Zorakılığın qorxaqlığı - Nadir Qocabəylinin yazısı

      Zorakılığın qorxaqlığı    - Nadir Qocabəylinin yazısı
  13 İyul 2021    Oxunub:4772
Nadir Qocabəyli
AzVision.az

Uzun illər əvvəl AXC üzvü olarkən rayonda bir cəbhəçi yoldaşla açıq havada oturub, çay içirdik. Çayxana səkinin kənarında olduğundan, yanımızdan adamlar keçirdi... Birdən bir xanım da keçib getdi. Geyimi rayon dəbinə nisbətən bir qədər açıq-saçıq idi.
Məndən haradasa 10 yaş böyük olan cəbhəçi yoldaş arxadan qadının ayaqlarına həsrət və şəhvətlə uzun-uzadı baxıb, siqaretinə dərin qullab vurdu və dedi:
- Bu nədəəə... Səni evindən çıxardanın atasına lənət...

Başa düşdüm ki, bu adam cəbhəçi olmasaydı, yəni özünü milli-demokrat, nə bilim, milli-mənəvi dəyərlərə sadiq, islam dininə sayğılı hesab etməsəydi, tamamilə başqa sözlər deyərdi. Əslində bu cür yarıçılpaq qadınların olduğu mühitdə özünü çox yaxşı hiss edər və baxmaqdan doymazdı. Hətta “Nə gözəl qadındır, nə gözəl qızdır” tipində kompliment də deyərdi. Amma indiki halda əsl niyyətini bu sözlərlə gizlətməklə özünü əxlaqlı, mühafizəkar, dəyərlərə bağlı göstərmək istəyir. Hərçənd, niyyət xoş da ola bilərdi: “Fətəbərəkəllahü əhsənül-xaliqin!” deyib, bu gözəlliyi bizə bəxş edənə şükr edər, amma tez də naməhrəmə şəhvətlə baxmağın haram olduğunu xatırlayıb, baxışlarını yayındırardı.

Sosial şəbəkələrdə hər gün qarşımıza yarıçılpaq qadınların əks olunduğu, ancaq onları qınayan, məzəmmət edən, hətta lənətləyən neçə-neçə paylaşım çıxır: "Kül sənin xalq artisti başına”, “Bunun yiyəsi hara baxır?”, “Əxlaqsızlıq baş alıb gedir", “Namus-qeyrət əldən getdi” və s. Əslində, bu şəkilləri paylaşanların onlardan xoşu gəldiyi, onlara biganə qala bilmədiyi heç kəsə sirr deyil, sadəcə, o sözləri yazmaqla guya, əsl niyyətlərini gizlətməyə çalışır, bir yandan da dolayısı ilə üryanlığı (nudizmi) təbliğ edir, bundan zövq alırlar.

Məsələ burasındadır ki, bu cür davranış sərgiləyənlərə təkcə “obıvatellər” arasında deyil, ictimai, hətta yetərincə populyar şəxslər arasında da rast gəlinir. Bu günlərdə sosail şəbəkələrdə bir nəfər degenerat (buna qəti şübhəm yoxdur) video paylaşıb ki, açıq-saçıq geyinənləri elə küçədəcə tutub zorlamaq lazımdır. Adam (əgər belə demək mümkünsə) qanunların cinayət hesab etdiyi, heç də yüngül olmayan cəzaların nəzərdə tutulduğu bu əməli hormonlarla bağlı məsələ hesab edərək, özünə haqq qazandırmağa çalışır.

Ən pisi isə odur ki, bayağı kütlə arasında fars, yaxud erməni mahnısı olduğu bəlli olmayan diringilərlə məşhurlaşan biri də millətə “moral-moral” oxuyaraq, onu “qeyrət cihadına” çağırır və deyir: “Yanbızı açıqları (onun işlətdiyi sözü bir az abıra salmağa çalışdım), başıaçıqları, şalvar geyənləri, feminstləri zorlayıb, iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də. Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kəs dura bilməz...”

Açıq-saçıqlığı, üryanlığı (nudizmi) qəbul etmədiyim haqda həmişə yazmış və demişəm. Ancaq bu məsələni çox da ürəyimə salmamış, aqressiv yanaşmamışam. Mənə görə, belə məsələlərdə hər kəs azad, sərbəst olmalı, hərə öz “tirinin altına” nəzarət etməlidir. Küçədəki qadınlara baxıb, dodağını dişləyənlər, açıq geyinənləri zorlamağa çağıranlar və onları dəstəkləyənlər, yaxşı olar ki, evlərindəki qadınlar haqqında düşünsünlər. Əməllərin bumeranq effekti haqqında vird eləsinlər. Başqalarının dərdi onlara qalmayıb. Heç kəs namusunu, qeyrətini çölə atmayıb. Çölə atan varsa da, sizin fikirləriniz, niyyətləriniz heç də onları toplamaqdan xəbər vermir.

