“İmtahana buraxılmayanlara yenidən şans verilməlidir” - Təhsil eksperti

 “İmtahana buraxılmayanlara yenidən şans verilməlidir” -  Təhsil eksperti
  09 Avqust 2020    Oxunub:5654
Dövlət İmtahan Mərkəzinin pandemiya ilə əlaqədar həyata keçirdiyi qabaqlayıcı addımlar təqdir edilməlidir. Ancaq imtahan günü qızdırması olan şagirdlərin imtahan keçirilən binalara buraxılmaması abituriyentlərə qarşı haqsızlıqdır.
Bunu Azvision.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, imtahan iştirakçılarının sağlamlığı və təhlükəsizliyi baxımından bu addımlar anlaşılan olsa da, mövcud vəziyyətdə qaydaların abituriyentlər arasında panika yaradacağı ehtimalı nəzərə alınmalıdır.

"Abituriyentlərin imtahanlara buraxılmaması və nəticələrinin ləğv edilməsinin düzgün olmadığını düşünürəm. Nəzərə alsaq ki, mart ayının 3-dən tədris prosesi dayanıb, şagirdlər ciddi karantin rejimində yaşayırlar. Onları anlamaq lazımdır. Ən azından əlavə otaq ayırmaqla bu məsələni həll etmək olar. İmtahan verəcək şəxslərə imtahan günü günəş şuaları altında çox dayanmamağı, imtahana gələrkən əlavə soyuq su gətirmələrini və imtahan binasına daxil olanda əl-üzlərini yumağı tövsiyə edirəm. İndiyə qədər keçirilən imtahanlarda 160 mindən çox şagird iştirak etsə də, 30-a yaxın şagird istilik səbəbindən imtahana buraxılmayıb. Buraxılış imtahanlarında belə mənzərənin şahidi olduq".

Təhsil eksperti bildirib ki, son günlər görülən qabaqlayıcı tədbirlər nəticəsində virusa yoluxma sayı aşağı düşüb, deməli, şagirdlər üçün təhlükə azalıb.

"İndiyə qədər keçirilən buraxılış imtahanlarında iştirak etməyənlər sonradan təkrar imtahanlarda iştirak edərək yaranmış boşluğu aradan qaldıra bilirdilər. İndi situasiya bir az fərqlidir. Buraxılış imtahanlarında 24-26 min nəfər iştirak ediri. İndi isə 19 min nəfər 2 imtahan günündə iştirak edir. Bundan başqa, eyni tipli imtahanlar növbəti həftələrdə də təşkil olunacaq. Əgər hanasısa şagird bu səbəbdən imtahandan kənarlaşdırılırsa, Dövlət İmtahan Mərkəzinə təkrar ərizə ilə müraciət edib, növbəti imtahanlarda iştirak etmək üçün ona şərait yaradılmasını tələb edə bilər. Nəzərə alsaq ki, 13-14 avqustda II və III qrup üzrə abituriyentlər imtahan verəcəklər. Digər qrup isə bir neçə həftə sonra imtahanda iştirak etmək hüququna malik olacaq".

K.Əsədovun sözlərinə görə, imtahanda qızdırma və ya digər səbəbdən iştirak etməyənlərə növbəti həftələrdə şərait yaradılmalıdır.

"Çünki cari ildə imtahanlar müxtəlif vaxtlarda müxtəlif bölgələrdə təşkil ediləcək. Bundan başqa imtahanlarda iştirak edənlərin sayının azlığını nəzərə alsaq, DiM ayrıca otaq təşkil etməklə həmin şagrdlərə şərait yarada bilər. Şagirdlərə səbrli olmağı, sanitar-epidimoloji qaydalara riayət etməyi tövsiyə edirəm. Əgər imtahana girişdə yoxlama zamanı abituriyentin istiliyi normadan üstün olarsa, o zaman bir az dincəlib, özünü sərinlədib təkrar yoxlana bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan   Koronavirus  





Xəbər lenti