“Atam ögey qızına görə məni oxumağa qoymurdu” - 18 yaşlı Orxan

   “Atam ögey qızına görə məni oxumağa qoymurdu” -    18 yaşlı Orxan
  20 Avqust 2019    Oxunub:9772
"Atamın təhsil almağıma qarşı çıxmasının səbəbi onun ikinci evliliyindən olan qızın ali məktəbə qəbul olmamasıdır".

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olan 18 yaşlı Orxan Bağrzadə deyib. O bildirib ki, 6 yaşı olanda anası rəhmətə gedib və atası ikinci dəfə ailə həyatı qurub.
“Həmin qadının qızı ali məktəbə qəbul olmadığı üçün atam prinsipə məni oxumağa qoymadı. Dedi ki, o, qəbul olmayıbsa, sən də oxumayacaqsan. Buna görə məni təhdid edirdi”.

Orxan repetitor yanına getmədiyini və özü hazırlaşaraq qəbul imtahanında 336 bal topladığını söyləyib: "Kitaba, oxumağa böyük həvəsim var. İşləməyimə və yorğun olmağıma baxmayaraq, həmişə kitab oxuyuram. Kitabxanadan kitablar götürürdüm, əvvəlki proqramların da kitablarını oxuyurdum. Dərsdən sonra ofisiant işləyirəm və bu pulla təhsil haqqını ödəyəcəyəm”.



Atası onun təhsil almasına mane olmaq üçün Orxanın attestatını gizlədib. Bu hadisədən sonra 18 yaşlı gənc evi tərk edib. Dediyinə görə, hazırda sinif yoldaşının evində qalır.

“Universitetin yataqxanasında qalmağı mənə təklif ediblər və orada qalacağam. Ailədə 4 uşağıq və bir ögey bacım var. Böyük qardaşlarımın oxumağa həvəsi olmayıb. Balaca bacım 7-ci sinifdə oxuyur. Onun oxumağına hər zaman dəstək olacağam. Bir şeyə insanın həqiqətən həvəsi varsa, bütün məhdudiyyətlərə baxmayaraq, ona nail olacaq. Bu təkcə təhsil deyil, hər sahədə belədir”.

Qeyd edək ki, Orxan Bağırzadənin atası onun attestatını gizlədərək ali məktəbdə qeydiyyatdan keçməsinə qarşı çıxıb. Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti Orxan Bağırzadəyə dəstək olublar. O, artıq qeydiyyatdan keçib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Tələbə  





Xəbər lenti