Fermerlərin kart hesablarına 75 milyon manat köçürülüb

  10 Mart 2020    Oxunub : 1992
Fermerlərin kart hesablarına 75 milyon manat köçürülüb
Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərin kart hesablarına payızlıq əkinlərə görə 75 milyon manat subsidiya vəsaiti köçürüb.
Azvision.az xəbər verir ki, bu barədə AKİA sədri Mirzə Əliyev bu gün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, ötən həftədən etibarən subsidiya vəsaitlərinin fermerlərin kart hesablarına köçürülməsinə stasrt verilib. Hazırda payızlıq əkinlərə görə 180 min fermerin kart hesabına subsidiya vəsaiti köçürülüb.

Mirzə Əliyev qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474520 fermer qeydiyyatdan keçib. 361307 fermer payızlıq əkinlərini bəyan edib. Bəyan edilmiş ərazilərin ümumi sahəsi 993718 hektardır. “279553 fermerin kartı hazırdır. 102500 fermer kartını götürərək, subsidiya vəsaitindən istifadə edib. 156 391 fermerin kartı isə “Kapitalbank”ın region filiallarındadır və fermerlər bank filiallarına yaxınlaşaraq kartlarını götürə bilərlər”.

AKİA sədri bildirib ki, bu il ölkədə ilk dəfə olaraq fermerlər subsidiyanı elektron sistem üzərindən alırlar. Yeni sistemdə əsas yeniliklərdən biri təchizatçı bazarının liberallaşdırılmasıdır: “Biz fermerlər kimi təchizatçıların da EKTİS-də qeydiyyatdan keçməsinə şərait yaratmışıq. Təchizatçı şirkətlər rayonlarda fəaliyyətlərini qurmalı və fermerlərin onları tanımaları üçün təbliğat aparmalıdırlar. Biz saytımızda bu təchizatçıların siyahısını, əlaqə nömrələrini yerləşdirmişik, amma təchizatçılar logistika işlərini özləri həll etməli, fermerlə birbaşa münasibət qurmalıdır”.

“Aqrar xidmətlərin dəyərini “Fermer kartı” ilə ödəmək kənd təsərrüfatı istehsalçıları üçün yenilikdir. Bildiyiniz kimi, Qaydalara uyğun olaraq, subsidiya vəsaitinin yalnız 25%-i nağdlaşdırıla bilər. Fermerin kart balansında nağdlaşdırıla və nağdlaşdırıla bilinməyən balanslar ayrıca görünür. Gübrə almaq istəyən fermer almaq istədiyi həcmdə məhsulun qiymətinin 70%-ni kartındakı nağdlaşdırılmayan vəsaitdən ödəyə bilər. Qalan 30%-i isə özü nağd ödəməlidir. Bu ilədək gübrə satışındakı mövcud olmuş qaydalara görə dövlət gübrənin satış qiymətinin 70% həcmində məbləği təchizatçıya birbaşa ödəyirdi, fermer yalnız 30% ödəniş edir və ödədiyi nağd vəsaiti gübrənin real qiyməti hesab edirdi. İndi isə əvvəllər təchizatçıya ödənən 70% vəsait fermerin kart hesabına subsidiya kimi köçürülür və fermerlər gübrələrin satışında dövlətin güzəşt etmədiyini düşünürlər” – deyə Mirzə Əliyev bildirib.

AKİA sədri bəzən payızlıq əkinləri bəyan etməyən fermerlərdə də analoji düşüncənin formalaşdığını bildirib: “Fermerləri EKTİS-də qeydiyyatdan keçməyə, əkin bəyanı etməyə çağıranda biz məhz bu yeniliklərə görə onların bu addımı atmalarını istəyirdik. Öz əkinini sistemdə bəyan etmək istəyən fermerlərin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri qaydasında olmalıdır. Kooperativ yaradanlar, başqa şəxslərə məxsus torpaqlarda əkin aparanlar yaratdıqları qurumun hüquqi statusunu təsdiqləyən sənədləri, müqavilələri qanunvericiliyə uyğun şəkildə hazırlamalı, kooperativlər fərdin deyil, hüquqi şəxsin adına bank hesabı açdırmalıdırlar”.

Qeyd edək ki, yeni subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 759 nömrəli Fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və həmin təlimçilər fermerlərlə görüşlərdə yeni subsidiya mexanizmini fermerlərə izah ediblər.

Azvision.az

Teqlər: KTN   Nazirlik   Fermer