlər” adlı bu əndrəbadi şousu ilk növbədə elə özünün biabırçılığı ilə nəticələndi. Dünya mediasında və sosial şəbəkələrdə İranın öz texnikasını vurub sıradan çıxaraması, İran helikopterinin İranın öz əsgərlərini qətlə yetirməsi barədə yayımlanan görüntülər məhz bunun sübutudur. Əslində daim ifrat anti-azərbaycan və anti-türk mövqeyi ilə seçilən Ərdəbil şəhərinin imamı Seyid Həsən Amili kimi odioz şəxsin fətvası ilə belə avantüralara gedən ölkənin aqibəti başqa cür də ola bilməzdi. Yəni ağası gülüm olanın, başına külüm olar.

Bununla da bir daha sübit olunur ki, Azərbaycana əzələ nümayiş etdirmək cəhdlərinin heç bir nəticəsi olmayacaq. Çünki heç bir ölkənin daxili siyasətinə qarışmayan Azərbaycan, özünün də daxili işlərinə qarışmağa heç vaxt imkan verməyəcək.
Sadalanan məqamlar kontekstində bütün xalqların və dövrlərin satiriklərindən sayılan rəhmətlik M.Ə.Sabirin hələ 110-115 il əvvəl yazdığı müdrik sözləri yada salmaq çox yerinə düşür.
Nədir, aya, yenə üsyanları iranlıların?
Başladı cünbüşə tuğyanları iranlıların?
Nəqzi-əhd eylədi əyanları iranlıların
Dərhəqiqət pis imiş qanları iranlıların!
Bundan əvvəl bu gözəl ölkədə canlar var idi,
Yaxşı-yaxşı qocalar, adlı cavanlar var idi.
Şahı haqq zilli bilən sevgili xanlar var idi,
İndi Yepremlər olub xanları iranlıların
Dərhəqiqət pis imiş qanları iranlıların...

Sabir əminin sözünə qüvvət, nədən Yeprem xan adlandırılan erməni Yeprem Davtyan 1909-1912-ci illərdə müvəqqəti İran hökuməti silahlı qüvvələrinin baş komandanı olur və İranın xalq qəhrəmanına çevrilir? Tehrandakı erməni orta məktəbinin həyətində dəfn edilir və onun adını daşıyan həmin məktəbin qarşısında da büstü qoyulur? Fars tarixçiləri isə onu “Şərqin Dantonu” adlandırırlar?
İranın Maku vilayətinə iddiaları olam ertməniləri Tehranın belə əzizləməsinin arxasında görəsən hansı məntiq dayanır???

Sahil İsgəndərov, politoloq.
Azvision.az


Teqlər: İran   Ermənistan  





Xəbər lenti