“Əsrin müqaviləsi” bizə nə verdi, nə verir və nələr verəcək? - TƏHLİL

   “Əsrin müqaviləsi” bizə nə verdi, nə verir və nələr verəcək? -    TƏHLİL
  20 Sentyabr 2019    Oxunub:8399
Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, düz 25 il bundan öncə, 1994-cü ilin sentyabrın 20-i tarixində Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işləniıməsi və hasil olunan neftin pay bölgüsü haqda dünyanın 11 ən iri neft şirkəti ilə bağlanılan "Əsrin müqaviləsi" sazişi, ölkəmizin iqtisadi cəhətdən də müstəqillik əldə etməsi yolunda irəliyə doğru atılan böyük bir addım, daha dəqiq desəm, lövbər və özül rolunu oynadı.
Odur ki, bu müqaviləni sırf olaraq neft üzrə strategiya kimi qələmə vermək əsla düzgün deyil. "Əsrin müqaviləsi" ilk növbədə iqtisadi müstəqilliyə çatmağımız ilə də bağlı bir bünövrə və lövbər sayılırdı. Belə ki, həmin dövrdə Azərbaycanın iqtisadiyyatı dağılmış vəziyyətdə idi, dövlət büdcəmizin gəlirləri xərclərini ödəmirdi - beynəlxalq maliyyə qurumlarının borc vəsaitlərindən asılı idik. Ölkə iqtisadiyyatı investisiyalara aşkar aclıq şəraiti keçirirdi. Belə bir şəraitdə isə diqqəti ölkəyə cəlb etmək, iqtisadiyyatı bərpa etmək, kənardan maliyyə axınlarına nail olmaq böyük şücaət tələb edirdi.

Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi” dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) ilə bağlandı. Və beləliklə də, Azərbaycanın qapıları investisiyalar üçün açıq elan edildi. İlkin hesablamalar hər üç yatağın dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatının 511 milyon ton olduğunu ehtiva etsə də, sonra bu rəqəm 1.072 milyard ton həcmində müəyyən edildi. Beləliklə də, ölkəmizin siyasi müstəqillik əldə etməsindən başqa, bununla iqtisadi cəhətdən də qeyri-asılılığının əsası qoyuldu.

Siyasi müstəqillik iqtisadi asılılıq şəraitində mümkün deyil. Bu, aksiomadır. Bu baxımdan, Azərbaycan xoşbəxt məmləkətdir ki, zəngin təbii resursları mövcuddur. Lakin bunu reallaşdırmaq gərəkirdi. Bu isə ayrıca olaraq, müvafiq iradə və şücaət tələb edirdi. Bu mənada, Heydər Əliyev şəxsiyyəti tapıntı idi. Məhz, Heydər Əliyev sayəsində bütün risklər nəzərə alınaraq sözügedən addım atılmış oldu. 1997-ci ilin sonlarında Azərbaycan nefti Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı ki, 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilərək, həmin ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına buradan yola salındı. Və məhz, 2002-ci ildə ümummilli lider Heydər Əliyevin sayəsində bütün kənar xarici qüvvələr tərəfindən qeyri-rentabelli, əfsanə və ya kağız üzərində kəmər hesab edildiyi halda, bu günki gündə əsas neft kəməri hesab edilən Bakı-Tbilisi-Ceyhanın (BTC) təməli qoyuldu.

Qeyd edim ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar bloku istifadəyə verilən gündən indiyədək ümumilikdə 492 milyon ton neft hasil edilmişdir ki, bu müddət ərzində, dəqiq desəm, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılmaqla, bu neftin satışından əldə edilən valyuta yenə bilavasitə ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) sərəncamına daxil olmaqla təqribən, 150 milyard ABŞ dolları həcmində vəsait cəlb edildi.

