Yaşlı vətəndaşların bilik və bacarıqları artırılır - FOTO

Yaşlı vətəndaşların bilik və bacarıqları artırılır -  FOTO
  29 Mart 2021    Oxunub:2033
Yaşlı vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq, dövlət və digər xidmətlərə əlçatanlılığı artırmaq məqsədilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən yaşlılar üçün rəqəmsal texnologiyalardan istifadəyə dair rəqəmsal bilik və bacarıqların artırılması üzrə fəaliyyətlərə başlanılıb.
Azvision.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində icra olunan fəaliyyətlər pensiya yaşına çatmış şəxslərin yeni texnologiyalardan istifadə və elektron xidmətlərə dair maarifləndirilməsini ehtiva edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verməklə hökumətin “fəal yaşlanma” prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə dəstək vermək məqsədini daşıyır. “Fəal yaşlanaq, həyatımıza rəng qataq” şüarı ilə icra olunan layihə çərçivəsində ASAN könüllüləri tərəfindən yaşlıların daha aktiv və faydalı zaman keçirməsinə şərait yaradılır.



Ölkəmizdə COVID-19 pandemiyasi ilə bağlı davam edən karantin rejiminə müvafiq olaraq Bakı şəhərində və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərində distant, tək nəfərlik və ya kiçik qruplar üçün “kompüterdən istifadə üzrə ilkin və digər zəruri biliklər”, “internetdə asudə vaxtın səmərəli təşkili”, “onlayn ödənişləri necə etməli”, “smartfonlar və onlardan istifadə” və rəqəmsallaşma ilə bağlı digər mövzularda təşkil olunan təlimlərdə ümumilikdə 3379 yaşlı vətəndaş iştirak edib.

BMT-nin Əhali Fondunun (UNFPA) hesablamalarına görə dünya əhalisinin ümumi pay bölgüsündə 60 yaş və yuxarı olan insanlar 12.3 faiz təşkil edir. 2050-ci ilə qədər isə bu rəqəm 22 faizə qədər yüksələcək. Yaşlanma özlüyündə inkişafın təntənəsidir: insanlar daha yaxşı qidalanma, sanitariya, səhiyyə, təhsil və iqtisadi rifah sayəsində daha uzun yaşayırlar. Həmçinin əhalinin yaşlanması özü ilə birlikdə çağırışlar da gətirir. Əhalinin sürətlə yaşlanması sosial və iqtisadi çətinliklər yaratmasına baxmayaraq, düzgün və vaxtında atılmış addımlar, eləcə də uğurlu siyasət fərdlər, ailələr və cəmiyyətlər üçün bu problemləri həll etmək və faydalarını əldə etmək imkanları yarada bilər.







Azvision.az


Teqlər: Fəal   Yaşlanma   Layihə   ASAN  





Xəbər lenti