Bəzən yazırlar ki, bu cür açıq-saçıqlıq insanları, xüsuilə də kişiləri yoldan çıxarır, müxtəlif fəsadlara, əxlaqsızlıqlara, hətta cinayətlərə yol açır. Yadımdadır, sosial şəbəkədə bir sumqayıtlı taksi sürücüsünün qısa yubka geyən xanımı məhkəməyə verməyə hazırlaşdığını oxumuşdum. Çünki sürücünün dediyinə görə, gözü xanımın qəşəng budlarında qaldığı üçün maşınını yol kənarındakı dirəyə çırparaq böyük ziyana düşübmüş.

Başa düşürəm. Ancaq bir sualım var: əgər qadınların hamısı “abırlı”, hətta bəzi müsəlman ölkələrindəki kimi qapalı geyinsələr, sumqayıtlı sürücünün fikrini heç bir qadın yayındırmayacaq? O qədər də əmin deyiləm. Digər tərəfdən, məgər qapalı, örtülü geyimlərlə diqqət çəkmək mümkün deyil? Əlbəttə, mümkündür və kifayət qədər çəkən də var. İranda, Türkiyədə, elə son zamanlar Azərbaycanda da son dərəcə cəlbedici geyinən, uzaqdan “gəl-gəl” deyən örtülü xanımlara rast gəlmək mümkündür. Ötən yüzilin 90-cı illərində Ərdəbildən qonaq gələn bir soydaşımıza “sizdə qadınlar örtülü olduğundan, yəqin ki, ictimai yerlərdə onlarla bağlı problemlər də az olur” sualını verdim. Cavab verdi ki, “Baba, İ-iranda arvaddar sənin dediyün o örtülü geyimin başına nə oyunnar açeylər...”

Gəlin məsələyə bir qədər də geniş və dərin sosial-psixoloji aspektdən baxaq və bir neçə suala cavab verməyə çalışaq. Özümüz üçün aydınlaşdıraq görək, birrəngli, yeknəsəq, monoton cəmiyyət, istəyirik, yoxsa rəngarəng, çoxçalarlı, polifonik bir mühit? Gəlin etiraf edək ki, hamının lütlənməsi pis olduğu kimi, hamının bərk-bərk bürünməsi də yaxşı deyil. Bu, ən azından çözümünü axtardığımız problemdən çıxış yolu deyil. Əgər insan, xüsusilə də onun zərif cinsi bir şeyi göstərmək istəyirsə, onun formasını istənilən qadağalar mühitində hökmən tapacaq. Ən yaxşısı formaların, rənglərin, çalarların, səslərin müxtəlifliyidir. İnsana özünü ifadə etmək imkanı tanınmalı, paralel olaraq, maarifçilik aparılmalı, sağlam düşüncə, “qızıl orta”, mötədillik, dözümlülük, tolerantlıq təbliğ olunmalıdır. Adətən yasaq şeylərə maraq daha güclü olur, monoton olan hər şey də maraqsız və bezdiricidir.

İnsan niyə ictimai pressinq altında xoşu gələn şeyə qeyri-adekvat reaksiya verməli, hətta aqressivləşməlidir? Niyə cəbhəçi yoldaş xoşu gələn qadının “yiyəsini” söyməlidir? Niyə küçədə yarıçılpaq qadınları görən birinin ürəyindən onları zorlamaq keçməlidir? Niyə məşhur bayağı müğənni yaxasını cıraraq, ona qahmar çıxmalı, hətta cəmiyyətə hədə-qorxu gəlməlidir? Niyə axı? Gəlin, cavablamağa çalışaq.

Məsələnin, yüzdə-yüz siyasi tərəfləri var. İş burasındadır ölkəmizdə müəyyən maraqları olan yaxın və uzaq qonşularımız öz missionerləri vasitəsilə vaxtaşırı cürbəcür ideoloji təxribatlara, pozuculuq işlərinə əl atırlar. Bir tərəf ifrat, qaba, mürtəce mühafizəkarlığı, o biri tərəf yenə ifrat, zır, amoral liberallığı, feminizmi (oxu: qadınçılıq) təbliğ edir. Burun-buruna dayanan da elə bu ifrat uclardır. Xalq, əlbəttə, bu araqarışdıranlara böyük əhəmiyyət vermir, ancaq gözəgörünməz bir qüvvə internet, sosial şəbəkələr, bir qədər dəbdən düşsə də, hətta televizor vasitəsilə cəmiyyəti bu istiqamətdə fəallaşdırır.