Bununla da, Azərbaycan iqtisadiyyatı böyüdü, kredit alan ölkədən donor ölkəyə çevrildi, həmçinin iqtisadiyyat inkişaf etdi, dövlət büdcəmizin həcmi genişləndi, xarici maliyyə qurumlarının və investorlarının ciddi maraq obyektinə çevrildik və sair... Bütün bunlar hələ davam edir. Və bu günə qədər Azərbaycan xarici bazarlara 554 milyon ton neft çıxarıb ki, AÇQ yataqlar bloku istifadəyə verilən gündən bəri isə ümumilikdə 492 milyon ton neft hasil edilib. Ümumiyyətlə, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları indiyədək ən azı 36 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş və daha 40 milyard dollar investisiyanın yatırılacağı, ölkəyə 143 milyard dollardan da çox gəlir qazandırmış layihəyə sayılır.

Qısa desəm, "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan etibarən, Azərbaycan iqtisadiyyatında dönüş yaranmaqla, böyük işlərə start verildi ki, neftin satışından əldə edilən valyuta yenə bilavasitə ARDNF-a daxil olmaqla xalqa böyük faydalar verməyə başladı. Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır. Və ölkə iqtisadiyyatına indiyədək 260 milyard ABŞ dollarına yaxın investisiya yatırılmışdır ki, bunun da təxminən yarısını xarici sərmayələr təşkil edir. Belə olub maaş və pensiyalar davamlı olaraq artdı və sosial müavinətlər ardıcıl şəkildə yüksəldi. Bu gün neftdən sadə vətəndaşlara heç nə çatmır deyənlər, 2015-2016-cı illərdə sözügedən xammalın dünya bazar satış qiymətlərinin düşməsi ilə necə böyük çətinliklərlə üzləşdiyimizin əyani şahidi oldular.

Sözüm bunda deyil. Ümumi investisiyanın təqribən 60 %-dən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib ki, 2 milyondan çox yeni iş yeri açılıb. 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsulda payı 85 %-ə, məşğulluqdakı payı isə 76 %-ə çatıb. Ölkəmizin xaricə dövlət borcu səviyyəsindən bir neçə dəfə yüksək valyuta ehtiyatları həcmi yaranıb ki, ümumiyyətlə, əldə olunan neft gəlirlər hesabına ordunun, təhsil, elm və səhiyyə müəssisələrinin yüksək səviyyədə inkişafına, sosial xidmətlərin səviyyəsinin yüksəldilməsinə, urbanizasiya və müasir şəhər infrastrukturunu inkişaf etdirməyə və bir çox sahələrdə sıçrayışa nail olmaq mümkün olub. Son 25 il ərzində ölkədə ümumi daxili məhsul istehsalı 3 dəfə artaraq, yoxsulluq səviyyəsi 10 dəfədən də çox azalıb.

İki il öncə, 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalandı və bununla da, “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənilməsi üzrə yeni dövrə başlanğıc qoyulub.

Sazişi Azərbaycanın SOCAR, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətləri imzalayıblar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənən və 2050-ci ilə qədər uzadılan sazişə görə, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirməklə, SOCAR-ın payı 11 %-dən 25 %-ə qədər artırılmış, mənfəət neftinin isə 75 %-nin ölkəmizin sərəncamında qalacağı razılaşdırılmışdır. Bununla da, Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyulub. Beləliklə də, iqtisadi müstəqilliyimiz və gücümüz bir daha güclənəcək ki, başqa sözlə desə desəm, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat yaranmaqla, yeni-yeni investisiyalar, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşması üçün növbəti imkanlar açılacaq.

Sözün qısası, bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları olduğu, təsdiq edilmiş qaz ehtiyatlarının isə 2,6 trilyon kubmetr təşkil etdiyi müəyyən edilib. Ancaq proqnozlara görə, bu rəqəm 6 trilyon kubmetr təşkil edir. Ölkəmizin daha parlaq gələcəyi hələ qabaqdadır.



Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Əsrin-Müqaviləsi   Neft  





Xəbər lenti