Niderland qəzeti “Qarabağ”dan yazdı

Niderland qəzeti “Qarabağ”dan yazdı
  07 Yanvar 2021    Oxunub:3860
Qafqazın Barselonası adlandırılan “Qarabağ” futbol klubu viran qoyulmuş doğma stadionunda ev oyunu oynamağı və qarabağlıların yeni azad edilmiş şəhərdəki böyük stadiona gəlmələrini səbirsizliklə gözləyir.
Bu sözlər Niderlandın “de Volkskrant” qəzetində dərc edilmiş “Qarabağ” futbol klubunun 27 il arzuladığı yeganə uğur doğma yurdu Ağdamın azad olunması idi” adlı məqalədə yer alıb.

Məqalədə “Qarabağ”ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, buradakı “İmarət” stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq, uğurla çıxış etməsi barədə söhbət açılır.

Müəllif “Qarabağ” klubunun məşqçisi Müşfiq Hüseynovun yenidən “İmarət” stadionunda olması ilə bağlı təəssüratlarını diqqətə çatdırır. Bildirir ki, məşqçi 27 ildən sonra əvvəlkindən heç bir əsər-əlamət qalmayan stadion haqqında danışarkən qəzəbini gizlədə bilmir. O qeyd edir ki, futbolçular ermənilər tərəfindən dağıdılmış stadionu görəndə göz yaşlarını və emosiyalarını saxlaya bilmirlər.

Müşfiq Hüseynov deyir ki, 1993-cü ildən işğal altında qalmış stadionu kol-kos bürüyüb. Mərmilər stadionun oturacaqlarını tamamilə dağıdıb. “Mən Ağdamda olanda göz yaşlarımı saxlaya bilmədim. Gördüklərimdən sonra hisslərimi təsvir edə bilmirəm. Yenidən doğma torpağımda, “İmarət” stadionunda idim. Doğma şəhərimizdə ev oyunu keçirəcəyimiz hiss möhtəşəm hissdir”, - deyə o qeyd edir.

Yazıda bildirilir ki, erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən “Qarabağ” klubu ev oyunlarını ölkənin müxtəlif stadionlarında keçirib. Bu illər ərzində uğurlu kluba çevrilsə də, heyətində məşhur futbolçular oynasa da, “Qarabağ” özünü bir klub kimi tam hiss etmirdi. Nəsə çatışmırdı və çatışmayan amil onların doğma yurdlarında olmamaları, ev oyununu öz evlərində keçirə bilməmələri idi.

Jurnalist yazır ki, bu böyük stadionun yerində indi xarabalıq, dağıntılar qalıb. Ümumiyyətlə, bu şəhərdə dağıntılardan başqa heç nə yoxdur.

Münaqişənin tarixindən bəhs edilən məqalədə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində Ağdam şəhəri də daxil olmaqla Azərbaycan ərazisinin bir hissəsi işğal olunub. Həmin vaxt “Qarabağ” səfər oyununda olub. Müşfiq Hüseynov və komanda yoldaşları birdən-birə doğma şəhərlərinin başqa ölkə tərəfindən işğal olunduğunu eşidiblər. Onun komanda yoldaşları ailə üzvlərini itirdiklərini və dostları da daxil olmaqla on minlərlə azarkeşin doğma evlərini tərk etməli olduqlarını eşidiblər.

Diqqətə çatdırılır ki, komandanın məşqçisi Qurban Qurbanov 27 ildir ki, klubu futbol maykalarında adı yazılan Ağdam şəhərində deyil, Bakının stadionlarında məşq etdirir.

Məqalədə “Qarabağ”ın keçmiş məşqçisi, Milli Qəhrəman Allahverdi Bağırov haqqında da məlumat verilir. Həmçinin “Qarabağ”ın uğurlarından bəhs edilir, onun Azərbaycanın ən uğurlu, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandası olduğu bildirilir.

Azvision.az


Teqlər: Nəşr   Qarabağ   Klub   Ağdam  





Xəbər lenti