Rusiya ilə Türkiyə yenidən toqquşa bilərlər – TƏHLİL

   Rusiya ilə Türkiyə yenidən toqquşa bilərlər –    TƏHLİL
  21 Avqust 2019    Oxunub:12664
Son bir həftə ərzində Suriyada Bəşər Əsədin nəzarətində olan hərbi qüvvələrin fəallığı müşahidə edilirdi. Avqustun 19-da hökumət qüvvələrinin İdlibdə Türkiyənin hərbi maşın karvanına hücumu bu fəallaşmanın kuliminasiya nöqtəsi oldu.
Qeyd edək ki, İdlib Türkiyə ilə sərhəddə yerləşən, Ankaranın nəzarətində olan Suriya əyalətidir. Yayılan məlumatlara görə, Suriyanın hökumət qüvvələri Rusiya və İranın dəstəyi ilə ölkənin şimalına doğru irəliləyib və burada yerləşən strateji əhəmiyyətə malik Xan Şehyun qəsəbəsinə hücuma hazırlaşırlar.

Xan Şeyhunun strateji əhəmiyyəti onunla bağlıdır ki, bu qəsəbə Suriyanın iki ən böyük şəhəri olan Hələblə Dəməşqi bağlayan yolların qovuşduğu nöqtədə yerləşir. Eyni zamanda Xan Şeyhunun ətrafında Türkiyə Silahlı qüvvələrinin dayaq nöqtələri var və qəsəbənin Suriyanın hökumət qüvvələri tərəfindən ələ eçirilməsi Ankaranın bölgəyə faktiki nəzarəti itirməsi anlamına gəlir.

Rusiya tərəfi Suriyada hökumət qüvvələrinə dəstək göstərdiyini gizlətmir. Lakin Moskva bu dəstəyin Türkiyə ilə mübarizəyə deyil, regionda yerləşmiş terror qruplaşmalarına qarşı həyata keçirildiyini deyir. Fransada prezident Makronla görüşdən əvvəl açıqlama verən Rusiyanın dövlət başçısı Vladimir Putin qeyd edib ki, “Biz terrorçuların İdlibdə komfortlu şəraitdə yaşayacaqlarına söz verməmişdik”. Putin həmçinin vurğulayıb ki, İdlib ərazisinin 90 faizinə terrorçular nəzarət edir və buradan dünyanın müxtəlif yerlərinə terrorçular göndərilir. Onun sözlərinə görə, bu, çox təhlükəli tendensiyadır.

“Guardian” qəzeti xəbər verir ki, Türkiyə İdlib ərazisinə əlavə hərbi qüvvələr yerləşdirməyə başlayıb. Məsələ ilə bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu İdlibdə atəşkəsin təmin olunmasının vacibliyini və bunun üçün Ankaranın artıq danışıqlara başladığını qeyd edib. Çavuşoğlu Suriya rəhbərliyini də atəkəşə riayət etməyə çağırıb, əks halda Ankaranın lazımi hərbi zərbə endirməya hazır olduğunu vurğulamaqdan çəkinməyib. ABŞ Dövlət Departamentinin sözcüsü Morqan Ortaqus da, Suriya hökumətini İdlibdəki atəşkəs rejiminə riayət etməyə çağırıb.

Türkiyə mətbuatında Moskva ilə Ankaranın münasibətlərindəki mülayimlik dövrünün başa çatması barədə artıq müzakirələr başlayıb və ən bədbin proqnozlar səsləndirilir. Söhbət ondan gedir ki, keçən il, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya rəhbəri Vladimir Putin arasında Soçidə əldə olunmuş razılığa əsasən, İdlib ərazisi hərbisizləşdirilmiş zona elan edildi. Bu razılaşmanın əslində anlamı o idi ki, Türkiyə Rusiyanın digər ərazilərində hərbi əməliyyat aparmasına göz yummasının müqabilində, Rusiya İdlibin Ankaranın nəzarətində qalmasına razılaşırdı.

Həmin razılaşmadan keçən bir il ərzində Bəşər Əsədin qüvvələri İran və Rusiyanın dəstəyi ilə demək olar ki, Suriyanın İdlib istisna olmaqla, digər hissələrini nəzarətinə qaytarmağa müvəffəq oldu. Paralel olaraq bu müddətdə Suriyanın hökumət qoşunlarının nəzarətinə keçən ərazilərdən qaçan silahlı müxalifətçilər ailələri ilə birlikdə Türkiyənin nəzarətində olan İdlib əyalətində özlərinə sığınacaq tapıblar. Son məlumatlara görə, İdlibin əhalisi bir il ərzində artaraq, 2.5 milyon nəfərə çatıb.

İdlibin Ankaranın nəzarətində qalması həm Türkiyə, həm də Amerikanın başçılıq etdiyi Qərb koalisiyası üçün xüsusilə əhəmiyyət daşıyır. Birincisi, İdlib əyaləti Türkiyə iə Suriya arasında təhlükəsizlik buferi rolunu oynayır və qonşu Suriyada baş verən hərbi qarşıdurmaların ölkə daxilinə təsirindən qoruyur. Digər tərəfdən, əyalətə sığınmış 2.5 milyon suriyalı potensial miqrantdır və İdlibin Suriya rejiminin nəzarətinə keçməsi həmin şəxslərin məcburi qaydada özləri üçün daha təhlükəsiz yaşayış yeri arayaşına çıxacaqları anlamına gəlir ki, son nəticədə, seçimin Avropa ölkələrində dayanacağı şəksizdir. Məhz bu səbəbdən Avropa liderləri İdlibdə Türkiyə hərbi qüvvələrinə qarşı hücumdan xüsusi narahatlıq keçirilər və Fransa prezidenti Makronun Rusiyanın rəhbəri Putinlə görüşü zamanı bu məsələyə xüsusi önəm verməsi heç də təsadüfi deyildi. Təbii ki, Makron son iki il ərzində Avropaya mirant sayının əhəmiyyətli şəkildə aşağı düşməsinin səbəbinin məhz İdlib ərazisinin Türkiyənin nəzarətində olması ilə bağlı olduğunu anlayır.

İdlib əyalətinin əhəmiyyəti bununla bitmir. Məsələ burasındadır ki, Suriyanın iqtisadi mərkəzi olan Hələblə Aralıq dənizini bağlayan əsas nəqliyyat xətləri məhz İdlibdən keçir. Hətta, Suriyanın dənizə çıxan əsas limanları Rusiyanın nəzarətində olsa belə, İdlibin Türkiyənin nəzarətində qalması limanların Suriya üçün beynəlxalq ticarət obyektinə çevrilməsinə imkan vermir.

Belə olan təqdirdə Türkiyənin heç bir halda İdlibdə mövqeyindən geri çəkilməyəcəyini əminliklə demək olar. Əslində Çavuşoğlu da öz açıqlamasında bunu birmənalı vurğulamaqdan çəkinmədi. Qərbin də bu məsələdə Ankaranı dəstəkləyəcəyi sübhəsizdir. Ancaq digər tərəfdən, Rusiyanın öz iddiasından geri çəkiləcəyi də real görünmür. Bu, o deməkdir ki, Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı növbəti gərginlik yarana bilər. Moskvanın İdlib məsələsində Türkiyə ilə kəllə-kəlləyə gələcəyini bilə-bilə bu addımı atmasının səbəbi nədir?

(Ardını buradan oxuya bilərsiniz)

Tofiq Vahid
Azvision.az üçün



Teqlər: Türkiyə   Rusiya   İdlib   Suriya  





Xəbər lenti