“Azərkosmos”dan yeni layihə

  10 Aprel 2020    Oxunub : 1551
“Azərkosmos”dan yeni layihə
“Azərkosmos” ASC 2020-2021-ci illər üzrə “Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” layihəsini elan edib. Layihədə iştirak ödənişsizdir.
ASC-dən Azvision.az -a verilən məlumata görə, hazırkı dövrdə koronavirus (COVID-19) pandemiyasının təsirindən irəli gələrək dünya ölkələrində istər əmək fəaliyyəti, istərsə də elmi-tədqiqat işləri onlayn rejimdə davam edir. Dünya artıq yeni inkişaf mühitində - rəqəmsallaşma istiqamətində xeyli yol qət edib. Rəqəmsallaşma dövrü elmi-tədqiqat işlərinin aparılmasında da yeni imkanlar təqdim edir və elmi işlərin onlayn formada aparılması elm adamlarına, tədqiqatçılara vaxtlarını səmərəli keçirmək fürsəti yaradıb. Bu yeni dövrün astanasında sizi zamanın çağırışlarına cavab verərək elmi-tədqiqatları onlayn mühitdə aparmağa və rəqəmsal bacarıqlarınızı inkişaf etdirməyə dəvət edirik.

Gəlin Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl edək, evdə qalaraq texnoloji həllərdən faydalanmaqla elmi-tədqiqat işlərini davam etdirək.

“Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin məqsədi “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərlə bağlı prioritet hesab edilən sahələr üzrə elmi tədqiqatla məşğul olan hüquqi şəxslərə və tədqiqatçılara texniki dəstəyin verilməsi, o cümlədən “Azersky” peykindən alınan məlumatlardan istifadə etməklə ölkə daxilində Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin faydasını təşviq etmək və inkişafına təkan verməkdir.

Layihədə iştirak etmək üçün təklifləri mayın 31-dək www.azercosmos.com saytında qeyd olunan iştirak forması ilə qeydiyyatdan keçirə bilərsiniz. Müsabiqənin iştirak şərtləri ilə ətraflı məlumatı qeyd edilən saytdan əldə edə bilərsiniz.

Azvision.az

Teqlər: Azərkosmos