Kiçik SES-lərlə bağlı yekun hesabat təqdim edildi

  07 İyul 2020    Oxunub : 2478
Kiçik SES-lərlə bağlı yekun hesabat təqdim edildi
Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair “SNC-Lavalin’s Atkins” şirkətinin yekun hesabatının onlayn formatda təqdimatı keçirilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərnerji” ASC, “SNC-Lavalin’s Atkins”, BP və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, mövcud kiçik su elektrik stansiyalarının səmərəliliyinin qiymətləndirilməsinə, beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin təkmilləşdirlməsinə, eləcə də son illərdə müşahidə olunan quraqlıq da nəzərə alınmaqla yeni su elektrik stansiyalarının tikintisinin məqsədəuyğunluğunun araşdırlmasına zərurət yaranıb.

Bu məqsədlə 2018-ci ilin 19 oktyabr tarixində Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış “Niyyət məktubu” çərçivəsində nazirlikdə aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılaraq və layihənin icrasına “SNC-Lavalin’s Atkins” şirkəti cəlb edilərək tədqiqatlar aparılıb. Layihə çərçivəsində 5 kiçik su elektrik stansiyası və yeni stansiyalar üçün seçilmiş 6 sahəyə səfərlər edilib və qiymətləndirmə aparılıb.

Məlumata əsasən, “SNC-Lavalin’s Atkins” şirkətinin nümayəndələri Rodrigo Freire De Macedo və Matt Skidmorenin təqdimatında ölkəmizdə mövcud kiçik su elektrik stansiyalarının, eləcə də seçilmiş ərazilərdə inşası planlaşdırılan stansiyaların səmərəlilik aspektindən qiymətləndirilməsi, texniki-iqtisadi göstəriciləri, dağ çaylarının potensialı və tövsiyələr diqqətə çatdırılıb.

Energetika naziri Pərviz Şahbazov iki il müddətinə həyata keçirilən bu layihənin əhəmiyyətini və layihəyə BP şirkəti, eləcə də digər qurumların dəstəyini yüksək qiymətləndirib. “Bu hesabat əsasında ölkəmizdə elektrik enerjisi istehsalı ehtiyaclarını, su potensialını və su qıtlığını nəzərə alaraq, kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyamızı işləyib hazırlaycağıq. Bu sahənin özəl sektorun cəlbi ilə inkişafı isə əsas hədəflərdən biridir”, deyə nazir əlavə edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz isə bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var. Bununla belə hökumətin enerji keçidi ilə bağlı siyasəti təqdirəlayiqdir.

Azvision.az

Teqlər: SES   Energetika