Allahşükür Paşazadə müsəlmanlara səsləndi
A.Paşazadə vurğulayıb ki, İslam dünyada ümümi sülhün bərqərar olması baxımından əhəmiyyət kəsb edən sivilizasiyalararası dialoq və multikulturalizmə böyük önəm verir: "İslam özgə mədəniyyətlərlə səmərəli qarşılıqlı dialoq yaratmaq ənənələrinə malik bir dindir. Hər zaman olduğu kimi, bu gün də sülh, İslami birlik və İslam həmrəyliyi məsələsi olduqca vacibdir. Ümmətdaxili ixtilaflar nəticəsində İraqda, habelə Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən bəri qırğınlar davam edir ki, nəticədə müsəlman ümməti əziyyət çəkir və bu faciəli hadisələr bizi hədsiz narahat edir".
A.Paşazadə erməni təcavüzündən də danışıb: "Təmsil etdiyim Azərbaycanın müsəlmanları da erməni ekstremistlərinin təcavüzünə məruz qalmış, ölkə ərazisinin 20 faizi, əzəli torpağımız olan Qarabağ işğal olunmuş və azərbaycanlılara qarşı təcavüz, o cümlədən, Xocalı şəhərində soyqırımı törədilmişdir. Ölkəmiz təcavüzə məruz qaldığı dövrdə qardaş müsəlman ölkələri, bəzi beynəlxalq islam təşkilatları bizimlə həmrəylik nümayiş etdirmiş və haqq işimizi müdafiə etmişlər. Azərbaycan xalqı dövlətimizin ərazi bütövlüyünü tanıyan, Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində bizlərə dəstək nümayiş etdirən qardaşlarımızın səylərini təqdir edir və buna görə dərin minnətdarlığını bildirir".
A.Paşazadə qeyd edib ki, Azərbaycanın misalında bu sahədə anlaşma və birlik hökm sürür: "Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olub. Allaha çox şükürlər olsun ki, dini-mənəvi dəyərlərə diqqət və qayğı istiqamətində bu siyasət möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uca və Qadir Allahdan arzu edərdim ki, belə ənənəni, sülh və əmin-amanlığı bütün islam cəmiyyətlərində bərqərar etsin! Amin!"