“Azərbaycanın valyuta ehtiyatları tarixinin ən yüksək həddindədir” - Xalid Əhədov

 “Azərbaycanın valyuta ehtiyatları tarixinin ən yüksək həddindədir” -  Xalid Əhədov
  13 Mart 2020    Oxunub:6431
“Azərbaycanın büdcə konstruksiyası elə qurulub ki, neftin qiymətlərindəki dəyişikliklər buferlər vasitəsilə onun bizim iqtisadiyyata təsirlərinin qarşısını alır. Bu, Neft Fondunun büdcəyə transferidir. Hansı ki, planlı şəkildə büdcə proqnozlarına qoyulmuş miqdarda bərabər hissələrlə il ərzində həyata keçirilir. Neftin qiymətinin dəyişməsinin büdcəyə cüzi və dolayı təsirləri ola bilər”.
Azvision.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov AzTV-nin "Hədəf" verilişində deyib.

O bildirib ki, bu gün Azərbaycanın valyuta ehtiyatları tarixinin ən yüksək həddindədir: “Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunun birlikdə 52 milyard ABŞ dollarından çox ehtiyatı var. Ötən il idxalımızın ümumi dəyəri 13,7 milyard dollar olub. Yəni, valyuta ehtiyatlarımız azı 3 il və daha böyük müddətdə idxalı maliyyələşdirməyə imkan verir. Halbuki, dünyada bu göstərici orta hesabla 6 aydır. Göründüyü kimi, Azərbaycanın ehtiyatları kifayət qədər güclü və çoxdur".

X.Əhədovun sözlərinə görə, hazırda əhalinin əlindəki nağd vəsaitlər, şirkətlərin və fiziki şəxslərin bank hesablarındakı qalıq manatlar, yəni M2 aqreqatı təxminən 18 milyard manat təşkil edir: “Bunun 10 milyard manatlıq hissəsi heç vaxt azala bilməz, çünki iqtisadiyyatda tranzsaksiyaların baş verməsi üçün məhz bu qədər manat lazımdır. Vəsaitin qalan hissəsi isə mobildir. Yəni insanların ehtiyacından asılı olaraq qısa müddətə xarici valyutaya çevirilə bilər”.

Birinci vitse-prezidentin köməkçisi qeyd edib ki, son vaxtlar banklara manatla depozit yerləşdirmiş bəzi iqtisadi agentlər depozitlərini geri çəkirlər: “Bu zaman onlar depozit üzrə hesablanmış faizləri itirirlər. Sonra həmin pullar dollara çevrilir. Banklar dollarla kredit verə bilmədiklərinə görə, dollarla depozitlərə də yüksək faiz təklif etmirlər. Nəticədə iqtisadi subyektlərin qarşısında sual yaranır ki, pulu dollara çevirim, heç nə əldə etməyim və yaxud manatda saxlayıb faiz əldə edim. Bankirlərdən əldə etdiyim məlumatlara görə, 2-3 gün bundan qabaq manat depozitini götürənlər sonradan yenidən banklara üz tutur, xahiş edirlər ki, manatda depozitimizi bərpa edin”.

X.Əhədov hesab edir ki, çox qısa zamanda rassional davranış emossional çağırışları üstələyəcək və neft bazarında qiymətlər sabitliyə doğru gedəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Büdcə   Neft  





Xəbər lenti