Ancaq başa düşməliyik ki, ən yaxşısı hər şeydə “qızıl ortanı” seçməkdir. İnsanların əksəriyyəti, cəmiyyətin mütləq çoxluğu necə geyinməyi, abır-həyasını gözləməyi, harasını açıb, harasını örtməyi çox gözəl bilir. Onun üçün hansısa manyak-degeneratın təhdidləri ciddi təhlükə deyil. Həm cəmiyyət özü, həm hüquq-mühafizə orqanları onu anındaca zərərsizləşdirəcək, izolyasiya edəcəklər. Hansısa komplekslərdən əziyyət çəkdiyi üçün “moral-moral” oxuyanları da eləcə. Digər tərəfdən, küçədə gördüyünüz açıq-saçıq geyinənlərin heç də hamısı əxlaqsız, tərbiyəsiz, “yiyəsiz” deyil. Siz onların çoxunun heç gözünü də üfürə bilməzsinin, boş yerə özünü gücə salmayın. Sizdən fərqli olaraq, onların yiyələrinin sizi kastrasiya etmək imkanları yetərincədir. Ağıllı olmaq lazımdır!

Bu, öz yerində. Ancaq gəlin görək, məsələnin kökü nədədir? Əlbəttə, mədəni-intellektul səviyyədə, mənəvi gerilikdə, təhslimizin, təlim-tərbiyəmizin, mütaliəmizin yetərli olmamasında. Təcrübə göstərir ki, müxtəlif xarakterli natamamlıq komplekslərini adətən bu göstəriciləri aşağı olan insanlar yaşayır və sərgiləyir. Səviyyəli, savadlı, istedadlı müğənni heç vaxt zorlamaya çağırış edən sosial şəbəkə "qəhrəmanının" müdafiəsinə qalxmaz. Onun buna heç vaxtı da olmaz, çünki daim öz peşəkarlığını artırmağın qayğısına qalacaq, müasir mədəniyyətə, məşğul olduğu sənətə ayaq uydurmağa çalışacaq. Adamın bir qəpiklik sənəti yoxdur deyə, özünü belə şeylərə qapdırır. Bayağı, oğurluq, ordan-burdan çırpışdırma diringiləri ifa etmək meydanı da daralıb deyə, qeyrət keşikçiliyinə başlayıb. Ofisiantlıqdan müğənniliyə keçdiyi kimi, müğənnilikdən də mollalığa keçmək istəyir. Adama deyərlər: millətin qeyrətini çəkmək sənə qalmayıb, ailənə, arvad-uşağına yiyəlik elə, yetər. Başqaları öz problemini özü həll edər.

Ağıllı, mədəni və səviyyəli insanın düzgün qiymət vermək, seçim etmək, düzgün münasibət bildirmək keyfiyyətləri olur. Bu cür insanların, eyni zamanda özlərini səmimi ifadə etmək, xoşlamadığı şeyə baxmamaq, üzünü çevirmək, nəfsini saxlamaq problemləri də olmur. Onlar qapalılıq, paxıllıq, aşağılıq sindromundan əziyyət çəkmirlər. Gözəlliyi qiymətləndirməyi, gözəlliklə bayağılığı bir-birindən ayırmağı, açıqlığın da, qapalılığın da, orta həddin də estetikasını görməyi bacarırlar. Normal, sağlam insan açıq-saçıqlıqda gözəllik, estetika görərsə və hisslərini cilovlaya bilməzsə, onları mədəni, əxlaqlı şəkildə ifadə etməyin yolunu tapar. Kompliment deyər, gülümsəyər, tanış olmaq istəyər, nə bilim, ortaya bir mövzu atar, təmas nöqtələri qurar və s. Bayağılıq, uyğunsuzluq, əxlaqsızlıq elementləri görərsə, üzünü çevirər, görməzdən gələr. Yeri gəlsə, irad bildirə, narazılığını mədəni tərzdə ifadə edə də bilər və bu daha faydalı olar. Zorakılığa çağırışın arxasında ancaq pis, məkrli, bəd niyyətlər dayanır; istər mənəvi-psixoloji, istərsə də ictimai siyasi.

Zorakılığa çağırış həm də xoşluqla əldə etmək qabiliyyətinin, mədəniyyətinin olmaması, imkanların, ümidlərin tükənməsi, tarana getmək, başını divara vurmaqdır. Mədəni, xoşgörülü, xoşbəxt insanların bu cür problemləri olmur. Zorakılığa çağırış həm də başqalarının xoşbəxtliyini sinirə bilməmək, gözü götürməmək, paxıllığını çəkməkdir.

Zorakılıq xoşluqla, sivil yolla, insani üsullarla gerçəkləşə bilməyən arzunun, istəyin, əməlin dağıdıcı, heyvani, vəhşi formasıdır. Ona çağrış edənlər bunu belə bacarmayan, başqalarını yoldan çıxarıb, kənardan baxmaqla "orqazma çatmaq" xəyalı ilə yaşayan qorxaqlardır.

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Əxlaqi-Nadiri  





Xəbər lenti